Məhkəmə qərarları › İş №2(021)-265/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-265/2021

09.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-265/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat kontoruna qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə 09 fevral 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanda, 0,0513 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı, 48 kv.m yaşayış, 70,58 kv.m yardımçı, 115,58 kv.m ümumi sahəsi olan yaşayış evi üzrə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda onunla Cavabdeh arasında 31.03.2017-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Sabir küçəsində yaşayır evi var. Oğlu olmadığı üçün evi qızı Səadətin oğlu Cavabdeh vermişdir. Buna görə Bərdə rayonunda olan regional “ASAN xidmət” mərkəzi notariat kontoruna müraciət etmiş, orada Cavabdeh Bərdə şəhərində, 0,0513 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı, 48 kv.m yaşayış, 70,58 kv.m yardımçı sahəsi, 115,58 kv.m ümumi sahəsi olan yaşayış evinin bağışlanması müqaviləsini 31.03.2017-ci ildə təsdiq etmişdir. Evini nəvəsinə bağışlayarkən fikirləşmişdir ki, nəvəsi ona oğul olacaq, oğul kimi hərəkət edəcək. Lakin cavabdeh bunu etməmişdir. Onun cavabdehə evini bağışlamasından istifadə edərək evini satmaq istəmişdir. İndi fikirləşir ki, cavabdehin fikri evi satıb onu çöldə qoymaqdır. Ona görə də bağışlama müqaviləsinin ləğv edilməsini daha məqsədə uyğun hesab edir. Onun Bərdə şəhəri, Sabir küçəsində 0,0513 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı, 48 kv.m yaşayış, 70,58 kv.m yardımçı sahəsi, 115,58 kv.m ümumi sahəsi olan yaşayış evi üzrə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda 31.03.2017-ci ildə təsdiq edilmiş bağışlama müqaviləsi Bərdə rayonunda DƏDRX-nin 7 saylı ərazi idarəsində qeydiyyatdan keçməmişdir. Həmişə evin bütün kommunal xərclərini özü ödəmişdir. Odur ki, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda Bərdə şəhəri, Sabir küçəsində yerləşən 30 saylı evini Cavabdeh bağışlaması barədə 31.03.2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mərdan Həsənzadə məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş maretiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, X11 küçəsi, döngə 1-də 0,0151 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48 kv.m yaşayış, 70,58 kv.m köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 152 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 31 mart 2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsindən müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri, X11 küçəsi döngə 1-də istifadəsində olan 0,0151 ha torpaq sahəsində 30 ünvanında yerləşən ümumi sahəsi 118,58 kv.m, yaşayış sahəsi 48 kv.m, yardımçı sahəsi 70,58 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni Cavabdeh mülkiyyətinə verir. -Hədiyyə verən İddiaçı (tam hissə, 118,58 kv.m, 2 otaq)-hədiyyə alan nəvəsi Cavabdeh -Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsusdur; ƏMDK-nin yanında DƏDRX-nin Bərdə rayon Ərazi İdarəsi tərəfindən 29.05.2007-ci il tarixdə İddiaçı verilmiş **********44-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 118,58 kv.m, 2 otaq. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 mart 2017-ci il tarixli arayış surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının vətəndaşı 01 iyul 1942-ci ildə Laçın rayon Bozlu kəndində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 01.01.2005-ci ildən 27.03.2017-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş 21 noyabr 1997ci il tarixli XX-ЖГ 440308 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh 08 avqust 197-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X5, ana qrafasında anası kimi X2 qeyd edilmişdir. İş materiallarında olan 07 fevral 1973-cü il tarixli İ-ЖГ 445778 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 02 fevral 1973-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X4, ana qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş 23 iyun 2004-cü il tarixli AZ-İ 030828 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 və X2 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Kərimova soyadı verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə şəhəri X11 küçəsi 1/30 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olmuş, sonuncu 31 mart 2017-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evini nəvəsi Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlanma müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.2.-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.3.-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi mübahisəli bağışlama müqaviləsi tərəflərin könüllü razılığı və dövlət norariat kontorunda bağlanmışdır. Müqavilə bağlandığı andan Cavabdeh həmin yaşayış evi üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 31 mart 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat kontorunda həmin tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanarkən cavabdeh üzərinə heç bir öhdəlik götürməmişdir. Bu hal onu göstərir ki, bağışlama müqaviləsi tərəflərin iradəsinə uyğun qaydada bağlanmış və müqavilə bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat kontorunda bağlanmış 31 mart 2017-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlandığından ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh və Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat kontoruna qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar