Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2700/2023 27.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh və ya “Azəriqaz” İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh “Azəriqaz” İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 172,80 (bir yüz yetmiş iki manat 80 qəpik) manat məbləğdə cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Cəyirli kəndində müvəqqəti məskunlaşmışlar. Cəyirli kəndində qaz çəkilişi fevral ayında başlamış, xx.xx.2023-cü ildə onun yaşadığı təzə məhlədəki evə qaz çəkilərək sayğac qoyulmuş, 10 gün sonra qonşuların qaz sayğaclarının işləyib- işləməməsini yoxlayarkən, sayğacının işləmədiyi görmüşdür. Bununla bağlı qaz idarəsinə müraciət edərək sayğacın işləməməsi barədə məlumat vermişdir. İdarə əməkdaşları tərəfindən sayğac yoxlanılaraq akt tərtib edərək yeni sayğacla dəyişdirmişlər. “Azəriqaz” İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə sayğaca baxış keşirilmiş, ******* saylı Akt yazılmışdır. Aktda qeyd olunmuşdur ki, hesablama mexanizminə keçən qazın həcmi qeyd edilmir, sayqac yenisi ilə əvəz olunmalıdır. Onu 172,80 manat cərimə etmişlər və həmin cəriməni qanunsuz hesab edir. Təzə məhlə olduğuna görə qaz sayğacı yeni qoyulmuş, nədənsə işləməmişdir. Bunu da özləri baxaraq müəyyən etmişlər. Buradan görünür ki, sayğac quraşdırılarkən yararsız olmuşdur. Qaz idarəsi də qanunsuz olaraq ona 172,80 manat cərimə yazmışdır. Bu səbəbdən də, hesab edir ki, sayğaca onlar tərəfindən kənar müdaxilə olmadığından qanunsuz yazılmış cərimə borcu silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh “Azəriqaz” İB heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Kəlbəcər rayonu Başlıbel kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli 1028 nömrəli arayışdan görünür ki, Mənsimov X3 rayonundan məcburi köçkün kimi Bərdə rayonu Cəyirli kəndində yaşayır. 31 mart 2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, İddiaçı Bərdə rayonu Cəyirli kəndində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. “Dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 4 x 12 x 30 = 1440 m3. Abonentin saldosundan görünür ki, Bərdə rayonu Cəyirli kəndində yaşayan İddiaçı 2023-cü ilin mart ayında 172,80 manat cərimə hesablanmışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı sayğacdan qaz keçsə də, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.9-cu maddəsinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, sayğacdan qaz keçmədiyinə, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyinə və sayğacın istismara yararsız olduğuna görə, abonent İddiaçı 172,80 manat cərimə hesablanmışdır. Lakin qeyd olunanlarda konkret olaraq İddiaçı təqsirinin olması barədə hər hansı bir sübut işə əlavə edilməmişdir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirlməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, abonent tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qə t e t d i : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 31 mart 2023-cü il tarixli ******* nömrəli Aktı əsasında İddiaçı yazılmış 172,80 (bir yüz yetmiş iki manat 80 qəpik) manat məbləğində cərimə silinsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2700/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2700/2023
27.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver