Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-272/2021 03.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı bağışlanma müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəmədə iddia qaldıraraq, cavabdeh Əzizov X15 vətəndaşı olan X12 ilə Bərdə rayon Əliyanlı kəndində yerləşən 0.26 ha torpaq sahəsi barədə regional “ASAN xidmət” mərkəzinin Notariat ofisində 09.12.2019-cu il tarixdə öz aralarında bağlanmış 4Ə 2085 saylı reyestr qeydi ilə rəsmiləşdirilmiş “Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinin” və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh Əzizov X15 vətəndaşı olan X12 ilə Bərdə rayonu Əliyanlı kəndində yerləşən 0.26 ha torpaq sahəsi barədə Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 09.12.2019-cu il tarixdə öz aralarında “Daşınmaz Əmlakın Bağışlanma müqaviləsi” imzalamışlar. Cavabdeh onların- (İddiaçı1 və İddiaçı2)- qardaşlarıdır. Bu ərizə üzrə birgə iddiaçı olan gəlinləri İddiaçı3 isə qaynıdır. Cavabdeh Əzizov Hilal oğlu digər qardaşları olan, Rusiya Federasiya vətəndaşı X12 ilə birgə barəsində bağışlanma müqaviləsi bağladıqları 0.26 ha torpaq sahəsi onların valideyinlərinin, ataları mərhum X7- vəfat tarixi: 07.03.1996-cı il və mərhum anaları X1- vəfat tarixi: 20.12.2013-cü il miras qalmışdır. Vəfat etmiş qardaşları, bu iddia üzrə birgə iddiaçı olan gəlinləri İddiaçı3 həyat yoldaşı olmuş, 19 sentyabr 2018-ci il tarixdə vəfat etmiş X13 həmin torpaq sahəsi üzərində tikilmiş ata yurdları olan evi analarının sağlığında mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirmişdir. Hal-hazırda da həmin evdə birgə iddiaçı olan gəlinləri İddiaçı3 və övladı X10 yaşayır. Notariat cavabdeh olan qardaşları və ona torpağı bağışlayan qardaşları Bayram arasında müqaviləni təsdiq edərkən nə onları, nə də digər vərəsə olan qardaşları X8 və vəfat etmiş qardaşları X5 qanun üzrə vərəsələrinə, bu ərizə üzrə birgə iddiaçı olan həyat yoldaşı İddiaçı3 dəvət etməyib. Bu ərizə üzrə cavabdeh olan qardaşları Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı olan qardaşları Bayram Əzizov ilə torpağa dair bağışlama müqaviləsini realaşdırdıqdan sonra, birgə iddiaçı olan, mərhum qardaşları Etibar Əzizovun həyat yoldaşı İddiaçı3 hal-hazırda yaşadığı mərhum qardaşları Etibarın adına olan evi öz adına DƏDRX rəsmiləşdirərək çıxarış almışdır. Çıxarışı alarkən məlum olmuşdur ki, cavabdeh valdeyinlərindən qalan 0.26 ha torpaq sahəsini öz adına keçirmişdir. Belə bir əqdin bağlanması haqqında onların xəbəri olmamışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) Vəkil İddiaçı1,İddiaçı2,İddiaçı3 iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mərdan Həsənzadə məhkəməyə məktub göndərərək İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı bağışlanma müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması tələbinə dair mülki işə baxılması ilə əlaqədar 03 fevral 2021-ci il tarixdə saat 1040-da təyin edilmiş məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə iddiaçıların nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Əliyanlı kəndində yerləşən 0,26 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 01 noyabr 2019-cu il tarixli 4Ə 2085 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi surətindən müəyyən olunur ki, hədiyyə verən-X3 rayonu, Əliyanlı kəndi ünvanında yerləşən ümumi sahəsi 0,26 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəsini hədiyyə alanın- Cavabdeh1 mülkiyyətinə verir: -hədiyyə verən-X12 (tam hissə, 0,26 ha)-qardaşı olan hədiyyə alan Cavabdeh1 bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən məxsusdur: -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 21.07.2011-ci il tarixdə X9 verilmiş **********66-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,26 ha. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə rayonu Əliyanlı kəndində yerləşən 0,26 ha torpaq sahəsi X6 mülkiyyətində olmuş, qeyd olunan torpaq sahəsinin X6 mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər idiaçılar tərəfindən mübahisələndirilməmiş, həmin sənədlər hazırda da qüvvədədir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə rayonu Əliyanlı kəndində yerləşən 0,26 ha torpaq sahəsi X6 mülkiyyətində olmuş, bu hal Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışla öz təsdiqini tapmışdır. Sonuncu mülkiyyətində olan 0,26 ha torpaq sahəsini 01 noyabr 2019cu il tarixli bağışlama müqaviləsinə əsasən qardaşı Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlanma müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.2.-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.3.-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi mübahisəli bağışlama müqaviləsi tərəflərin könüllü razılığı və dövlət norariat kontorunda bağlanmışdır. Müqavilə bağlandığı andan Cavabdeh1 həmin 0.26 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, Bərdə rayonu Əliyanlı kəndində yerləşən 0,26 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətində olduğundan və həmin əmlak iddiaçıların valideyinlərindən miras qalmış əmlak olmadığından, həmçinin X12 xüsusi mülkiyyətində olan 0,26 ha torpaq sahəsini qardaşı Cavabdeh1 qanunvericiliyin tələblərinə uyğun olaraq bağışladığından, bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlandığından, habelə bağışlama müqaviləsinin hüququnu təşkil edən hüquqverici sənədlər qüvvədə olduğundan və bu sənədlər mübahisələndirilmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat ofisində bağlanmış 01 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilmədiyindən onun doğurduğu hüquqi nəticələr də etibarsız hesab edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı bağışlanma müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-272/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-272/2021
03.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver