Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2767/2024 25.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı Meşədi oğlunun iştirakı ilə, İddiaçı Meşədi oğlunun Cavabdehnə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə 25 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Meşədi oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon Filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 518.4 manat cərimə məbləğinin və qaz sayğacı üçün tələb olunan 87.08 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Meşədi oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Yevlax rayonu A.Aşağıbucaq kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Bərdə rayon Türkmən kəndində yaşayır. Mavi qazdan istifadə edirlər, istifadə olunmuş qazın pulun vaxtında ödəyirlər. Cavabdeh İB-nin Bərdə rayon filialının əməkdaşları xx.xx.2024-cü ildə sayğaca baxış keçirilmiş və ******* saylı akt yazılmışdır. Aktda qeyd edilir ki, hesablama mexanizinin fiziki təsir nəticəsində əzik-üzük izləri aşkar olundu sayğac istismara yararsızdır. Sayğac yenisi ilə əvəz olunmalıdır. Sayğacın dəyəri dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. Sayğacın dəyəri və dəymiş ziyan 518.4 manat abonent tərəfindən ödənilməlidir. Onuda bildirir ki, qaz sayğacına heç bir müdaxilə etməmişlər və kim tərəfindən sayğaca müdaxilə edilib bilmirlər. Hazırki iş üzrə Cavabdeh İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının əməkdaşları tərəfindən qanunsuz hesablanmış 518.4 manat cərimə məbləği silinməli və qaz sayğacı üçün köçürülmüş 87.08 manatın qaz sərfiyatına hesablanmalı və bu barədə məhkəmə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı Meşədi oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Meşədi oğlu XX.XX.1944-cü ildə Laçın rayonu Daşbulaq kəndində anadan olmuşdur, Yevlax rayonu, AşağıBucaq kəndində qeydiyyatdadır. Yevlax Şəhər İcra Hakimiyyəti AşağıBucaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-9-4/2-150/2024 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Heydərov X1 rayonu, AşağıBucaq kəndində qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ******* nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı Meşədi oğlunun Bərdə rayonu Türkmən kəndində yerləşən yaşayış evində quraşdırılmış, qaz sayğacına ümumi baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədədə plastmas zavod plomdan 1 ədədi aşkar olunmadı. Sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, Bərdə rayonu Türkmən kəndində yaşayan İddiaçı Meşədi oğluna 2024-cü ilin aprel ayında 518,4 manat cərimə hesablanmışdır. “Dəymiş ziyanın bərpasına dair” 30 aprel 2024-cü il tarixli Tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 4 x 12 x 90 = 4320 m 3. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Abonent kodu **********01530 olan təbii qaz abonenti Heydərov X2 rayonu Türkmən kəndində yerləşən mənzilinə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. İddiaçı Meşədi oğlu barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdeh isə məhkəmə iclasına nümayəndəsinin göndərməmiş və iddiaya dair etirazını bildirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi yeni sayğac üçün ödənilən 87.08 manat pulun qaz sərfiyyatına ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı həmin ödənişin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən Bərdə rayonu Türkmən kəndində yerləşən mənzilə qazdan istifadəyə görə Abonent kodu **********01530 olan abonent İddiaçı Meşədi qızına əsassız yazılmış 518.4 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. İddiaçı Meşədi oğluna ******* saylı akt əsasında 518.4 manat məbləğində yazılmış cərimə borcu silinsin.
3. İddia tələbi qalan hissədə təmin olunmasın.
4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.
Hakim: Ziya Abdullayev