Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3074/2025 30.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə 30 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əsassız olaraq hesablanmış 1658,88 manat borcun gündəlik 4 saata və 90 günə hesablanması, cərimənin qalan hissədə silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Türkmən kəndində yerləşən onun mənzilinə gedən qaz xəttinində sayğacdan kənar qaz xətt aşkar edilmişdir. Həmin xəttə görə ona 1658.88 manat cərimə hesablanmışdır. Cərimə hesablanarkən qaz işlədicilərin sərfiyyatı gündəlik 24 saata və 180 günə hesablanmışdır. Halbuki, o həmin xəttdən 18 gün istifadə edib. Eyni zamanda bildirir ki, evdə heç kim qaz piltəsindən və QSQ-dən (pitiminutka) 3-4 saatdan artıq istifadə etmir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o həqiqətən qaz xəttinə qanunsuz qoşulmuşdur. Maddi imkansızlıq səbəbindən bunu etmişdir. Hal-hazırda yazılmış cəriməni ödəmək üçün imkanı yoxdur. Cərimənin silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 bildirdi ki, baxış keçirilən zaman sayğacdan kənar əlavə qaz xəttinin çəkilməsi aşkar edilmişdir. iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Laçın rayonu Kamallı kəndində anadan olmuş və Bərdə rayonu Türkmən kəndində qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 08×24×80=3456 m³ və 2.4x24x180=10368m³ hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, abonent kodu **********02770 olan İddiaçı 1658,88 manat məbləğində borcu mövcuddur. xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, əraziyə baxış keçirilən zaman abonentin qaz sayğacından kənar qaz xəttinə qoşularaq rezin boru vasitəsi ilə qazdan oğurluq məsədi ilə istifadə etdiyi aşkar edilmişdir. Tətbiq edilən hüquq İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı, abonentin qaz sayğacından kənar qaz xəttinə qoşularaq rezin boru vasitəsi ilə qazdan oğurluq məsədi ilə istifadəsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi iş materialların əsasən sübut olunur. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən baxış keçirilən zaman abonentin qaz sayğacından kənar qaz xəttinə qoşularaq rezin boru vasitəsi ilə qazdan oğurluq məsədi ilə istifadə etdiyi aşkar edilmişdir. Həmin akta əsasən 31 iyul 2023-cü il tarixdə dəymiş ziyanın hesablanması həyata keçirilərək 1658,88 manat məbləğində cərimə hesablanmışdır. Qanunsuz müdaxilə iş materiallarına əlavə edilmiş DVD diskə əsasən müəyyən olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə,
Qətetdi:
İddiaçı tərəfindən Cavabdehnə qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair qaldırılmış iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamə tərəflərin onu rəsmi qaydada qəbul etdiyi gündən 01 ay müddətində şikayət verilməmişdirsə qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev