Məhkəmə qərarları › İş №2(021)-3080/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3080/2021

19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3080/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 780,37 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1963-cü il təvəllüdlüdür, ailəlidir, iki uşaq atasıdır, Bərdə rayonu, Xanərəb kənd sakinidir. Yaşadığı Bərdə rayonu, Xanərəb kəndinddə hamı kimi onların da evinə işıq sayğacı quraşdırılmışdır, istehlak etdikləri enerjinin pulunu mütamadi ödəmişdir, sayğac evindən aralıda, küçədə quraşdırılmışdır, sayğac quraşdırılandan sonra Azərişıqq ASC-nin əməkdaşları mütamadi sayğaca nəzarət etmişlər. Azərişıq ASC-nin sayğac quraşdırılma və uçot nəzarət idarəsinin əməkdaşları Ə.Muradov, N.Məmmədov, M.Məmmədov adlı şəxslər 19 sentyabr 2018-ci ildə evinə qoyulmuş elektyirik sayğacına baxış keçirmiş, 116296 saylı akt tərtib edilmiş, həmin sayğacın smartkartlı sayğacla əvəz edilməsi qərar alınmışdır. Beləliklə, köhnə sayğac dəyişdirilmiş, yenisi ilə əvəz edilmişdir. Yeni sayğacın kartı ona verilən zaman məlum olmuşdur ki, köhnə sayğaca görə ona 780.37 manat cərimə yazılmışdır, deməli o. sayğacın kartına 780.37 manat artıq yükləmə etməlidir ki, evinə elektirik verilməsi bərpa edilsin. Buna da onun heç bir maddi imkanı yoxdur. Bu səbəbdən işıqsız qalmışlar, o, hər ay istehlak etdikləri enerjinin pulunu işıq idarəsinin hesabına keçirmişdir. İşıq idarəsinin əməkdaşları sayğacı dəyişən zaman köhnə sayğacın blomu üstündə olmuş, sayğacla bağlı ona hansısa irad bildirilməmişdir. Sonradan köhnə syğaca hansısa müdaxilə edilməsi yalandır, bu ona yaraşan hal deyildir. Ona 780.37 manat cərimə yazılması haqsızlıq və ədalətsizlikdir. Təkrarən birlirir ki, sayğacın blomları üstündə olmuşdur. Bu barədə isə ona heç bir irad bildirilməmişdir. O, hər ay mütamadi olaraq istehlak etdiyi enerjnin pulunu mütamadi keçirib, qəbzlərini özündə saxlamışdır. O, nə sayğaca nə də işıq xəttinə heç bir müdaxiıə etməmişdir. Ona görə də bununla bağlı cərimə ödəməyəcəkdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verərək, borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işdə olan sənədlri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaqismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 20 iyul 1963-cü ildə doğulmuşdur, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Xanərəb kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 358 saylı, 25 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu Xanərəb kəndində yaşayır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, X3 25 sentyabr 2018-ci ildə 780,37 manat cərimə yazılmışdır. İş materiallarında olan 19 sentyabr 2018-ci il tarixli, 116296 saylı aktın surətindən müəyyən olunur ki, sayğaca baxış keçirimiş, baxış zamanı məlum olmuşdur ki, sayğacın gövdəsinin sağ tərəfindən xüsusi dəlik açılmışdır, sayğacın göstəricisi təhrif olunmuşdur. İş materiallarında olan sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə 22 sentyabr 2018-ci il tarixli, 118551 nömrəli protokolun surətindən müəyyən olunur ki, Xanərəb kəndində İddiaçı adına olan sayğacın gövdəsi sağ yandan deşilib, hesab mexanizminin rəqəmlərində müdaxilə cızıqları var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X9 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, 19 sentyabr 2018-ci il tarixdə "xxxx"ASC-nin nümayəndələri tərəfindən müvafiq akt tərtib edilmiş və həmin akt tərtib edilərkən nə evin mülkiyyətçisi, nə də hal şahidləri iştirak etmədiyindən həmin akt qanuni hesab edilə bilməz, həmçinin də "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın doğruluğunu, aktın nə səbəbə öz əməkdaşları tərəfindən imzalanaraq təsdiq edilməsini izah etməmiş, yaranmış borcun əsaslı şəkildə hesablanmış cədvəlini, həmin borcun məhz nə səbəbə yaranmasını isbat edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda təqdim edilmiş aktdan və digər sənədlərdən müəyyən olunur ki, 110,79 manat məbləğində borc sayğacın quraşdırılması üçün dövlət tərəfindən müəyyən edilmiş haqdır. Lakin qalan sərfiyyat məbləğini məhkəmə iclas zalında təsdiq edilməmişdir. Belə olan halda iddia tələbi yalnız 110,79 manata aid hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yazılmış 669,58 (altı yüz altmış doqquz manat əlli səkkiz qəpik) manat cərimə məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar