Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3116/2021 07.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Ərizəçi maraqlı şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəməyə ərizə ilə mürаciət edərək 1993-cü ildən 1994-cü ilədək N saylı hərbi hissənin tabeliyində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında xəsarət alması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin xahiş hissəsindən görünür ki, ərizəçi məhkəmədən 1993-cü ildən 1994cü ilədək N saylı hərbi hissənin tabeliyində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında xəsarət alması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, bu tip faktların məhkəmə tərəfindən müəyyən edilməsi, ümumiyyətlə bu tip ərizələrə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, bu faktların müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulduğundan onların məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində açıq şəkildə göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizəçi tərəfindən təsdiq edilməsi tələb edilən fakt da döyüş əməliyyatlarında xəsarət alma faktı olduğundan yuxarıda göstərilən və məhkəmədə baxılması yolverilməz hesab olunan hüquqi əhəmiyyətli faktlara daxil olduğundan ərizənin qəbulundan imtina edilməlidir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə icraata qəbul edilməsin, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3116/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3116/2021
07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver