Məhkəmə qərarları › İş №2(021)-3168/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3168/2025

28.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3168/2025 28.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 (yeddi min iki yüz) manat kompensasiya ödənilməklə onun ümumi sahəsi 210.5 kvm, torpaq sahəsi 0.06 h olan, ünvan 1 ünvanında fərdi yaşayış evimdən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsası İddia onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(021)-1495/2023 nömrəli qətnaməsi ilə qardaşı X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 01 noyabr 2006-cı il təvəllüdlü X2 anasının yanında saxlanılması, eləcə də yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(021)-256/2024 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh 01 noyabr 2006-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçı X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evi 29 aprel 2024-cü il tarixli QN-********** çıxarışla ona məxsusdur. Atalarından miras qalmış evə 1/3 hissədə onun, qardaşı Əhmədin və anaları Səmayənin payı müəyyən edilmişdir. Analarının ölümündən sonra payı vərəsəlik qaydasında ona keçmiş, qardaşı Əhməd isə payını ona bağışlamışdır. Ev hazırda tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bu səbəbdən həmin evə köçürülməyə etiraz etmişdir. Mülkiyyət hüquqlarının müdafiəsi üçün cavabdehin kompensasiya ödənilməklə mənzildən pay hüquqlarına xitam verilməsinə dair iddia irəli sürməyə məcbur qalmışdır. Cavabdehǝ 7200 manat kompensasiya təklif edir. Son illərdə təşəkkül tapmış məhkəmə təcrübəsi 3 illik kirayə müqaviləsi əsasında kompensasiya təyin edir. Onları yaşadığı ərazidə aylıq kirayə haqqı 200 manatdır. Bunun 3 illik kirayə haqqı isə ümumilikdə 7200 manat təşkil edir. Bu səbəbdən hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinin bu işlər üzrə olan vahidliyi baxımından cavabdehə təklif olunan kompensasiya məbləği ədalətli və realdır, ağlabatan məbləğdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə hazırlıq iclasında iddianın dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Cavabdeh evdən istifadə hüququnun kompensasiya edilməklə 10.000 manat verilməklə, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və kompensasiya məbləğinin 10.000 manat olmasını bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, verilən kompensasiya məbləği ilə razı deyildir. Ona 35000-40000 manat pul verilərsə iddia tələbi ilə razılaşa biləcəyi barədə mövqeyini ifadə etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb, işin faktiki hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Belə ki, mülki işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2078 saylı, 17 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanda yaşayır. Mülki işə əlavə olunmuş elektron vəkil orderinə əsasən Vəkil İddiaçı vəkilidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Bərdə şəhər İ.Qayıbov küçəsi ev 37 A saylı (yeni qaydalarla ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 210.5 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bərdə şəhər İ.Qayıbov küçəsi ev 37 A saylı (yeni qaydalarla ünvan 5 yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Mülki işə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş FŞ09/09-25 saylı xx.xx.2025ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37A, Yeni qaydalarla: Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, giriş 71 ünvanda erləşən, xüsusi mülkiyyətində olan, ümumi sahəsi 210,5 kv.m-dən təşkil edən fərdi yaşayış evinin cəmi 30 kv.m-lik bir otaqdan ibarət əmlak hissəsinin kirayə qiymətinin müəyyənləşdirilməsi işi həyata keçirilmiş, qiymətləndirmə prosesi Azərbaycan "Qiymətləndirmə fəaliyyəti haqqında" Respublikasının qanununa, Azərbaycan milli qiymətləndirmə standartlarına, beynəlxalq qiymətləndirmə standartlarına və digər qanunvericilik aktlarına uyğun olaraq aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən, Azəbaycan Respublikası, (reyestr nömrəsi: **********03-10301, koordinatlar: X 680690,519, Y 4472625,4327) Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37A, Yeni qaydalarla : Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, giriş 71 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan, ümumi sahəsi 210,5 kv.m-dən təşkil edən fərdi yaşayış evinin cəmi 30 kv.m-lik bir otaqdan ibarət əmlak hissəsinin 1,0 kv.m - nin kirayə qiyməti 4,2 manat olmaqla 30,0 kv.m–dən ibarət bir otağın kirayə haqqının ümumi qiyməti 125,0 (bir yüz iyirmi beş manat) təşkil edir. Mülki işə əlavə olunmuş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisə predmeti olan 29 aprel 2024-cü il tarixli QN-********** çıxarışla qeydiyyata alınmış fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh ailə qurduğu vaxtdan həmin mübahisəli evdə yaşamışdır. Daha sonra iddiaçının qardaşı Əhməd Əhmədov ilə ailə münasibətləri pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(021)- 256/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh 01 noyabr 2006-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçı X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli Qərarında eyni zamanda qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Kompensasiya məbləği müəyyən edilərkən məhkəmə, işin xüsusiyyətlərinə görə bir neçə amili nəzərə alacaqdır. Bunlara evin mülkiyyət hüququnun növü (tam və ya paylı mülkiyyət), mülkiyyətçi ilə istifadə edən şəxslər arasındakı münasibətlər, birgə yaşamağı qeyri-mümkün edən səbəblər və digər müvafiq amillər daxil ola bilər. Göründüyü kimi, kompensasiyanın məbləği hər işin halına görə individual olaraq müəyyən edilir, lakin son zamanlar məhkəmələr əsas kimi eyni şəraitli evdə 3 illik kirayə pulunun kompensasiya kimi müəyyən edir. İş materialları ilə müəyyən olunur ki, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37A, Yeni qaydalarla:Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, giriş 71 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan, ümumi sahəsi 210,5 kv.m-dən təşkil edən fərdi yaşayış evinin cəmi 30 kv.m-lik bir otaqdan ibarət əmlak hissəsinin 1,0 kv.m - nin kirayə qiyməti 4,2 manat olmaqla 30,0 kv.m–dən ibarət bir otağın kirayə haqqının ümumi qiymətinin 125,0 (bir yüz iyirmi beş manat) manat təşkil edir. Həmçinin Bərdə şəhərində yerləşən mübahisəli mənzilə uyğun mənzillərin bazar dəyərinin müəyyən edilməsi üçün müqayisəli yanaşma aparıldıqda, internet saytlarında yerləşən mənzillərin bazar dəyərinin "xxxx" MMC tərəfindən verilmiş rəyə uyğun qiymətlər olması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Az-Ekspertiza MMC tərəfindən verilmiş rəy mötəbər sübut hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh himayəsində azyaşlı uşaqları yoxdur,övladları yetkinlik yaşına çatmışdır, onun tələb etdiyi 35.000-40.000 manat kompensasiya məbləği ağlabatan deyildir. Təklif olunan 10.000 manat məbləğ isə ona müəyyən müddətə başqa yerdə yaşamaq imkanı verə bilər. Məhkəmə iddia tələbini əsaslı hesab edərək qeyd edir ki, 10000 (on min) manat kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməklə, onun Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37A (yeni qaydalarla ünvan 6 ünvanında olan, 0.06 ha torpaq sahəsində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan ümumi sahəsi 210,5 kv.m təşkil edən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar