Məhkəmə qərarları › İş №2(021)-3171/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3171/2021

18.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3171/2021 18.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası “Azəriqaz” İstehsalat Birliyinin 18 mart 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın ləğv edilməsi və abonent saldosunda göstərilən 72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Piyadalar kəndində qeydiyyatdadır və həmin evdə yaşayır. Yaşadığı evin həyət darvazasının çöl tərəfində X2 İdarəsi tərəfindən G-4 markalı, ******* zavod nömrəli olan qaz sayğacı quraşdırılmışdır. Evində cəmi 1 ədəd 4 gözlü qaz plitəsi və 1 ədəd qızdırıcı radiator peçi işlədir. Evində cəmi 1 ədəd qaz plitəsi və 1 ədəd qızdırıcı radiator işlətdiyinə görə çox qaz sərfiyyatı olmamış və qaz idarəsinin işçiləri tərəfindən verilən bildiriş-xəbərdarlıq əsasında istifadə etdiyi qazın pulunu ödəmişdir. Lakin qaz istismarı idarəsinin işçiləri ona məlum olmayan səbəbdən 18.03.2021-cı il tarixdə qaz sayğacını dəyişib, əvəzinə yeni qaz sayğacı quraşdırmışdır. Yalnız 2021-ci ilin avqust ayında qaz sərfiyyatını ödəyərkən cərimə olduğu məlum olmuşdur. Bunun səbəbini öyrənmək üçün «ASAN-Bərdə» xidmət mərkəzinə getmiş və buradan abonentin saldosunu çıxartdırarkən məlum olmuşdur ki, 72,00 manat cərimə məbləği yazılıbdır. Cərimə yazılmasının səbəbini aydınlaşdırarkən müəyyən etmişdir ki, qaz idarəsinin işçiləri sayğacı apardıqdan sonra iştirakı olmadan Azəriqaz İB-yi tərəfindən 18.03.2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən guya sayğacda hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir. Ona görə də sayğacda qeydə alınmayan qazın hesablanması və dəyərinin ödənilməsi tələb edilmişdir. Halbuki, onun aktın yazılmasından xəbəri olmayıb və iştirakı olmadan tərtib edilibdir. Qeyd edilənləri müəyyən edəndən sonra Ağdam rayon Qaz İstismar idarəsinə gəlmiş, sayğaca heç bir müdaxilə etmədiyini, hər həftə qaz idarəsinin əməkdaşlarının sayğacı yoxlamalarını, onun ailə üzvlərinin qaz sayğacının iş prinsipindən anlayışlarının olmadığını bildirmiş, ancaq orada ona əhəmiyyət verilməmişdir. Mübahisə etməyib məhkəməyə müraciət etməyi qərara almışdır. Onun evində qaz sayğacı həyət darvazasının bayır tərəfindədir, qaz işçilərinin və istənilən şəxsin istənilən vaxt müdaxilə edə biləcəyi yerdədir və qaz sayğacının yoxlanması üçün heç bir maneə və ya maneəçilik yoxdur. Qazdan istifadə qaydaları onların tərəflərindən hər hansı bir formada pozulmamışdır. Qaz sərfiyyatları çox olmadığı üçün sayğaca hər hansı müdaxilə etməyə ehtiyacları yoxdur. Sayğacın hesablama mexanizminin keçən qaz həcmini qeyd edib- etməməsindən məlumatı olmamışdır. Bundan əlavə qaz sayğacı onun iştirakı ilə yoxlanılmalı və sayğacda aşkar edilən nöqsanlar ona göstərilməli, nöqsanın əmələ gəlmə səbəbi bildirilməli idi. Çünki qaz sayğacının harada, hansı şəraitdə yoxlanılması məlum deyildir. Ona görə də 72,00 manat qalıq borcu düzgün göstərilməmiş, qalıq borcunun necə yaranmasını, necə hüsablanmasını bilmir və müraciət etməsinə baxmayaraq Qaz istismarı idarəsi tərəfindən bunun səbəbi ona izah edilməmiş, həmin məbləğin cərimə, yaxud qaz sərfiyyatı olması məlum deyildir. Beləliklə, qeyd olunanlardan göründüyü kimi onun əməlində qanun pozuntusu, yaxud qazdan istifadə qaydalarını pozmasına dair heç bir sübut yoxdur. Barəsində tərtib edilmiş abonent saldosu əsassızdır və hüquqlarının, qanunla qorunan mənafelərinin, həmçinin Qaz İstismarı İdarəsi tərəfindən istehlakçı kimi hüquqları kobudcasına pozulmuşdur. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək iddia tələbinin “abonent saldosunda göstərilən 72 manat borcun silinməsi” olaraq qeyd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli 05 aprel 2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı Bərdə rayonu Piyadalar kəndində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın hesablama mexanizmini hərəkətə gətirən çarxın oxunun yuvasından çıxdığı aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Bərdə rayonu Piyadalar kəndində yaşayan İddiaçı 2021-ci ilin aprel ayında 72 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye Qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı sayğacın hesablama mexanizmini hərəkətə gətirən çarxın oxunun yuvasından çıxdığının aşkar edilməsi və bunun mübahisələndirilən aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının delektə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilmişdir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.9-cu maddəsinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Lakin işin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də həmin sayğaca konkret olaraq iddiaçı tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, qaz sayğacına müdaxilə iddiaçının təqsirli hərəkətləri ilə baş verdiyi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 05 aprel 2021-ci il tarixli ******* nömrəli aktı əsasında İddiaçı yazılmış 72 (yetmiş iki) manat məbləğində cərimə silinsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar