Məhkəmə qərarları › İş №2(021)-3234/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3234/2025

24.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3234/2025 24.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun hakimliyi, X4 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilmə» tələbinə dair ərizəsi üzrə mülki işə 24 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, 09 fevral 1995-ci il təvəllüdlü X7 fəaliyyət qabilyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 ilə birgə nikah dövründə olan 09 fevral 1995-ci il təvəllüdlü X11 adlı 1(bir) övladı anadan olmuşdur. X15 anadan gəlmə orta dərəcəli əqli gerilik və ciddi davranış pozuntusu xəstəsidir. Hal-hazırda övladı anadan olandan bu günə qədər özünü idarə edə bilmir, davamlı olaraq hər hansı bir şəxsin qulluğuna və köməyinə ehtiyacı var. Tez-tez qıcolma tutmaları var və hal-hazırda da mütəmadi olaraq müalicə olunur. Övladı İİ qrup ömürlük əlildir. Hazırda o mülkiyyətində olan fərdi yaşayış evini qızının adına sənədləşdirmək istəyir. Sənədləşmə zamanı imza etməsi üçün oğlunu da dəvət etmişdirlər. Lakin oğlu özünü idarə edə bilmədiyi üçün sənədlərə imza edə bilmir. Oğlu özünü idarə edə bilmədiyi üçün və oğlunun ona vermiş olduğu etibarnamə olmadığından heç bir sənədləşmə işləri aparıla bilinmir. Bunun üçün də övladının fəailiyyət qabiliyyətsiz hesab edilməsini istəyir. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi X9 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli 6H1M5YQ0010 saylı tibbi-sosial ekspert komissiyasının qərarında görünür ki, orqanizminin funksiyalarının pozulma faizi 65 faizdir və əmək qabiliyyətsizdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 2000 saylı Bərdə RİHB-nin Bərdə şəhər i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Qarabağ küçəsi 3 saylı evdə yaşayır. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Ərizəçi qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli 492391 saylı arayışdan görünür ki, X11 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X1r. xx.xx.2025-ci il tarixli 644826 saylı etibarnamənin surətindən görünür ki, Ərizəçi X5 etibarnamə üzrə səlahiyyətlər vermişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 916 saylı Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Publik hüquqi şəxsi tərəfindən verilmiş rəydən görünür ki, X8 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” müəyyən edilmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-nin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. MPM-nin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndinə əsaən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərzəzi” Publik Hüquqi şəxsi Gəncə ambulator şöbəsinin rəyinə əsasən göstərilir ki, X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə həmin rəylə razılaşaraq hesab edir ki, X7 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına əsaslar olduğundan ərizə təmin olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət olunarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar