Məhkəmə qərarları › İş №2(021)-3275/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3275/2022

24.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3275/2022 24.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi Abbasov Yasin Rafiq oğlunun katibliyi , İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh X2rşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yazılmış 162 manat cərimə borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 yanvar 2020-ci il tarixə kimi Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olub və həmin ünvanda yaşayıb. 18 yanvar 2022-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurduqdan sonra ünvan 2 ünvanda yaşayır. Hazırda «Məmmədova» soyadını daşıyır. O əvvəl yaşadığı mənzildən kənarda, yəni, evin həyət darvazasınının bayır tərəfində X9 İdarəsi tərəfindən G-4 markalı, ******* zavod nömrəli olan qaz sayğacı quraşdırılmışdır. O, evində cəmi 1 ədəd 4 gözlü qaz plitəsi və 1 ədəd qızdırıcı radiator peçi işlətmişdir. Evində cəmi 1 ədəd qaz plitəsi və 1 ədəd qızdırıcı radiator işlətdiyinə görə çox qaz sərfiyyatı olmayıb və qaz idarəsinin işçiləri tərəfindən verilən bildiriş-xəbərdarlıq əsasında istifadə etdiyi qazın pulunu ödəmişdir. Lakin qaz istismarı idarəsinin işçiləri ona məlum olmayan səbəbdən xx.xx.2018-ci il tarixdə qaz sayğacını dəyişib, əvəzinə yeni qaz sayğacı quraşdırmışdılar. Yalnız 2021-ci ilin dekabr ayında qaz sərfiyyatını ödəyərkən ona cərimə yazıldığı məlum olmuşdur. Bunun səbəbini öyrənmək üçün «ASAN-Bərdə» xidmət mərkəzinə getmiş və buradan abonentin saldosunu çıxartdırarkən məlum olmuşdur ki, 162,00 manat cərimə məbləği yazılıb. Cərimə yazılmasının səbəbini aydınlaşdırarkən müəyyən etmişdir ki, qaz idarəsinin işçiləri sayğacı apardıqdan sonra iştirakı olmadan Azəriqaz İB tərəfindən Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019cu il tarixli 2911710-2440-1 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən guya sayğacın çıxış plastmas borusu oturacaqdan aralanıb. «Azəriqaz» İB-nin xx.xx.2019-cu il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin aktda da sayğacın çıxış plastmas borusu oturacaqdan aralanması, sayğacın yenisi ilə əvəz olunması, sayğacın dəyəri və dəymiş ziyanın abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Halbu ki, onun aktın yazılmasından xəbəri olmayıb və iştirakı olmadan tərtib edilib. Qeyd edilənləri müəyyən edəndən sonra Bərdə rayon Qaz İstismar idarəsinə gəlmiş, sayğaca heç bir müdaxilə etmədiyini, hər həftə qaz idarəsinin əməkdaşlarının sayğacı yoxlamalarını, onun qaz sayğacının iş prinsipindən anlayışının olmadığını bildirmiş, ancaq orada ona əhəmiyyət verilməmişdir. Hesab edir ki, sayğaca onun tərəfdən kənar müdaxilə edilmədiyindən və borcu olmadığından ona qanunsuz yazılmış cərimə borc məbləği qanunsuzdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qaz sayğacı həyətdən kənarda, küçədə quraşdırılmışdır, qaz sayğacına heç bir müdaxilə edilməmişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİ №375580 nömrəli Nikah haqqıda şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 xx.xx.2020-ci il tarixdə 75 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, Abonent kodu: **********04450 olan abonent X3 oğlunun adına olan qaz sayğacının giriş və çıxış hissəsinin gərildiyi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Azəriqaz İB tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, MSK 29\1710-2440-1 saylı akta əsasən Abonent kodu: **********04450 olan abonent X1 adına olan qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun oturacaqan aralandığı aşkar olunmuşdur. Sayğacın yenisi ilə əvəz olunmalı olduğu, sayğacın dəyərinin və itirilmiş qazın dəyərinin abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Azəriqaz İB tərəfindən tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, Abonent kodu: **********04450 olan abonent X1 adına olan Bərdə rayon Qaradağlı kəndində yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 1620 m3 kimi hesablanmışdır. Mülki işə əlavə edilmiş abonentin saldosundan görünür ki, Abonent kodu: **********04450 olan abonent X3 oğlunun adına olan Bərdə rayon Qradağlı kəndində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2019-cu il üçün 162 manat qalıq cərimə borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qaz abonenti Ramazanova (Məmmədova) Ziyafət Müslüm qızının Bərdə rayon Qaradağlı kəndində yerləşən mənzilinə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdeh isə məhkəmə iclasına nümayəndəsinin göndərməmiş və iddiaya dair etirazını bildirməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən Bərdə rayon Qaradağlı kəndində yerləşən mənzilə qazdan istifadəyə görə Abonent kodu: **********04450 olan abonent Məmmədova (Ramazanova) Ziyafət Müslüm qızına əsassız yazılmış 162 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. Bərdə rayon Qaradağlı kəndində yerləşən mənzilə qazdan istifadəyə görə Abonent kodu: **********04450 olan abonent Məmmədova (Ramazanova) Ziyafət Müslüm qızına hesablanmış 162 manat əsassız yazılmış cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar