Məhkəmə qərarları › İş №2(021)-3468/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3468/2022

04.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3468/2022 04.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı cavabdeh X3 İstismar İdarəsinə qarşı “qaz sayğacının qoyulması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh X3 İstismarı İdarəsinin əməkdaşları tərəfindən oğlanları X1 və X2 birlikdə yaşadıqları Bərdə şəhəri, Babək küçəsi 31 saylı evdəki mənzillərinə ayrı-ayrılıqda qaz sayğacının quraşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin xahiş hissəsindən görünür ki, iddiaçı məhkəmədən oğlanları X1 və X2 birlikdə yaşadıqları Bərdə şəhəri Babək küçəsi 31 saylı evdəki mənzillərinə ayrıayrılıqda qaz sayğacının quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, bu cür iddiaların məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, idarə və müəssisələrin üzərinə hər hansı vəzifənin qoyulması, xüsusilə yaşayış və qeyri-yaşayış sahələrinə qaz sayğaclarının quraşdırılması ilə bağlı qərar qəbul edilməsi rayon şəhər məhkəmələrinin səlahiyyətinə aid olmadığından həmin iddiaların məhkəmə qaydasında baxılmasına yol verilmir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. 12 may 2011-ci il tarixli “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında NK-nin qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbinə məhkəmədə baxılması yolverilməz olduğundan ərizənin qəbulundan imtina edilməlidir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 İstismar İdarəsinə qarşı “qaz sayğacının qoyulması tələbi”nə dair iddia ərizəsi icraata qəbul edilməsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar