Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-356/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya "xxxx" ASC) qarşı “Borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesab-bildirişdə göstərilən 101,83 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Alpoud kəndində yaşayır və evinin həyətinin xaicində, həyətdən xeyli aralıda işıq dirəyinə X3 tərəfindən 18482046 nömrəli elektrik sayğacı quraşdırılmış, xx.xx.2023-cü il tarixə kimi həmin elektrik sayğacından istifadə etmişdir. Elektrik sayğacından istifadə etdiyi müddətdə mütəmadi olaraq sərf etdiyi enerjinin pulunu vaxtında ödəmiş və heç vaxt enerji satışı idarəsinə borclu qalmamışdır. 15 aprel 2023-cü il tarixdə elektrik xəttində yaranmış qısa qapanma nəticəsində elektrik sayğacı və gələn xətt tüstüləməyə başlamışdır. Dərhal Elektrik Şəbəkəsinin ərazidə yerləşən yarımstansiyasının əməkdaşlarına xəbər vermişdir. Onun məlumatından sonra həmin gün şəbəkənin işçiləri elektrik sayğacı bağlanan yerə gəlmiş, elektrik şəbəkəsinin işçiləri elektrik sayğacını elektrik xəttindən aralayıb, evə birbaşa xətt qoşmuşlar. Həmin sayğacı açıb aparmış və müəyyən müddət sonra əvəzinə başqa sayğac quraşdırmışlar. Bu barədə 15 aprel 2023-cü il tarixli, 298114 nömrəli Akt tərtib etmişlər. Həmin Aktda qeyd etmişlər ki, “EEİQ-nın tələbinə uyğun olaraq fərdi yaşayış evinin sayğac uçot dəstinə baxış aparılan zaman məlum olmuşdur ki, bir fazalı elelktrik sayğacının giriş və çıxış xətti qısaqapanma şəkildə üzülüb, keçən enerjini qeyd etmir-uçot pozulub, sayğacın giriş və çıxış yuvaları əriyib-istismara yararsız hala düşüb. Ampermaşa ilə ölçü aparıldı, faktiki naqildən keçən yük: P=1,5x0,22=0,33 kvt. 1.Bir fazlı elektrik sayğacı yenisi ilə əvəz olunsun və möhürlənsin; 2.İstismardan çıxan sayğac abonentin iştirakı ilə laboratoriya şəraitində yoxlanılsın, 3. Hesablanmış məbləğ ödənilsin, əks halda şəbəkə açılsın.” O, elektrik sərfiyyatı üzrə ödəniş edərkən 101,83 manat qalıq borcunun yazılmasını görmüşdür. Ona görə də Bərdə elektrik şəbəkəsinə gəlmiş və orada bildirmişlər ki, həmin cərimə laboratoriyada yazılmışdır. O, sayğaca heç bir müdaxilə etmədiyini bildirmişdir. Onun evində elektrik ötürən naqilləri saxlayan dirəklər regional elektrik şəbəkəsinin əməkdaşlarının istənilən vaxt müdaxilə edə biləcəyi yerdədir və elektrik sayğacı qoyulması üçün heç bir maneə və ya maneəçilik olmamışdır. Elektrik enerjisindən istifadə qaydaları tərəfindən hər hansı bir formada pozulmamışdır. Ona görə də 101,83 manat qalıq borc düz göstərilməmiş, qalıq borcunun necə yaranmasını, necə hesablanmasını bilmir və müraciət etməsinə baxmayaraq X3 tərəfindən bunun səbəbi ona izah edilməmiş, həmin məbləğin cərimə, yaxud elektrik enerjisi sərfiyyatı olması məlum deyildir. Beləliklə, qeyd olunanlardan göründüyü kimi onun əməlində qanun pozuntusu, yaxud elektrik enerjisinin istifadə qaydalarını pozmasına dair heç bir sübut yoxdur, barəsində tərtib edilmiş hesab-bildirişi əsassızdır və hüquqları, qanunla qorunan mənafeləri pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, elektrik enerjisindən istifadəyə görə olan bütün borcunu ödəmişdir. Elektrik sayğacı sökülüb aparıldıqdan sonra da əvvəlki aylara uyğun olaraq ödənişlər etmişdir. 15 aprel 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək, yəni sayğacdan kənar elektrik enerjisindən istifadəyə görə 12 manat və 5 manat, cəmi 17 manat məbləğində pul ödəmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı kimi Bərdə EŞ-nin “Proqram bazasında” **********00004 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Bərdə rayonu Alpoud kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək M550 tipli, zavod nömrəsi 18482046 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmiş, xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi M600 tipli, zavod nömrəsi 21844515 olan elektrik hesablama sayğacından istifadə edir. xx.xx.2023-cü il tarixdə “Bərdə EŞ-in enerji Satış şöbəsinin əməkdaşları Söhbəddin Bayramzadə, Məhəbbət Hüseynov və Namiq Mustafayev tərəfindən “EEİQ"nın tələblərinə uyğun olaraq İddiaçı Bərdə rayonu Alpoud kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı sayğacın giriş və çıxış xəttlərinin qısa qapanma nəticəsində əriyərək istismara yararsız vəziyyətə düşməsi səbəbindən sayğacın keçən enerjinin miqdarını qeyd etmədiyi müəyyən edilmişdir. Elektrik hesablama sayğacından keçən enerjinin yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” vasitəsi ilə ölçülərək P=1.5 x 0.22 = 0.33 kvt təşkil etdiyi və enerji itkisinin qeydə alınmadığı barədə müvafiq qeydiyyat aparılmışdır. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “EElQ”nın tələblərinə uyğun olaraq R 298114 saylı akt tərtib edilmişdir. Aktın tələb hissəsində “1 fazlı elektrik sayğacı yenisi ilə əvəz olunsun və möhürlənsin" qeydiyyatı aparılmışdır. İddiaçı sayğaca baxış keçirilməsində və barəsində akt tərtib edilməsində iştirak etmiş oğlu Eldəniz Həsənov akta imza etməkdən imtina etmişdir. Aktda onun imza etməli olduğu hissəsində şəxsiyyət vəsiqəsinin AA3363854 nömrəsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə qüsurlu elektrik hesablama sayğacı Bərdə EŞ-in texniki Ziyəddin Sultanov tərəfindən “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 374884 nömrəli Protokola əsasən İddiaçı yaşadığı fərdi yaşayış evinə yeni elektrik hesablama sayğacı quraşdırılaraq möhürlənmiş və iddiaçının istifadəsinə verilmişdir. Protokol Bərdə EŞ-in əməkdaşı və İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı barəsində tərtib edilmiş akta əsasən “Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 60 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 116,17 manat təşkil edən 1109 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı barəsində tərtib edilmiş akta əsasən hesabat aparılarkən enerji təchizatı müəssisəsi tərəfindən yanlışlığa yol verilərək hesabat iddiaçı tərəfindən qüsurlu sayğac yenisi ilə əvəz edilənə kimi olan müddət ərzində aparılmalı olduğu halda 60 gün müddətinə aparılmışdır. Hesablamalar 60 gün üçün deyil, “EEİQ"nın tələblərinə uyğun olaraq 26 gün üçün aparılmalıdır. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi qismən əsaslıdır və buna görə də qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Kəlbəcər rayonu Təkəqaya kəndində anadan olmuşdur, Kəlbəcər rayonu Təkəqaya kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli 717 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Alpoud kəndində yaşayır. 15 aprel 2023-cü il tarixli R 298114 nömrəli Aktdan görünür ki, İddiaçı Bərdə rayonu Alpoud kəndində yerləşən yaşayış evində quraşdırılmış işıq sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, bir fazalı elektrik sayğacı giriş və çıxış xəttlərinin qısa qapanma şəklində üzülüb, keçən enerjini qeyd etmir-uçot pozulub, sayğacın giriş-çıxış yuvaları əriyib-istismara yararsız hala düşüb. “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 08 may 2023-cü il tarixli 374884 nömrəli protokoldan görünür ki, İddiaçı yaşadığı Bərdə rayonu Alpoud kəndində yerləşən evinə quraşdırılmış işıq sayğacı xx.xx.2023-cü il tarixli 298114 saylı akta əsasən yenisi ilə əvəz olunmuş və möhürlənmişdir. Abunə haqqında dövriyyə cədvəlindən görünür ki, İddiaçı Bərdə rayonu Alpoud kəndində yerləşən evini qidalandıran elektrik sayğacı vasitəsilə 2023-cü ilin ilin yanvar ayında 16 manat, fevral ayında 17 manat, mart ayında 14 manat, aprel ayında 12 manat və 5 manat, iyun ayında 20 manat, iyul ayında 15 manat, avqust ayında 15 manat, sentyabr ayında 14 manat dəyərində elektrik enerjisindən istifadəyə görə pul ödəmişdir. “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair” Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, baxış keçirilən zaman məlum oldu ki, sayğacın giriş və faz yuvası yanıb. 400 kvts x 0,08 man = 32 manat, 200 kvts x 0,09 man = 18 manat, 509 kvts x 0,13 man = 66,17 manat- cəmi 116,17 manat. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı bir fazlı elektrik sayğacının giriş və çıxış xəttlərinin qısa qapanma şəklində üzülməsi, keçən enerjini qeyd etməməsi-uçotun pozulması, sayğacın giriş-çıxış yuvalarının əriyib-istismara yararsız hala düşməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı əlavə sərfiyyat yazılarkən akt komissiyası tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair tərtib olunmuş 15 aprel 2023-cü il tarixli R 298114 saylı akt əsasında akt komissiyası tərəfindən hesablama 60 gün üçün aparılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının: 8.2-ci bəndinin tələbinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Bərdə rayonu Alpoud kəndində yerləşən fərdi yaşayış evini qidalandıran bir fazalı elektrik sayğacının giriş və çıxış xətlərinin qısa qapanma şəklində üzülməsi, keçən enerjini qeyd etməməsiuçotun pozulması, sayğacın giriş-çıxış yuvalarının əriyib-istismara yararsız hala düşməsi aşkar edilmiş və sonuncuya 60 gün üçün 116,17 manat məbləğində əlavə sərfiyyat yazılmışdır. Məhkəmə hesab edir ki, Akt komissiyası tərəfindən hesablamalar düzgün aparılmadığından, yəni hesablanmış məbləğ bir ay üçün deyil, 60 gün üçün aparıldığından hesablanmış məbləğ bir ay üçün hesablanmaqla iddiaçıdan tutulmalıdır. Abunə haqqında dövriyyə cədvəlindən göründüyü kimi iddiaçı 2023-cü il ərzində elektrik enerjisindən istifadəyə görə hər ay sabit olaraq təxminən 15-17 manat məbləğində ödəniş etmişdir. İddiaçıya məxsus sayğac sökülüb aparıldıqdan sonra 23 gün sayğacdan kənar elektrik enerjisindən istifadə edilmiş və buna görə də iddiaçı 21 aprel 2023-cü ildə 12 manat, 26 aprel 2023-cü il tarixdə isə 5 manat olmaqla, cəmi 17 manat məbləğində ödəniş etmişdir. Göründüyü ki, iddiaçı elektrik sayğacı sökülüb götürüldüyü müddətdə də elektrik enerjisindən istifadəyə görə əvvəlki aylara uyğun qaydada ödəniş etmişdir. Belə olan halda iddiaçıya sayğacdan kənar elektrik enerjisindən istifadəyə görə əlavə sərfiyyatın hesablanması düzgün deyil. Ona görə də iddia təmin olunmalı, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdiyi 15 aprel 2023-cü il tarixli R 298114 saylı Akt əsasında İddiaçı hesablanmış 116,17 manat məbləğində borc əsassız olduğundan silinməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının tərtib etdiyi 15 aprel 2023-cü il tarixli, R 298114 saylı Akt əsasında İddiaçı hesablanmış 116,17 manat məbləğində borc silinsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-356/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-356/2024
17.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver