Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-359/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borc məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 334,58 manat su pulunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəlikcə Bərdə şəhərində yaşayırlar, 2(iki) qız, 1 (bir) oğul anasıdır. Övladlarının hər üçü yetkinlik yaşma çatmışlar. Qızlarının hər ikisi ailə həyatı qurmuş, ondan ayrı yaşayırlar. Oğlu Şamxal isə onunla yaşayır, hərbiçidir. Qarabağ uğrunda gedən döyüşlərdə erməni qəspikarlarına qarşı vuruşmuş, bir neçə erməni postunu idarə etdiyi tankla dağıtmış, döyüşlərin birində idarə etdiyi tank vurulmuş, oğlu ağır yaralanmışdır. Hal-hazırki ünvanda, yəni ünvan 1 xətdən evinə su xətti çəkdirə bilməmişdir. Bununla bağlı Su idarəsinə müraciət etsə də evinə su xətti çəkilməmişdir. Ancaq nədənsə ona ödəniş üçün 334,58 manat su pulu yazılmışdır. Odur ki, 334,58 manat su pulunun silinməsi dair məhkəmə aktına ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyul 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi surətindən müəyyən olunur ki, X1 şəhəri, Məhsəti küçəsi ev 3 ünvanında yerləşən, ümumi sahəsi 90,2 kv.m, yaşayış sahəsi 47,2 kv.m, yardımçı sahəsi 43 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsi bacısı İddiaçı bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Məhsəti küçəsi 3-də 0,05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 90,2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında 11 avqust 2021-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan abonent kartından müəyyən olunur ki, 2012-2017-ci il üzrə İddiaçı 334,58 manat su pulu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə şəhəri, Məhsəti küçəsi 3-də yerləşən fərdi yaşayış evi X2 mülkiyyətində olmuş və 13 iyul 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmışdır. Qeyd olunan fərdi yaşayış evi 11 avqust 2021-ci ildə mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Sudan istifadəyə görə abonent kartından isə müəyyən olunur ki, 334,58 manat borc məbləği 2012-2017-ci ildə yaranmışdır. Yəni həmin vaxt Bərdə şəhəri, Məhsəti küçəsi 3-də yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmamış, tərəflər arasında sudan istifadəyə görə müqavilə bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, borcun yarandığı müddətdə Bərdə şəhəri, Məhsəti küçəsi 3də yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmadığından və cavabdeh tərəf iddiaçı ilə aralarında sudan istifadəyə görə müqavilə bağlanması barədə məhkəməyə sübut təqdim etmədiyindən iddia təmin edilməli, iddiaçıya yazılmış 334,58 manat borc məbləği silinməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yazılmış 334,58 (üç yüz otuz dörd manat əlli səkkiz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-359/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-359/2022
17.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver