Məhkəmə qərarları › İş №2(021)-3601/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3601/2024

04.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3601/2024 04.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 1117.04 manat enerji borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bildirişində göstərilən 1117.04 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonu Mehdili kəndində yaşayır. Həmin kənd ərazisində fərdi avtoyuma məntəqəsi vardır. Həmin məntəqənin bayır tərəfində bir qədər aralıda işıq dirəyinə X2 tərəfindən elektrik sayğacı quraşdırılmışdır. 10 iyul 2024-cü il tarixə kimi həmin sayğacdan istifadə etmişdir. Elektrik sayğacından istifadə etdiyi müddətdə mütamadi olaraq sərf etdiyi enerjinin pulunu vaxtında ödəmiş və heç vaxt enerji satışı idarəsinə borclu qalmamışdır. Lakin 10 iyul 2024-cü il tarixdə gündüz vaxtı obyektin işıqlarında közərmə hiss etmiş və elektrik sayğacı tərəfə getmişdir. Bu zaman elektrik dirəyinə bağlanmış sayğacın yandığını görmüş və torpaq tökərək sayğacı söndürmüş, dərhal Elektrik Şəbəkəsinin onların ərazisində yerləşən yarımstansiyasına məlumat vermişdir. Bundan sonra şəbəkənin əməkdaşları gələrək sayğacı xəttən aralamış, obyektə birbaşa xətt qoşmuşlar. Həmin sayğacı söküb apararaq yenisi ilə əvəz ediləcəyini bildirmişlər. Lakin, yeni sayğac 29 avqust 2024-cü il tarixdə quraşdırılmış, ona isə sərfiyyat və cərimə barəsində heç bir söz deməmişlər. Ancaq 24 sentyabr 2024-cü il tarixdə ona 1117.04 manat cərimə yazılması barədə bildiriş verilmişdir. Bu barədə maraqlanan zaman onun barəsində 10 iyul 2024-cü ildə akt tərtib edildiyini bilmişdir. Halbuki, sayğaca heç bir müdaxilə etməmişdir. Bu səbəbdən də aktı qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı sayğacın onun biznes obyektinə aid olduğunu bildirərək və iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmiş, buna baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir və statusu aktiv olan mağaza fəaliyyəti ilə məşğul olur. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında sayğacın obyektə aid olduğunu qeyd etmişdir. Bundan başqa iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş R № 064446 saylı 10 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, Mehdili kəndində yerləşən istehlakçı İddiaçı Manaf oğluna məxsus obyektin fəaliyyət növü mağaza olaraq qeyd edilmişdir. Belə olan halda hazırki tələb iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə ona yazılmış elektrik enerjisi borcunun silinməsi olduğundan məhkəmə hesab edir ki, hazırki tələbə aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş hazırlıq iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 1117.04 manat enerji borcunun silinməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar