Məhkəmə qərarları › İş №2(021)-3635/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3635/2023

07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3635/2023 07.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi Böyük məsləhətçi X4 iclas katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 326,00 manat borc məbləğin silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu, Nifçi kəndində yaşayır və həmin evinin həyət darvazasının çöl tərəfində X8 tərəfindən 50048539 nömrəli elektrik sayğacı quraşdırılmış, xx.xx.2023-cü il tarixə kimi həmin elektrik sayğacından istifadə etmişdir. Elektrik sayğacı mərhum atası X2 adına olmuşdur. Elektrik sayğacından istifadə etdiyi müddətdə mütəmadi olaraq sərf etdiyim enerjinin pulunu vaxtında ödəmiş və heç vaxt enerji satışı idarəsinə borclu qalmamışdır. 13 mart 2022-ci il tarixdə atası X5 vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə mərhum atası Ömər İbrahimovun yas mərasiminin ildönümü olduğuna görə yas mərasimi üçün "xxxx" ASC tərəfindən pulsuz enerji verildiyi üçün o, "xxxx" ASC-yə müraciət etmiş və işıq xəttinə əlavə xətt qoşulmasına icazə verilmişdir. Ancaq elektrik xəttini Elektrik Şəbəkəsinin işçiləri qoşmamışlar və onun özünün qoşmağını tapşırmışdırlar. O da bilmədiyi üçün elektrik xəttini sayğacın giriş hissəsindən qoşmuşdur. Yas mərasimi qurtarandan sonra elektrik xəttini ayırmışdır. Lakin sayğacda yanıq izləri olmuşdur. O, dərhal Elektrik Şəbəkəsinin onların ərazidə yerləşən yarımstansiyasına ərizə ilə xəbər vermişdir. Onun məlumatından sonra 07 mart 2023-cü il tarixdə şəbəkənin işçiləri onun həyətinə gəlmişdirlər. Elektrik şəbəkəsinin işçiləri elektrik sayğacını açıb, əvəzinə başqa sayğac quraşdırmışdırar. Bu barədə 294072 nömrəli akt tərtib etmişdirlər. O, elektrik sərfiyyatı üzrə ödəniş edərkən 326 manat qalıq borcunun yazılmasını görmüşdür. Ona görə də X8nə gəlmiş və orada bildirilmişdir ki, həmin cəriməni laboratoriyada yazılıb. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh "xxxx" ASC –nin nümayəndəsi X6 məkhəməyə ərizə verərək iddiaçı məhkəmə iclasına gəlməsə də, işə mahiyyəti üzrə baxıb qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC –nin nümayəndəsi X6 etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirdi ki, iddiaçı X3 "Azərişıq” ASC-yə qarşı "Azərişıq” ASCnin hesab-bildirişdə göstərilən 326 manat borcun silinməsi tələbinə dair" iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı X7 xx.xx.2023-cü il tarixdə yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacında problem yaranması barədə ərizə ilə Bərdə EŞ-nə müraciət etmişdir. İddiaçı ərizəsi Bərdə EŞ-də "daxil olan ərizə və şikayətlərin qeydiyyatı" jurnalında xx.xx.2023-cü il tarixdə 216 saylı qeydiyyata alınmışdır. Ərizədə qeyd olunanların yoxlanılması Bərdə EŞ-in əməkdaşları H.Süleymanova və S. Bayramzadəyə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə Bərdə EŞ-nin əməkdaşları Bayramzadə Söhbəddin, Muxtarov Nazim və Teymurlu Eşqin tərəfindən İddiaçı yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacına iddiaçının özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sayğacın giriş xəttlərinin zədələnərək elektrik enerjisindən sayğacdan "kənar xətt" vasitəsi ilə istifadə edilməsi fakti aşkar edilmişdir. Kənar xəttdən keçən yük xüsusi ölçmə vasitəsi olan "Ampermaşa" ilə ölçüldükdə yükün 2.2 kvt təşkil etdiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirilməsinin mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində "EEİQ"-nın tələblərinə Akt tərtib edilmişdir. Akt enerji təchizatı müəssisəsinin uyğun olaraq AKT RN°294072 saylı Əməkdaşları tərəfindən imzalanmışdır. "Aran" RETSİ-də fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən İddiaçı barəsində tərtib edilmiş akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 300 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 327,60 manat təşkil edən 2520 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində atasının vəfat etməsinin il dönümü münasibəti ilə təşkil edilən mərasimdə elektrik enerjisindən enerji təchizatı müəssisəsinin razılığı ilə sayğacın giriş xəttini zədələyərək enerjiden istifadə etdiyini bildirərkən qeyri-səmimiliyə yol vermişdir. Belə ki, İddiaçı atasının 13 mart 2022-ci il tarixdə vəfat etdiyini və ildönümünün 13 mart 2023-cü il tarixində keçirildiyini göstərmişdir. Sayğacında problem yaranması barədə ərizə ilə Bərdə EŞ-nǝ xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Onun müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə Bərdə EŞ-in əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək yuxarıda qeyd olunan pozuntu faktı aşkar edilmişdir. Göstərdiyi hallara əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Bərdə rayon Nifçi kəndində anadan olmuşdur. Bərdə rayon Nifçi kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Çələbilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 158 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Nifçi kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-İİ №248369 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir Mülki işə əlavə edilmiş R №294072 saylı xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Abonent kodu: **********00005 olan abonent X2 adına olan fərdi yaşayış evinin sayğac uçot dəstinə EEİQ-nin tələbinə uyğun olaraq abonentin ərizəsinə əsasən baxış aparılan zaman məlum olmuşdur ki, bir fazlı elektrik sayğacın giriş xəttini aralayaraq kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilir, sayğacın sıxacla yığımında giriş O yuva yanıb istismara yararsız hala düşüb. Ampermaşa ilə ölçü aparılmış, kənar xətdən keçən yük 2,2A, İ=2,2A, U=0,22, P=0,48 kvt. Bir fazlı elektrik sayğacının yenisi ilə əvəz olunması və hesablanmış məbləğin ödənilməsi, əks halda şəbəkənin açılması qeyd olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cərimənin silinməsini tələb etsə də, hazırkı yaranmış məbləğ cərimə deyil məhz elektrik enerjisindən kənar istifadə nəticəsində yaranmış borc məbləğdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli № 18 Qərarının 8.17-ci maddəsinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 8.17-1-ci maddəsinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 8.17-2-ci maddəsinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 301 və 360-cı maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar