Məhkəmə qərarları › İş №2(021)-3753/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3753/2025

23.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3753/2025 23.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə 23 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanunsuz yazılmış 777,60 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X2 ünvan 1 ünvanında xüsusi mülkiyyətində fərdi yaşayış evi var. Atası xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra fərdi yaşayış evində o, ailə üzvləri ilə birlikdə yaşayıb. Hazırda isə həmin ünvanda yaşamır. Hər kəsin qaz sayğacı çöldə olduğu kimi onlarında qaz sayğacı çöldə divarın üstündə yerləşdirilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən onların xəbəri olmadan qaz sayğacına ümumi baxış keçirilmiş və baxış keçirildikdən sonra mərhum atasının adına 21 fevral 2024-cü il tarixdə №-0398625 saylı akt tərtib edilib. Aktda isə sayğaca ümumi baxış keçirildiyini, sayğacın hesablama mexanizminin qoruyucu qapağının fiziki təsir nəticəsində gövdədən təmamilə aralanmasını, qazın keçərək hesablama mexanizminin açıq vəziyyətdə olduğunu bildirirlər. Həmçinin aktda qeyd olunmuşdur ki, sayğacın yenisi ilə əvəz olunmalıdır və sayğacın dəyəri və dəymiş ziyanın abonent tərəfindən ödənilməlidir. Atası isə qaz sayğacının yeni qaz sayğacı ilə əvəz edilməsindən imtina etmiş və həmin imtina aktda da qeyd edilmişdir. Halbuki həmin zaman atası vəfat etmişdir. Qaz sayğacı dövlət yoxlanılmasından keçib gəldikdən sonra onlara məlum olmuşdur ki, qanunsuz olaraq onlara 777,60 manat məbləğində cərimə yazılmışdır. Sayğacın hesablama mexanizminin qoruyucu qapağının fiziki təsir nəticəsində gövdədən təmamilə aralanmasından və qazın keçərək hesablama mexanizminin açıq vəziyyətdə olduğundan nə onun, nə də ailə üzvlərinin xəbəri olmamışdır. Çünki onlar həmin evdə yaşamayıblar. Belə ki 16 yanvar 2024-cü il tarixli müqavilə əsasında onların yaşadığı yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün onlar yeni bina tikilənə qədər evlərlə təmin olunublar. Bununla da həmin zamanlar onlar həmin ünvanda yaşamayıblar. Hazırda qaz pulunu ödədikləri zaman onlara belə qanunsuz cərimə yazıldığını biliblər. Qanunsuz yazılmış cəriməyə görə hal-hazırda onların qazını kəsmək istəyirlər. Halbuki biz həmin evdə yaşamayıblar. Onların qazdan istifadə etməməsinə baxmayaraq onlara qanunsuz olaraq cərimə yazırlar və həmin cəriməni onlardan tələb edirlər. Bu isə qanunsuzluqdur. Onun həmin cərimə məbləğini ödəməyə heç bir imkanı yoxdur, həmçinin bu cərimə qanunsuz olaraq yazılmışdır. Belə bir cərimə yazılması və aktın tərtib olunması heç bir əsas olmadan tərtib edilmişdir. Bunun üçün də qanunsuz yazılmış 777,60 manat məbləğində olan cərimənin silinməsini istəyir. Çünki həmin cərimə qanunsuz olaraq, qaz idarəsinin əməkdaşlarının səhv hərəkəti nəticəsində yaranmışdır. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur və Bərdə şəhəri Təbri küçəsi ev 53 də qeydiyyatdadır AZE seriyalı 05336853 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünürki, X1 rayonu Sırxavənd kəndində anadan olmuşdur və Bərdə şəhəri Təbrik küçəsi ev 53-də qeydiyyatdadır. xx.xx.1978-ci il tarixli 492926 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1976-cı il tarixdə anadan olmuş, atası Ağayev İsmayıl, anası Ağayeva Fatmadır. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 6×12×90=6480 m³ hesablanmışdır. Təbii qazdan istifadə qaydaları pozulması haqqında aktdan görünür ki, sayğaca baxış keçirilib. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı fiziki təsir nəticəsində gövdədən tamamilə aralanıb. Qaz keçir hesabla mexanizmi açıq vəziyyətdədir. Sərfi qeydə almır. Yenisi ilə əvəz olunmalıdır. Abonentin saldosundan görünür ki, 06/2025 tarixinə 785.96 manat borcu var. 16 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki 12 ay müddətinə qəzalı binadan çıxarılma haqqında bağlanmışdır. xx.xx.2013-cü il tarixli 615888 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 19 aprel 2013-cü ildə beyinə qansızma nəticəsində vəfat etmişdir. Tətbiq edilən hüquq İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı, smart sayğac ekranından zədə alması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İşin hallarından görünür ki, abonent X4 tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işdə mövcud deyildir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. İstinad edilən milli qanunvericilik normalarına əsasən hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə,

Qətetdi:

İddia təmin edilsin. Cavabdeh Tərtər X9 İdarəsi tərəfindən X3 yazılmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində cərimə silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamə tərəflərin onu rəsmi qaydada qəbul etdiyi gündən 01 ay müddətində şikayət verilməmişdirsə qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar