Məhkəmə qərarları › İş №2(021)-3886/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3886/2025

19.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3886/2025 19.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə 19 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azəiqaz İB-nin Tərtər regional Qaz İdarəsi tərəfindənqanunsuz yazılmış 777,60 manat cərimə borcunun və 87,08 manat sayğac dəyərinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ailə üzvləri ilə yaşayır. Mavi qazdan istifadə edir, istifadə olunmuş qazın pulu vaxtında ödəyir. Qaz sayğacı həyat yoldaşı X1 adına olmuş, X4 2022-ci ildə vəfat etmişdir. Hazırda müqavilə bağlanmış, qaz sayğacı onun adınadır. Çünki mavi qazdan ailə olaraq istifadə edirlər. "Azəriqaz” İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının əməkdaşları xx.xx.2023-cü ildə sayğaca baxış keçirmiş və ******* saylı akt yazılmışdır. Aktda qeyd edilir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Hesablayıcı mexanizmin prinsipinə mane törətməsi mümkündür. Sayğac istismara yararsızdır. Sayğac yenisi ilə əvəz olunmalıdır. Sayğacın dəyəri və dəymiş ziyan 777,60 manat abonent tərəfindən ödənilməlidir. Onuda bildirir ki, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Odur ki, yuxarıdakılara əsasən hesab edir ki, hazırki iş üzrə Cavabdeh İB- nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının əməkdaşları tərəfindən qanunsuz hesablanmış 777,60 manat cərimə məbləğinin və 87.08 manat sayğac dəyərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 338654 saylnikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı xx.xx.1980-ci ildə nikah bağlayıblar. AZ-İİ 248570 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 6×12×90=64820 m³ hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, abonent kodu **********00610 olan İddiaçı 777.60 manat məbləğində borcu mövcuddur. xx.xx.2023-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, X2 məxsus Bərdə şəhəri Cəfər Cabbarlı yerləşən sayğacın açılıb növbəti dövlət yoxlamasına göndərilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmişdir, sayğacın hesablama mexanizminin qapağı yan tətrəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır, sayğac yenisi ilə əvəz olunmalıdır. Sayğacın dəyəri və dəymiş ziyan abonent tərəfidən ödənilməsi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli 2023 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Tətbiq edilən hüquq İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı, smart sayğac ekranından zədə alması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İşin hallarından görünür ki, abonent Abbas Hacıyev tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işdə mövcud deyildir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. İstinad edilən milli qanunvericilik normalarına əsasən hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. İddia sayğacın dəyərinin silinməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə,

Qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh Tərtər X6 İdarəsi tərəfindən ******* saylı akta əsasən X2 yazılmış 777,60 manat məbləğində cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamə tərəflərin onu rəsmi qaydada qəbul etdiyi gündən 01 ay müddətində şikayət verilməmişdirsə qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar