Məhkəmə qərarları › İş №2(021)-3966/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3966/2024

06.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3966/2024 06.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı Cavabdehnə qarşı “İİ-KH № 812022 xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Nizaminin İİ-KH № 812022 olan xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, doğum haqqında şəhadətnamənin ata qrafasında ata adının X2, ana qrafasında isə ana adının İddiaçı kimi qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı oğlu X1 11 may 2018-ci ildə Rusiya Federasiyası Omsk vilayəti Omsk şəhərində anadan olmasına dair İİ-KH № 812022 olan xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsini qeyd etmişdir ki, şəhadətnamə müvafiq akt qeydi əsasında verildiyindən ilk növbədə doğum haqqında akt qeydinin etibarsız hesab edilməsi ərizədə qoyulmalı idi. Həmçinin, ərizənin məzmunundakı tələb hissəsində atalığın etiraf olunması və ya uşağın doğulması faktının müəyyən edilməsi deyil, şəhadətnamənin etibarsızlığı və doğum haqqında şəhadətnamənin ata və ana qrafalarında şəxs adlarının qeyd edilməsi qoyulmuşdur ki, bu da müvafiq öhdəliyin cavabdeh orqanın üzərinə qoyulması deməkdir. Belə halda isə iddiaçı məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 9.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə diqqətə çatdırır ki, mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri MPM-in 307.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Məhkəmə onu da qeyd edir ki, hazırki işdə qeydiyyat şöbəsinin imtinası atalığın etiraf olunması ilə bağlı olduğundan ərizəçi iddia icraatı deyil, xüsusi icraat qaydasında maraqlı şəxs qismində Cavabdehnə qarşı Bərdə rayon Məhkəməsinə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etdiyi təqdirdə ərizədə qeyd edilən məsələyə məhkəmə qaydasında baxıla və ərizə əsaslı olduğu təqdirdə həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd edilənlərlə bağlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “İİ-KH № 812022 xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar