Məhkəmə qərarları › İş №2(021)-4044/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4044/2025

21.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4044/2025 21.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı, Cavabdehn etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair mülki işə 21 yanvar 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hazırki iş üzrə cavabdeh X12 Xidməti Publik hüquqi şəxsi tərəfindən qanunsuz hesablanmış 1.074,65 (bir min yetmiş dörd manat 65 qəpik) manat məbləğində hesablanmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Daim istifadə etdikləri suya görə hesablanmış su pulunu heç vaxt gecikdirmədən ödəmişlər. Qeyd etməyi zəruri hesab edir ki, həmin evdə o və həyat yoldaşı yaşayır. O, xx.xx.2012-ci ildən xx.xx.2024-cü ilədək məhbəs həyatı yaşamış, 12 il, 4 ay 6 gün həbsdə olmuşdur. Həbsdə olduğu müddətdə tək qala bilmədiyindən həyat yoldaşı atası evində yaşamışdır. Həbsdə olduğu 12 ildən çox müddətdə evdə heç kim yaşamamış, həyat yoldaşı ildə 1-2 dəfə evi təmizləməyə gəlmişdir. xx.xx.2025-ci il tarixdə hazırki iş üzrə cavabdeh X12 Xidməti Publik hüquqi şəxsi tərəfindən evlərinə xəbərdarlıq məktubu gəlmişdir ki, 1.074,65 manat sudan istifadəyə görə borcları var. Bundan sonra, həbsdə olmağı barədə sənədləri götürərək, borcunun olmaması ilə bağlı aidiyyatı üzrə su idarəsinə müraciət etsə də, xeyri olmamışdır. Hal-hazırda cavabdeh təşkilatın ondan 1.074,65 manat məbləğində pul vəsaitini tələb etməsi, hüquqlarının pozulmasına və nəticə etibari ilə ailəsinin normal yaşamasına mənfi təsir göstərir. 75 yaşı var, pensiya ilə dolanır, cavabdeh təşkilatın ondan artıq hesablanmış borc məbləğini tələb etməsi əsassız və qanunsuzdur. Sadalanan xüsusatlara əsaslanaraq hesab edir ki, hazırki iş üzrə cavabdeh- X12 Xidməti Publik hüquqi şəxsi tərəfindən qanunsuz hesablanmış 1.074,65 (bir min yetmiş dörd) manat məbləğində hesablanmış borc silinməlidir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı, iddianı müdafiə etdiyini qeyd edərək təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, ailə üzvləri ünvan 1 ünvanına zaman-zaman gəlmişlər. Yalnız həmin vaxt suyun istifadəsini həyata keçirmişlər. İl ərzində digər vaxtlarda isə həmin ünvanda yaşamamışlar. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4, iddianı qəbul etmədiklərini, iddiaçının özündən başqa 04 ailə üzvü olduğunu, qərara əsasən ailə sayı 4 nəfərdən hesablandığını qeyd etdi və iddianı rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1950ci il tarixdə anadan olmuşdur. Cavabdeh Publik hüquqi şəxs tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, 3 iş günü ərzində borcunuzun ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin sizdən məhkəmə qaydasında tutulması təmin ediləcəkdir. 07.2024-cü il tarixli 138 saylı arayışdan görünür ki, xx.xx.1950-ci il tarixdə Bərdə rayonunda doğulmuş X8 Bakı ACM-nin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 66.3 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəza çəkmiş Bakı şəhəri Nizami rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 1 il 7 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2025-ci il tarixli 16 saylı etibarnamədən görünür ki, X12 Xidməti” Publik hüquqi şəxsin X16 Sistemlərinin İstismarı İdarəsinin rəisi X5 tərəfindən Bərdə SMSİİ-nin Hüquq və İnsan resursları Şöbəsinin rəisi X2 etibarnamə üzrə səlahiyətlər verilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 3506 saylı Bərdə RİHB-nin Bərdə şəhər i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, İddiaçı M.F.Axundov küçəsi 7 nömrəli evdə yaşayır. Ailə üzvləri X9, X10, X3r. X10 və X11 ölkə xaricindədir. xx.xx.2025-ci il tarixli 298 saylı məktubdan görünür ki, Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə daxil olmuş xx.xx.2025-ci il tarixli 222 saylı məktubunuza cavab olaraq bildiririk ki, ünvan 2 ünvanında neçə nəfərin qeydiyyatda olması və həmin evdə 2012-ci ildən 2024-cü ilədək yaşayışın olub olmaması barədə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində heç bir məlumat yoxdur. xx.xx.2025-ci il tarixli Əİ/06-133 saylı arayışdan görünür ki, Bərdə şəhər M.F.Axundov küçəsində yaşayan İddiaçı fərdi yaşayış evinə 2012-2025-ci ilədək qazdan istifadəyə dair saldonun surətini sizə göndərir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyası

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “X6”nın X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.6. madddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) STKM-in vəzifələrindəndir. “X6”nın X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.9.2. maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifələrindəndir. “X6”nın X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarına əsasən həmin qaydaların 3.4-cü bəndinə əsasən müəssisə istehlakçının istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə Qaydaların 7.2-ci, 7.4-cü və 7.5-ci bəndlərinə uyğun təyin edir. Həmin qaydalara əsasən adambaşı sərfiyyat Azərbaycan manatı ilə 03 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Tərəflərin məhkəmə iclasında bildirmiş olduğu, işin mübahisəsiz halına əsasən müəyyən olunur ki, həqiqətən İddiaçı cavabdeh təşkilata ailə üzlərinin sayının 4-dən az olmasına dair müraciəti olmamışdır. Məhkəmə qeyd edir ki, həqiqətən İddiaçı iş materiallarına əlavə arayışa əsasən ailə özü, arvadı və üç övladı olmaqla beş nəfərdən ibarətdir. İş materiallarında olan arayışa əsasən müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəzaçəkmə müəssisəsində olmuşdur. Göründüyü kimi əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilməlidir. İddia ərizəsindən, eləcə də iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı 5 nəfər ailə üzvündən ibarətdir. İşin qeyd olunan bu halı Bərdə Rayon İHB-nın İƏD üzrə nümayəndəliyin 27 noyabr 2025-ci il tarixli 3605 nömrəli arayışı ilə də təsdiq olunur. İşdən isə müəyyən olunur ki, iddiaçının yaşadığı mənzildə hesabat 4 nəfər ailə üzvünə görə aparılmışdır. Qeyd olunmalıdır ki, iddiaçı cəzaçəkmə müəssisəsində olmuş və hesabat dörd nəfər üzərindən aparılmışdır. İddia ərizəsinə əsasən iddiaçı ailə üzvlərinin həmin ünvanda yaşamadığını qeyd etsə də, bu barədə təsdiqedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə,

Qətetdi:

İddia təmin edilməsin. Qətnamədən, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamə tərəflərin onu rəsmi qaydada qəbul etdiyi gündən 01 ay müddətində apellyasiya şikayəti verilməmişdirsə qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar