Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4150/2021 16.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4,Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDX-nin 7 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4,Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDX-nin 7 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-0014, KOD51002018 olan dövlət aktının onlara- X1(ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4,Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçilər ərizə ilə məhkəməyə müraciət edərək JN-0014, KOD51002018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında olan adların düzəliş edilməklə hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilən sənəd rayon aqrar islahat komissiyasının qərarı əsasında verilmiş və sənədin bir nüsxəsi rayon şöbəsində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələbinə görə, maraqlı orqan özü ərizəçinin tələb etdiyi düzəlişi etmək səlahiyyətinə malikdir, eyni zamanda həmin orqan düzəliş etmədikdə və ya hərəkətsizlik göstərdikdə isə ərizəçilər hərəkət və ya hərəkətsizlikdən müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Bundan başqa, MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsi müvafiq orqan tərəfindən icra edilməsi mümkündür. Odur ki, ərizəçi göstərilən dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli olduğu halda birbaşa ərizə ilə fakt təstiqi qaydasında məhkəməyə müraciət etmişdir. Əslində isə hazırki işə fakt təsdiqi qaydasında baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə izah olunmalıdır ki, göstərilən tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, tələbin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər MPM-in 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4,Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDX-nin 7 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-4150/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4150/2021
16.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver