Məhkəmə qərarları › İş №2(021)-4250/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4250/2025

21.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4250/2025 21.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh X6 İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesabanmış 2701,44 (iki min yeddi yüz bir manat 44 qəpik) manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı ev, bütün kommunal xərclər, o cümlədən qaz sayğacı onun adınadır. Mavi qazdan istifadə etməklə istifadə etdikləri qazın pulunu da vaxtlı-vaxtında ödəyir. "Azəriqaz" İB-nin X6 İdarəsinin Bərdə rayon filialının əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə sayğaca baxış keçirilmiş və ******* saylı akt yazılmışdır. Aktda qeyd edilir ki, “Komissiya üzvlərinin iştirakı ilə əraziyə baxış keçirilən zaman aşkar olundu ki, abonent qanunsuz olaraq 15 mm-lik dəmir boru ilə 76 mm küçə xəttinə qoşularaq oğurluq məqsədi ilə sayğacdan kənar təbii qazdan istifadə edir. Tutulmuş qanunsuz qaz xətti qaynaq vasitəsi ilə ləğv edildi. İtitrilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir”. xx.xx.2023-cü il tarixli akta əsasən buna görə ona 2701,44 manat cərimə yazılmışdır. O, nə qaz sayğacına, nədə qaz xəttinə heç bir müdaxilə etməmişdir. Çünki sayğac onun qapısından içəridə deyildir. Yolda olan bir sayğaca və qaz xəttinə gecə-gündüz nəzarət edə bilməz. Sayğaca müdaxilə etməsi fiziki olaraq qeyrimümkündür. Yaşlı qadındır, nə gücü, nə də bacarığı yoxdur ki, qaz xəttinə hər hansı müdaxilə edə bilsin. Qaz xəttinə kimlərin və hansı məqsədlə müdaxilə etdiyini müəyyən etmək onun imkanları xaricindədir. Həmin günlərdə səhhəti ilə bağlı mülaicə olunduğundan evdə olmamışdır. Əgər qanunsuz qoşulma mövcuddursa, bu onun xəbəri və icazəsi olmadan baş vermiş ola bilər. Heç vaxt qaz oğurluğu ilə məşğul olmamış və belə bir niyyəti də olmamışdır. Əksinə, dövlətə və qanunlara hörmətlə yanaşan bir vətəndaş olaraq bütün ödənişlərini vaxtında etmişdir. Onun üzərinə qoyulmuş bu ittiham həm mənəvi, həm də maddi cəhətdən çox ağır yükdür. Güclə dolanan, sağlamlıq imkanları məhdud bir insan olaraq əsassız şəkildə 2701,44 manat məbləğində cərimələnməsi nə ədalətə, nə də qanuna uyğundur. Onun heç bir yerdən gəliri yoxdur, müalicəsinə və dərmanlarına pulu güclə tapır. Odur ki, ona yazılmış 2701,44 manatı cəriməni ödəməsi qeyri-mümkündür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, onun aşkar edilən xətdən məlumatı olmamış, heç vaxt həmin xətdən istifadə etməmişdir. 2 ildən artıq bir müddətdir ki, Bakı şəhərində övladlarının yanında yaşayır, bu müddət ərzində evdə baldızı Qaratel Səfərova yaşamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərmişdir ki, qazdan qeyri-qanuni istifadə etdiyindən iddiaçıya 2700 ( iki min yeddi yüz) manat cərimə yazılmışdır. Hadisə yerində foto və video çəkiliş aparılmışdır. Hadisə yeri ilə bağlı foto şəkilləri əldə etsə də, video çəkilişləri əldə edə bilməmişdir. Videoçəkiliş telefon vasitəsilə aparılmış, videoçəkiliş aparmış əməkdaş təqaüdə çıxdığından, çəkilişlər onun telefonunda qalmış və silinmişdir. Ona görə də videoçəkilişləri məhkəməyə təqdim edə bilmir. İddiaçıya borc bir il üçün hesablanmışdır. İddianın təmin olunmamasını xahiş edir. Cavabdeh İB-nə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 oktyabr 2025-ci il tarixli 612 saylı arayışından görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı ünvan 1ində qeydiyyatdadır, yaşayır. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 28 avqust 2023-cü il tarixli XS-30-01177/23 nömrəli müqavilədən görünür ki, paylayıcı-Cavabdeh İB-nin Tərtər RQİİ Bərdə Xidmət Sahəsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçı-İddiaçı keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 01 sentyabr 2023-cü il tarixli ******* nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı ünvan 1ində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonent qanunsuz olaraq 15 mm-lik dəmir boru ilə 76 mm-lik küçə xəttinə qoşularaq oğurluq məqsədi ilə sayğacdan kənar təbii qazdan istifadə edir. Tutulmuş qanunsuz qaz xətti qaynaq vasitəsilə ləğv edildi. “Dəymir ziyanın bərpasına dair” 31 avqust 2023-cü il tarixli Tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ-3 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 365 gün qəbul edilməklə, PQ-4 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 365 gün qəbul edilməklə, QSQ-24 l-lik maksimal saatlıq qaz sərfi 2,4 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 365 gün qəbul edilməklə, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 1.2x12x365=5256 m3, 0.8x12x365=3504 m3, 2,4x12x365=10512 m3, 1.5x12x180=3240 m3, cəmi 22512 m3. Abonentin saldosundan görünür ki, ünvan 1ində yaşayan İddiaçı 2023-cü ilin avqust ayında 2701,44 manat cərimə hesablanmışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı abonentin qanunsuz olaraq 15 mm-lik dəmir boru ilə 76 mm-lik küçə xəttinə qoşularaq oğurluq məqsədi ilə sayğacdan kənar təbii qazdan istifadə etməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2023-cü ilin avqust ayına kimi mütəmadi olaraq iddiaçının yaşadığı ünvana quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, lakin heç bir qanunsuz qoşulma halı aşkar edilməmişdir. Lakin sonuncu dəfə 2023-cü ilin avqust ayında baxış keçirilərkən xəttə qanunsuz qoşulma aşkar etmişlər. Lakin bütün bunlara baxmayaraq iddiaçıya 365 gün üçün hesablama aparılmışdır. Bundan başqa 01 sentyabr 2023-cü il tarixli ******* nömrəli Aktda İddiaçı akta imza etməkdən imtina etməsi qeyd edilsə də, sonuncu ümumiyyətlə baxış keçirilməsində və aktın tərtib edilməsində iştirak etmədiyini, həmin dövrdə Bakı şəhərində yaşadığını, ona məxsus evdə isə baldızı Qaratel Səfərovanın yaşadığını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçıya məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən telefon vasitəsilə videoçəkiliş aparıldığını və fotolar çəkildiyini bildirsə də, həmin videoçəkilişi məhkəməyə təqdim edə bilməmiş, təqdim edilən fotoşəkillərin surətləri ilə isə hər hansı bir qanun qozuntusunun aşkar edildiyini, o cümlədən fotoşəkillərdə əks edilən xəttin məhz iddiaçıya məxsus olan evə aid olmasını aydınlaşdırmaq mümkün olmamışdır. Bundan başqa iddiaçı 1965-ci ildə anadan olmaqla yaşlı qadındır, uzun müddətdir Bakı şəhərində oğlunun yanında yaşayır. Ona görə də onun sayğacdan kənar xəttə qoşulması inandırıcı deyil. Qeyd olunan qanunsuz xəttin kim tərəfindən, hansı məqsədlə qoşulması barədə isə hər hansı bir sübut işə əlavə edilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış borc silinməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdehnə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 01 sentyabr 2023-cü il tarixli, ******* nömrəli Aktı əsasında İddiaçı yazılmış 2701,44 (iki min yeddi yüz bir manat 44 qəpik) manat məbləğində cərimə silinsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar