Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-499/2022 08.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı X3 iştirakları ilə, İddiaçı X3 cavabdeh “X8” qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı X1 İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh “Azəriqaz”İB-nin RQİİ-nin Bərdə rayon əmək-daşları tərəfindən qanunssuz hesablanmış 432,0 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Azəriqaz İB-nin əməkdaşlarıtərəfindən ona 432,00 manat borc yazılmışdır. Bu borcun hüquqi əsası kimi Azəriqaz İB 29 oktyabr 2021-ci il tarixli ******* saylı akt əsasında yazdıqları, guya onun tərəfindən qaz sayğacına müdaxilə etməyi göstərilmişdir. Belə ki, cavabdeh olan Azəriqaz İB tərtib etdiyi 29 oktyabr 2021-ci il ******* saylı aktda qeyd edilir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deçilib, həmin akta o, imza etməmişdir, Azəriqaz İB-nin 22 sentyabr 2021-ci il tarixli 44430484 saylı aktla köhnə sayğac yeni sayğacla əvəz edilmişdir. Azəriqaz İBnin ona göndərdiyi 08 noyabr 2021-ci il tarixli bildirişdə isə borcun 63.34 manat göstərilibdir. O, həmin altmış üç manatdan 20 manat poçtla ödəniş etməyə gedəndə, poçtda komputerdə oturan xanım ona deyibdir ki, xala sizin 432 manat borcunuz vardır. Özü ikinci qrup əlildir, himayəsində iki azyaşlı uşaqla boşanmış qızı var, onlar cəmi dövrd nəfərdilər. Evdə az yaşlı uşaqlar olmasına baxmayaraq onlar kasib aztəminatlı ailə olduqları üçün evdə istilik yandıra bilmirlər ki, ödəyə bilməyəcək-lər. Bu gün belə bu qış ayında onun nəvələri evin altında tam isinə bilmir. Günki kasıb adamlardırlar, evdə qazanıb gətirənləri yoxdur, bu faktı bilə bilə Azəriqaz İB-nin əməkdaşları götürüb ona borc yazırlar. Müəyyən edilmiş borcun heç bir əsası yoxdur, bu vətəndaşdan tutulan əsassız varlanmaya səbəb olan qanun pozuntusundan başqa bir şey deyil, sayğaca nəzarəti də qaz idarəsinin əməkdaşları həyata keçirdirlər, qiymətləndirmə də özlərinə aiddir. Belə olan halda o neçə əmin olsun ki, qaz idarəsi iddiasında doğrudur ya yanlışdır. İkinci qaz sayğacı həyətdən çöldə quraşdırılıb və gecə saatlarında yaxud da gündüz işdə olduğu vaxtlarda ona davamlı nəzarət edə bilmək imkanına sahib deyil və ümumiyyətlə vətəndaşın borcu da deyil ki, onun imkanlarından xaric olaan işlər üçün özünü məsuliyyətli hesab etsin. Vaxtında həmin sayğacı həyətin daxilində quraşdırsaydılar onlarda bilərdilər ki, həmin sayğaca nəzarət barəsində məsuliyyət tamamı ilə onların üzərindədir, ağıl, məntiq tələb edir ki, hər insan onun imkanı və gücü daxilində ola biləcək öhdəliklərə görə məsul tutulsun. Amma belə görünür ki,Azəriqaz İB özlərinin əsası olmayan və qanunilikdən kənar olan ənənələrinə sadiqlik nümayiş etdirərək, bu dəfədə vətəndaşı borclu çıxarmağı öz məntiqləri etibraı ilə daha məqsədə uyğun hesab ediblər.Onun nə marağı var ki, sayğaca müdaxilə etsin,bu savadsız məmur ordusunu X10 İb-nə yığmaqla yoxsa Gürcüstandakı erməni kilsəsinə pulsuz verilən qazın ödənişini onun kimi tənha, himayəsində iki azyaşlı nəvəsi və boşanmış qızı olan qadının cibindən çıxartmaq istəyirlər. Azəriqaz İb hesab edir ki, sayğaclara həyətdənkənar nəzarət mütləq mənada vətəndaşın borcudur. Lakin vətəndaşın bu cür haqqsız bir öhdəliyin hüquqi məsuliyyəti ilə yüklənməsi ədalətlilik prinsipinı ziddir. Olmalı olmayan öhdəlik üzrəinə hüquqi məsuliyyət qurmağın adı vətəndaşı qanun adına soymağın mədəni formasıdır. Bu məsələ Azəriqaz tərəfindən qaranlığa daş atmaq kimi bir davranışdır. Çünki sayğacla bağlı baş vermiş nöqsanın onun təqsiri səbəbi ilə baş verməsinə dair təkzibedilməz dəlillər olmadığı halda verməsinə dair təkzibedilməz dəlillər olmadığı halda, sadəcə zənn ilə mühakimə irəli sürmək həqiqətən də qaranlığa daş atmaq kimi şeydir. Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz ASC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə iclası barədə bildiriş cavabdehin ünvanına çatmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayən-dəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmirşdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavab-dehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməmə-yinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzssiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X5 20 sentyabr 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə şəhər, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7549 nömrəli, 16 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 ünvan 1 nömrəli evdə yaşayır. İş materiallarında olan X13ydalarının pozulması haqqında 29 oktyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla ünvan 1 ünvanında X3 fərdi evində quraşdırılmış sayğacın plastmas qapağının alt hissəsinin deşici alət vasitəsi ilə deşilməsinin aşkar olunması aktlaşdırılmışdır. İş materiallarında olan Qaz sayğacının quraşdırılması haqqında 29 noyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla ünvan 1 ünvanında X3 fərdi evində quraşdırılmış sayğacın yenisi ilə əvəz edilməsi aktlaşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********00900 X3 qalıq və aktlar üzrə borcu 432,0 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə,qaz sayğacı ilə təchiz edilmə onun quraş-dırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir.Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğaca vaxtında baxış keçirilməməsi isə birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. İddiaçı X3 barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, iddiaçının iddiasını təkzib edəcək, eləcə də “X13ydalarının pozulması haqqında” 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktın doğruluğunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X3 iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən X4 (abonent kodu: **********00900) hesablanmış 432,0 (dörd yüz otuz iki) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-499/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-499/2022
08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver