Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-550/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azəriqaz İB-nin Tərtər regional Qaz İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 777.60 manat cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Komunal xərclər və qaz sayğacı onun adınadır. Onlar mavi qazdan istifadə etməklə, istifadə etdikləri qazın pulunu da vaxtıvaxtında ödəmişlər. Azəriqaz İB-nin Tərtər regional qaz idarəsinin Bərdə rayon filialının əməkdaşları xx.xx.2023-cü ildə sayğaca baxış keçirilmiş və ******* saylı akt yazılmışdır. Aktda qeyd edilir ki, kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, plasmas boruda deşik aşkar olunmuşdur. Xətalar normadan artıq olmuşdur. Minimal sərfiyyatda 100% nisbi xəta ilə işləmişdir. Hesablama mexanizmi minimal sərfiyyatdan keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Sayğac yenisi ilə əvəz olunmalıdır. xx.xx.2023-cü il tarixdə Azəriqaz İB Tərtər regional Qaz İdarəsinin Bərdə rayon filialının əməkdaşları onlar mənzilinə yeni sayğac quraşdırmışlar. xx.xx.2023-cü il tarixli akta əsasən sayğaca işləməsində nisbi xəta aşkarlanmışdır və buna görə ona 777.60 manat cərimə yazılmışdır. Belə ki qaz sayğacına heç bir müdaxilə edilməmiş, çünki sayğac qapısından içəridə deyildir. Ona görə də məhkəməyə müraciət edərək cavabdeh Azəriqaz İB-nin Tərtər regional Qaz İdarəsinin Bərdə rayon filialı tərəfindən qanunsuz hesablanmış 777.60 manat cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, **********04000 abonent kodu olan İddiaçı 777.60 manat məbləğində borcu mövcuddur. xx.xx.2023-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı məxsus qaz sayğacında borusunda dəlik aşkar edilmişdir. 0398199 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğac minimal sərfiyyatdan keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Yenisi ilə əvəz olunmalıdır. Sayğacın dəyəri və dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanının bərpasına dair tələbnamədən görünür ki,dəymiş ziyanın həcmi 6×12×90=6480 m3 xx.xx.2024-cü il tarixli 151 saylı arayışdan görünür ki, Bərdə rayonu Mirzəxan- Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Türkmən kənd sakini İddiaçı ailə üzvləri: arvadı- X1, qızı - X5, oğlu-X2r. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı, smart sayğac ekranından zədə alması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işdə mövcud deyildir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına əsasən hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Beləliklə, abonent tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi:
1. İddia təmin edilsin.
2. Cavabdeh Tərtər RQİİ Bərdə rayon filialı nümayəndələri tərəfindən İddiaçı yazılmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində cərimə silinsin.
3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev