Məhkəmə qərarları › İş №2(021)-633/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-633/2025

21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-633/2025 21.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X1” qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı cavabdeh “X1” qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 620.30 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Zümürxan kəndində yaşayır. Daima mavi yanacaqdan istifadəyə görə hesablanmış qaz pulunu vaxtlı-vaxtında ödəmişdir. 2018-ci ildə mexaniki sayğac dəyişdirilərək smartkart sayğacla əvəz edilmişdir. Sayğac tam işlək vəziyyətdə olmuşdur. Lakin buna baxmayaraq “Azəriqaz İB”-nin X7 İdarəsinin Bərdə rayon xidmət sahəsinin əməkdaşları 20 iyul 2023-cü ildə qaz sayğacına baxış keçirərək “guya” müəyyən etmişlər ki, sayğac mənfiyə doğru işlədiyi üçün açılaraq mexaniki sayğacla əvəz edilmişdir. Barəsində qanunsuz akt tərtib edilmişdir. Halbuki, sayğac işlək vəziyyətdə olmuş, sayğaca tərəfindən heç bir müdaxilə edilməmişdir. Sayğac guya mənfiyə doğru işlədiyi üçün 620.30 manat borc yaranmışdır. Hazırda 779,24 (yeddi yüz yetmiş doqquz manat iyirmi dörd qəpik) manat borcun olması barədə ona bildiriş verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, tərəfindən sərf olunmuş mavi yanacağın dəyəri sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq vaxtı-vaxtında ödənilmiş, eyni zamanda quraşdırılmış sayğaca hər hansı bir kənar müdaxilə olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, göstərdi ki, İddiaçı **********02360 saylı qaz hesabında 620.30 (altı yüz iyirmi manat otuz qəpik) manat məbləğin 580.30 manat məbləği istifadə etdiyi təbii qaza görə borcdur, 40 manat məbləğ isə sayğacın klapanı işlək vəziyyətdə olmadığı üçün “sayğac mənfiyə işləməsi” səbəbindən yaranmış borcdur, iddiaçının tərəfindən ödəniləcək məbləğdir, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına istinad: İş materiallarında olan Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Bərdə rayonu Zümürxaç kəndində doğulmuşdur. ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli 432 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Zümürxan kəndində yaşayır. İş materiallarında olan Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında №5090997 saylı xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, İddiaçı adına olan qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş abonentin saldosunun çıxarışından görünür ki, Abonent kodu: **********02360 olan abonent İddiaçı adına olan ünvan 1i ünvanında yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2023-cü il üçün borcu 620.3 manat təşkil edir. İş materiallarında olan Cavabdeh İB-nin nümayəndəsi X4 tərəfindən verilmiş iddiaya qarşı etiraz ərizəsindən görünür ki, İddiaçı Cavabdeh lstehsalat X3 Qaz İstismarı İdarəsinin Bərdə Xidmət Sahəsinin abonenti olmaqla **********02360 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı **********02360 saylı qaz hesabında 620.30 (altı yüz iyirmi manat, otuz qəpik) manat məbləğin 580.30 manat məbləği istifadə etdiyi təbii qaza görə borcdur, 40 manat məbləğ isə sayğacın klapanı işlək vəziyyətdə olmadığı üçün „sayğac mənfiyə işləməsi " səbəbindən yaranmış borcdur, iddiaçının tərəfindən ödəniləcək məbləğdir. Məhkəmənin nəzərinə çatırır ki, İddiaçı təbii qazdan istifadə etdiyi müddət ərzində istifadə etdiyi qazın borcunu vaxtlı-vaxtında ödəməmişdir, nəticədə 2018-ci ilin oktyabr ayına 1150 manat debitor borcu olmuşdur. İstehlakçıya dəfələrlə borcunun ödənilməsilə bağlı xəbərdarlıqlar edilsədə, ödəniş etməmişdir. Cavabdeh ödəniş etməyən abonentlər barəsində müvafiq tədbirlər görür ki, bunlardan biri samrt sayğacların quraşdırılması və müəyyən faiz ödədiyi puldan çıxmaqla borcunun ödənilməsini həyata keçirir, İddiaçı fərdi evinə Smart sayğacı quraşdıraraq ödədiyi məbləğdən bir qisminin borcuna bir qisminin isə təbii qazdan istifadə üçün çıxılması ilə bağlı tədbirlər görülmüşdür. 2023-cü ilin iyul ayında sayğac dəyişdirilən zamanı smart tipli sayğacda olan 580 manat borc İddiaçı hesabına vurulmuşdur. Diğər 40 manat məbləğ smart sayğacı mənfiyə işlədiyi zaman yaranmış borcdur. Belə ki, Bərdə rayonu, Zümürxan kəndində yaşayan İddiaçı abonent kodu **********02360) mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış **********6 nömrəli smart G-4 itiron tipli qaz sayğacına baxış keçirilərkən sayğacın klapanının işlək olmadığı və mənfiyə işlədiyi aşkarlanmışdır. Bu səbəbdən **********6 nömrəli smart G-4 İtiron tipli sayğac abonentin iştirakı ilə imza edilərək, akt tərtib olunmuşdur. G-4 İtiron tiplilər əvvəlcədən ödənişli qaz sayağaclarının işləmə prinsipi abonent əvvəlcədən ödəniş edir, edilmiş ödənişə əsasən sayğacın 1 bölməsində ödənişə uyğun qaz m3 görsənir. Abonent qazdan istifadə etdikcə 1 bölməsində olan həmin qaz azalmağa doğru gedir.1 bölməsindəki qaz 0 m3 olanda klapan bağlanır və sayğac qazı buraxmır və bu zaman abonent yenidən ödəniş edir, klapan açılır İddiaçı məxsus **********8 nömrəli smart G-4 İtiron tipli sayğacın 4-cü bölümundə sayğacından istifadə etdiyi müddətdə qazın həcmi 10210 m3 olmuş, İstifadə etdiyi qazın ödədiyinin həcmi isə 10010 m3 olduğu qeydə alınmışdır. 1-cü bölümdə abonent sayğaca pul yüklədikdə klapan açılır, yüklənmiş pulun məbləği bitdikdə klapan bağlanır. Lakin İddiaçı istifadə etdiyi smart tipli sayğacda yüklənmiş pul bitsədə, klapan texniki səbəbdən bağlanmamış, açıq qalmış, abonent bunadan fürsət bilərək üzün müddət pul yükləmədən qazdan istifadə etmişdir. Bu da 1-ci bölüm hissəsində mənfiyə getmiş təbii qazın həcmi 200 m3qeydə alınmışdır. Yəni yuxarıda qeyd olunan sayğacdan istifadə etdiyi ümumi qazın həcmi 200 m3 olmuşdur. Ödəmədiyi qazın həcmi 200 m3 olmuşdur və Abonent tərəfindən 40 manat borc ödənilməlidir. Tətbiq edilən hüquq: «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı hissəsinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş abonent saldosundan görünür ki, 09/2010 tarixdə abonentə yeni sayğac quraşdırılmış və həmin sayğac quraşdırılanadək abonent tərəfindən 3494.10 m3 qaz istehlak olunmuşdur. İddiaçı tərəfindən həmin dövrədək ödənilmiş, lakin qaz paylayıcısı tərəfindən nəzərə alınmamış ödənişi təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Qeyd edilən həcmdə qaz sərfiyyatı üzrə hesablanmış 349,41 manat məbləğində borca görə mütəmadi ödənişlər aparılmasa da, istehlakçı tərəfindən qaz sərfiyyatına görə ödənilmiş məbləğlər nəzərə alınmışdır. Bununla belə 10/2018-ci il tarixdə istehlakçıya “Smart” tipli “C-4” markalı sayğac quraşdırılarkən istehlakçı tərəfindən əvvəlki dövlər üzrə ödənilməmiş borc və istifadə etdiyi qaz sərfiyyatı də nəzərə alınmaqla 1150 manat borcu olmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh İB tərəfindən “Smart” tipli “C-4” markalı sayğacın qaz sərfiyyatı ilə bağlı göstəricisinin mənfiyə getməsi səbəbindən 8/2023-cü il tarixdən etibarən abonentə yeni “Zenner” tipli “C-4” markalı mexaniki sayğac quraşdırılmışdır. 8/2023-cü il tarixə istehlakçının qaz sərfiyyatına görə borcu 620.30 olmuşdur. Bu məbləğdən istehlakçının qaz sərfiyyatına görə borcu 580.3 manatdır. Məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia tələbi təmin edilməməlidir. “Smart” tipli “C-4” qaz sayğacının sərfiyyatla bağlı məlumatın mənfi göstərməsi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktla həmin sayğacın dəyişdirilərək yenisi ilə əvəz edilməsi sayğacdakı nasazlığın göstəricisidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh daşıdığından nasaz sayğac tərəfindən hesablanmış 40 manat borc məbləği silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********02360) hesablanmış 40 (qırx) manat məbləğində borcu silinsin. İdia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar