Məhkəmə qərarları › İş №2(021)-754/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-754/2025

06.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-754/2025 06.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X1” qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı cavabdeh “X1” qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 777.6 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qarabağ qəsəbəsində yaşadığı mənzilə gedən qaz xəttinin üzərində quraşdırılmış 10349609 nömrəli qaz sayğacına Bərdə qaz idarəsinin əməkdaşları baxış keçirərək sayğaca guya müdaxilə edildiyini bildirmiş və xx.xx.2023-cü il tarixdə sayğacı sökərək yoxlamaya göndərmişlər. 2023-cü ilin avqust ayında isə ona 777.60 manat cərimə yazılmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, göstərdi ki, sayğacın sökülməsi, yeni sayğacın quraşdırılması barədə ona heç bir xəbərdarlıq edilməmiş, məlumat verilməmişdir, köhnə sayğacın sökülməsi barədə akt tərtib olunmuşdur, lakin orada olmadığından akta da imza etməmişdir, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: İş materiallarında olan AA seriyalı №5581853 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 4475 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşayır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli №5188172 saylı Aktdan görünür ki, İddiaçı adına olan qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli №0398012 saylı Aktdan görünür ki, İddiaçı adına olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plastmas borcunun deşilib, xətalar normadan artıqdır, minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğacın istismara yararsız olması, sayğacın yenisi ilə əvəz olunması, sayğacın dəyərinin və dəymiş ziyanın abonent tərəfindən ödənilməsi aktlaşdırılmışdır. İddia ərizəsinə əlavə edilmiş abonentin saldosunun çıxarışından görünür ki, Abonent kodu: **********03260 olan abonent İddiaçı adına olan Bərdə rayon Qarabağ qəsəbəsi ünvanında yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2023-cü il üçün borcu 777.60 manat təşkil edir. Tətbiq edilən hüquq: «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı hissəsinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh İB tərəfindən “Elster G-4T” tipli “10349609 nömrəli sayğacın qaz sərfiyyatı ilə bağlı göstəricisinin mənfiyə getməsi səbəbindən 9/2023-cü il tarixdən etibarən abonentə yeni “Elster G-4T” tipli 13739216 nömrəli sayğac quraşdırılmışdır. “Elster G-4T” tipli “10349609 nömrəli qaz sayğacının sərfiyyatla bağlı məlumatın mənfi göstərməsi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktla həmin sayğacın dəyişdirilərək yenisi ilə əvəz edilməsi sayğacdakı nasazlığın göstəricisidir. Məhkəmə hesab edir ki, sayğacın çıxış plastmas borusunun deşilməsi iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən **********03260 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borc silinməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh daşıdığından 777.60 manat borc məbləği silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********03260) hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar