Məhkəmə qərarları › İş №2(021)-760/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-760/2022

16.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-760/2022 16.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh “Azəriqaz” İB-nin X1 İdarəsinin əmkdaşaları tərəfindən qanunsuz hesablanmış 225,70 (iki yüz iyirmi beş manat yetmiş qəpik) manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Laçın rayonundan məcburi köçkün olmaqla Bərdə rayonu, Qaradağlı kəndində məskunlaşıb yaşayır. Daim mavi yanacaqdan istifadəyə görə hesablanmış qaz pulunu heç vaxt gecikdirmədən vaxtlı-vaxtında ödəmişdir. “Azəriqaz” İB-nin X1 İdarəsinin Bərdə rayon filialının əməkdaşları onlara məxsus qaz sayğacına baxış keçirərək müəyyən etmişlər ki, həmin sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bundan başqa kamera vastəsilə sayğacın daxilinə baxış keçirilmiş kənar təsir izləri aşkar edilmədiyi müəyyən edilmişdir. Sonradan sayğac yenisi ilə əvəz olunmuşdur. Tərtib edilmiş akt qanunsuz olduğundan tərəfindən imzalanmamışdır. Halbu ki, sayğac işlək vəziyyətdə olmuş, sayğaca onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilməmişdir. Bu səbəbdən ona 225,70 manat cərimə yazılmış və cərimə borcunun olması barədə “Abonent Saldosu” verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, tərəfindən sərf olunmuş mavi yanacağın dəyəri sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq vaxtı-vaxtında ödənilmiş, eyni zamanda quraşdırılmış sayğaca hər hansı bir kənar müdaxilə olunmamışdır. Əlavə olaraq qeyd edir ki, hazırda həmin cərimə məbləğini ödəməyə maddi imkanım yoxdur, məcburi köçkündür. Hesab edir ki, sayğaca onlar tərəfdən kənar müdaxilə və borcları olmadığından onlara qanunsuz yazılmış 225,70 manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək hesablanmış əsas borcun 144 manat qeyd edilərək silinməsininə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli 17 dekabr 2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı Bərdə rayonu Qaradağlı kəndində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilmədi. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan İddiaçı 2021-ci ilin dekabr ayında 144 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye Qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı sayğacın hesablama mexanizminin keçən qazı qeydə almaması və bunun mübahisələndirilən aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının delektə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflərarasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-cimaddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilmişdir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərinə və zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarının 4.9-cu maddəsinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Lakin işin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də həmin sayğaca konkret olaraq iddiaçı tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, qaz sayğacının hesablama mexanizminin qazın sərfini qeydə almaması iddiaçının təqsirli hərəkətləri ilə baş verdiyi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 17 dekabr 2021-ciil tarixli ******* nömrəli aktı əsasında İddiaçı yazılmış 144 (bir yüz qırx dörd) manat məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar