Məhkəmə qərarları › İş №2(021)-915/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-915/2024

07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-915/2024 07.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanunsuz yazılmış 172,80 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi var. Hər kəsin qaz sayğacı çöldə olduğu kimi onların da qaz sayğacı çöldə divarın üstündə yerləşdirilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən onların xəbərləri olmadan qaz sayğacına ümumi baxış keçirilmiş və baxış keçirildikdən sonra onun adına 10 may 2023-cü il tarixli, ******* saylı Akt tərtib edilmişdir. Aktda isə sayğaca ümumi baxış keçirildiyini, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyini və sayğacın istismara yayarsız olduğunu bildirirlər. Aktda qeyd olunmuşdur ki, sayğac yenisi ilə əvəz olunmalıdır və sayğacın dəyəri və dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. O isə yeni qaz sayğacının quraşdırılmasınından imtina etmişdir. Qaz sayğacı dövlət yoxlanılmasından keçib gəldikdən sonra onlara məlum olmuşdur ki, qanunsuz olaraq onlara 172.80 manat məbləğində cərimə yazılmışdır. Hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsindən və sayğacın istismara yayarsız olmasından nə onun, nə də ailə üzvlərinin xəbəri olmamışdır. Onlar hər ay davamlı olaraq qaz pulundan ödəmiş və ən son qaz pulunu ödədikləri zaman onlara belə qanunsuz cərimə yazıldığını bilmişlər. Qanunsuz yazılmış cəriməyə görə hal-hazırda onların qazlarını kəsmək istəyirlər. Halbuki, o, müxtəlif zamanlarda müəyyən olunmuş məbləğdə qaz pulundan ödəmişdir. Onun qazdan az istifadə etməsinə baxmayaraq onlara qanunsuz olaraq cərimə yazmış və həmin cəriməni onlardan tələb edirlər. Onun həmin cərimə məbləğini ödəməyə heç bir imkanı yoxdur, o cümlədən bu cərimə qanunsuz olaraq yazılmışdır. Belə bir cərimənin yazılması və aktın tərtib olunması üçün heç bir əsas olmamışdır. Bunun üçündə qanunsuz yazılmış 172.80 manat məbləğində olan cərimənin silinməsini istəyir. Çünki həmin cərimə qanunsuz olaraq, qaz idarəsinin əməkdaşlarının səhv hərəkəti nəticəsində yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, yaşadığı evə quraşdırılmış sayğac keçən qazın həcmini qeyd etməmişdir. İşlətdiyi qazın dəyərini vaxtı-vaxtında ödəsə də, oğlu əməliyyat olunduğundan bəzi aylarda qaz pulunu ödəyə bilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə Ağdam rayonu Xındırıstan kəndində anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. 10 may 2023-cü il tarixli, ******* nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı ünvan 1ndə yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. “Dəymir ziyanın bərpasına dair” 30 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 4 x 12 x 30 = 1440 m3. Abonentin saldosundan görünür ki, ünvan 1ndə yaşayan İddiaçı 2023-cü ilin aprel ayında 172,80 manat cərimə hesablanmışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə baxış zamanı sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanına quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd eyməməsi müəyyən edilmişdir. Bu səbəbdən dəymiş ziyanın həcmi hesablanmış (qaz sayğacının maksimal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə: 4 x 12 x 30 = 1440 m3) və iddiaçıya 30 günlük qazdan istifadəyə görə 172,80 manat məbləğində cərimə hesablanmışdır. Göründüyü kimi, hesablamalar qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanmış, iddiaçıdan yalnız bir ay (30 gün) ərzində istifadə etdiyi qaza görə məbləğ tələb edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı keçən qazın həcmini qeyd etməmiş, iddiaçı isə həmin dövr ərzində qazdan istifadə etmişdir. Belə olan halda iddiaçı qaz sayğacının keçən qazın həcmini qeyd etmədiyi dövrdə istifadə etdiyi qazın pulunu ödəməlidir. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdehnə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar