Məhkəmə qərarları › İş №2(021)-98/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-98/2022

29.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-98/2022 29.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğlunun və vəkili X5, Cavabdeh vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh "cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, arxın açılması və tikilinin dayandırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə rayon Qazıqurdalı kəndində yerləşən ümumi arxın açılması və həmin arxın üzərində tikilən tikilinin dayandırılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kənddə islahat gedərkən 1998-ci il tarixdə ona Bərdə rayon Birinci Qaradəmirçi kəndinə 0.12 ha və 0.83 ha pay torpaq sahəsi verilmişdir. Həmin 0.83 ha torpaq sahəsinə xx.xx.2015-ci il tarixdə, Seriya RX№ ******* saylı çıxarış və 0.12 ha tporpaq sahəsinə isə xx.xx.2020-ci il tarixdə çıxarış almışdır. O, həmin torpaq sahələrində əkin əkib becərib təsərrüfatla məşğul olur. İslahat dövründən bu vaxta qədər həmin torpaq sahələrini kənd arxı ilə suvarmış, həmin arx isə kənd təsərrüfatı və həyətyanı torpaq sahələrinin suvarılması üçün istifadə olunurdu. Lakin hazırki iş üzrə Cavabdeh həmin arxın içərisini doldurub və hal-hazırda da orada ev tikir. O, xeyli müddətdir ki, torpaq suvara bilmir. Dəfələrlə cavabdehdən arxın açılmasını və tikintilinin dayandırılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsini məhkəməyə təqdim edən zaman iddia tələbini yalnış olaraq qeyd etdiyini, hal-hazırda iddia tələbinin “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə rayon Qazıqurdalı kəndində yerləşən arxdan onun mülkiyyətinə keçən su arxının açılması və tikilinin dayandırılması” tələbi olaraq qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X11 iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X6 bildirdi ki, iddia ərizəsini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bərdə rayonun Qaradəmirçi kəndində anadan olmuşdur. Bərdə rayonun Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1433 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonun Qazıqurdalı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1432 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı arvadı X3, oğlu X10, gəlni X12, nəvəsi X7, qızı X8 və nəvəsi X17 ilə birlikdə Bərdə rayonun Qazıqurdalı kəndində yaşayırlar. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1434 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı iddia etdiyi arx kənd təsərrüfatlı və həyətyani torpaq sahələrinin suvarılması üçün istifadə olunan ümumi arxdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı orpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli, qeydiyyat nömrəsi ********* olan Seriya RX № ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0.16 ha kənd təsərrüfatı təyinatlı orpaq sahəsi Cavabdeh tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş № AA 00663 nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0.16 ha torpaq sahəsinin hüquq sahibi Cavabdehdır. Məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış protokolundan görünür ki, iddiaçının suvarma üçün istifadə etdiyi arx ümumi kənd əhalisi üçün nəzərdə tutulan arxdır. Həmin arxdan istifadə etmək üçün mütləq qaydada cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsindən keçməklə istifadə oluna bilər. Həmçinin məhkəmə müəyyən etdi ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi ilə çıxarışda ona məxsus olan torpaq sahəsinin ölçüləri uyğun gəlmir. Belə ki, faktiki istifadə etdiyi sahə daha çox təşkil edir. Həmçinin cavabdehin istifadə etdiyi torpaq sahəsində iki ev yerləşir. Biri tam tikili olmaqla istifadəyə yararlı, digəri isə yarımçıq tikilidir ki, iddiaçı həmin yarımçıq tikilinin dayandırılmasını istəyir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş MİR-006 nömrəli, 04 fevral 2022-ci il tarixli rəyində qeyd olunmuşdur:

1. Cavabdeh naturada istifadə etdiyi torpaq sahəsində tikilmiş yarımçıq tikili ona RX seriyalı ******* saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsinin daxilində yerləşmir.

2. Sözügedən tikilinin yerləşdiyi torpaq sahəsinin qonşu hasarında cavabdehin məhkəməyə təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX ******* nörəli çıxarışın ayrılmış hissəsi olan koordinatları özündə əks etdirən A 000663 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında 69.97 metr məsafə var. (rəyin xərci 311 manat təşkil edir) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********46 nömrəli, 13 iyun 2022-ci il tarixli rəyində qeyd olunmuşdur:

1. Qeyd olunmuş yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin 36.12 kv.m hissəsi Elektron bazasında mövcud Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reryestrində **********82 reyestr nömrəli çıxarışla X1 mülkiyyətindədir.

2. Sözügedən tikilinin yerləşdiyi torpaq sahəsinin qonşu hasarı ilə cavabdehin məhkəməyə təqdim etdiyi RX0266921 saylı çıxarışla mülkiyyətə verilmiş 0.16 ha torpaq sahəsinin AA 000663 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla təhkim olunmuş həyətyanı torpaq sahəsi arasında 69.97 metr məsafə digər mülkiyyətçilərin mülkiyyətindədir. (rəyin xərci 95 manat) İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə rayon Qazıqurdalı kəndində yerləşən arxdan onun mülkiyyətinə keçən su arxının açılması hiəsində təmin olunmalı, tikilinin dayandırılması hissəsində isə subyektiv hüququ olmadığından rədd olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki;

1. Qeyd olunmuş yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin 36.12 kv.m hissəsi Elektron bazasında mövcud Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reryestrində **********82 reyestr nömrəli çıxarışla X1 mülkiyyətindədir.

2. Sözügedən tikilinin yerləşdiyi torpaq sahəsinin qonşu hasarı ilə cavabdehin məhkəməyə təqdime tdiyi RX0266921 saylı çıxarışla mülkiyyətə verilmiş 0.16 ha torpaq sahəsinin AA 000663 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla təhkim olunmuş həyətyanı torpaq sahəsi arasında 69.97 metr məsafə digər mülkiyyətçilərin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı Cavabdeh qarşı iddia qaldırsa da, əslində iddia etdiyi yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin 36.12 kv.m hissəsi Elektron bazasında mövcud Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reryestrində **********82 reyestr nömrəli çıxarışla X1 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu Qaradəmçi kəndində yerləşən torpaq sahələrinə gedən su yolunun təbii axımı Cavabdeh hesabına bərpa edilməli, Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mütəxəsisi rəyi üzrə ödənilmiş 311 manat və 95 manat mütəxəssis xərci cavabdehdən alınaraq iddiaçıya aid dənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh "cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, arxın açılması və tikilinin sökülməsi"nə dair iddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən torpaq sahələrinə gedən su yolunun təbii axımı Cavabdeh hesabına açılsın, Cavabdeh qeyriqanuni hərəkətlərinə son qoyulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Mütəxəssis rəyi üzrə ödənilmiş 311 manat və 95 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar