Məhkəmə qərarları › İş №2(022)-825/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-825/2025

29.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-825/2025 29.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Moirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Biləsuvar rayon Notariat Ofisinə qarşı miras əmlaka vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, məhrum atası X5 xüsusi mülkiyyət olan, ata və anasının ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən, miras əmlak kütləsinə daxil olan ev əmlakında vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsindən cavabdehlərdən Biləsuvar Notariat Kontorunun verdiyi imtinanın əsassız hesab edilməsi və birinci növbəli vərəsə statusunda olduğunu nəzərə alaraq qeyd edilən evin miras əmlak hesab edilməsi, həmin miras əmlak kütləsində vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Biləsuvar Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərmişdir ki, Biləsuvar rayonu, Nizami küçəsi, ev 11-in mülkiyyətçisi 1938-ci il təvəllüdlü atası X9 xx.xx.2024-cü ildə Biləsuvar şəhərində beyin infarktından vəfat etmişdir. X1 xx.xx.2009- cu ildə dünyasını dəyişmişdir.Valideynləri arasında 16 iyul 1966-cı il tarixdə bağlanmış birgə nikahdan İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 anadan olmuşdur. ünvan 1 ünvanında olan həyət evi atası X7 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış və müvafiq Çıxarış verilmişdir. Ata və anasının ölümündən sonra miras əmlak sayılan bu evdə vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Biləsuvar Notariat ofisinə etdiyi müraciətə xx.xx.2024- cü il tarixli №1047 saylı məktubda, vərəsələr arasında mübahisə olduğu üçün AR MM-nin 1291 maddəsinə əsasənə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə verərək və iddia tələbini müdafiə edərək göstərmişdir ki, Biləsuvar Notariat Ofisinin verdiyi məlumata əsasən vərəsəliyin açılması və vərəsəliyə çağırılma ilə bağlı qanunvericilikdə mövcud olan 6 aylıq müddət xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Biləsuvar rayon Notariat Ofisinə xx.xx.2025-ci il tarixdə təkrar ərizəsinə verilən xx.xx.2025-ci il tarixli 301 saylı cavab məktubunda mərhum atası X7 vəfatından sonra qalmış miras əmlaka aid vərəsəlik işinin açılması, vərəsələrin dairəsinin müəyyən edilməsi, miras əmlakın qəbulu və ya imtinası ilə bağlı vərəsələr rəsmi olaraq çağrılsa da, onlar Notariat ofisinə gəlməmişlər. Miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında ciddi ixtilaflar olduğu halda AR MM-in 1291-ci maddəsinə əsasən mübahisənin məhkəmə qaydasında baxılması əsası ilə ərizəsinə imtina verilmişdir.Odur ki, məhrum atası X5 xüsusi mülkiyyətçisi olduğu, ata və anasının ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən, miras əmlak kütləsinə daxil olan ev əmlakında vərəsəlik payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsinə cavabdehlərdən Biləsuvar Notariat Kontorunun verdiyi imtinanın əsassız hesab edilməsi və birinci növbəli vərəsə statusunda olduğunu nəzərə alaraq qeyd edilən evin miras əmlak hesab edilməsi, həmin miras əmlak kütləsində vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Biləsuvar Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, ona görə də vərəsələrin miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, X7 adına ünvan 2 ünvanında 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata (reyestr nömrəsi **********29- 10301) alınmışdır. İş materiallarında olan Biləsuvar rayon Notariat Ofisinin 05 noyabr 2024-cü il tarixli 1047 saylı cavab məktubundan görünür ki, İddiaçı miras əmlakla bağlı ofisə müraciət etmiş və notariat ofisi araşdırma apararaq müəyyən etmişdir ki, X7 vəfatından sonra qalmış miras əmlaka aid vərəsəlik işinin açılması, vərəsələrin dairəsinin müəyyən edilməsi, miras əmlakın qəbulu və ya imtinası ilə bağlı vərəsə olan şəxslər rəsmi olaraq çağrılsa da, onlar Notariat ofisinə gəlməmişlər.Miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında ciddi ixtilaflar olduğu halda AR MM-in 1291-ci maddəsinə əsasən mübahisənin məhkəmə qaydasında baxılması əsası ilə ərizəsinə imtina verilmişdir. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, X9 ilə X3 nikahları Biləsuvar rayon Qeydiyyat Şöbəsində 16 iyul 1966-cı il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli № 05/Q-965/69 saylı arayışdan görünür ki, X6 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli № 05/Q-966/69 saylı arayışdan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 02 sentyabr 2021-ci tarixli vəsiyyətnamədən görünür ki, X9 ölümündən əvvəl notarial qaydada təsdiq edilməklə vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə ilə ölüm gününədək ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini qızı Cavabdeh3 vəsiyyət etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159-cu maddəsində qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr və onların mirasdan pay almaq qaydası müəyyən edilmişdir. Burada vərəsələr miras qoyanla qohumluq münasibətinin dərəcəsinə görə mirasdan pay almaq hüququna malik olmaqla əvvəlki növbənin vərəsəsinin mövcud olması sonrakı növbənin vərəsəsinin miras əmlakın vərəsəsi olması hüququnu istisna edir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə yuxarıda qeyd olunan sübutlara qiymət verərək hesab edir ki, mirasın açılması ilə həmin mirasdan pay almaq hüququ olan vərəsələrin mirasın qəbulu və ya ondan imtina hüququ ilə bağlı hüquqları yaranmış olur. Ona görə də Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsində eyni zamanda mirası qəbul edən vərəslərin mirası qəbul etməmiş, lakin miras əmlakdan pay almaq hüququ olan və mirası qəbul etmək arzusunda olan digər həmin növbənin vərəsələrinin hüquqi müdafəsini nəzərdə tutan bir sıra qanunvericilik normalarını müəyyən etmişdir. Qeyd olunan normaların tələblərinə əməl edilməməsi mirasdan pay almaq hüquq olan vərəsələrin miras paydan məhrum olunmasına gətirib çıxarır. Ona görə də qanunverici mirasın qəbulunun iki qaydasını müəyyən etmişdir: mirasın faktiki qəbulu və mirasın notariat orqanına ərizə verməklə qəbul edilməsi. Mirasın fakitiki qəbulu vərəsənin mirasa faktiki sahiblik etməsi ilə qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamamilə qəbul etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X9 ölümündən əvvəl vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə ilə ölüm gününədək ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini qızı Cavabdeh3 vəsiyyət etmişdir. MM-nin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qeyd olunan maddi hüquq normasının tələbindən görünür ki, vərəsələrdən Cavabdeh3 mərhum atası X7 miras əmlakına qanun üzrə vərəslik hüququ olan yeganə vərəsəsi hesab olunur. Lakin iş materiallarından görünür ki, vəsiyyət olunan miras əmlakı mərhum X2 Leyla Əlixan qızı ilə birgə nikah dövründə əldə etmişlər. Ona görə də digər birinci növbənin vərəsələri olan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 həmin miras əmlaka anaları mərhum X3 payına münasibətdə qanun üzrə vərəsəlik hüquqları vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni zamanda mərhum X9 bütün əmlakını, o cümlədən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini qızı Cavabdeh3 vəsiyyət etsə də, vəsiyyətnamənin məzmunudan asılı olmayaraq İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qeyd olunan miras əmlakdan məcburi pay almaq huquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əssən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən ibarət miras əmlakda mərhum X3 ikidə bir (1/2) hissədə payına münasibətdə Cavabdeh3, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 vərəsə olaraq üçdə bir (1/3) hissədə miras payının olması, ataları İddiaçı qalan miras əmlakda ikidə bir (1/2) hissədə payına münasibətdə vəsiyyət üzrə vərəsə Cavabdeh3 dörddə bir (1/4) hissədə, digər vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh2 səkkizə bir 1/8) hissədə məcburi miras paya malik olması nəzərə alınmaqla, bütün miras əmlakda Cavabdeh3 iyirmi dörddə on (10/24) hissədə, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin bütün miras əmlakda iyirmi dörddə yeddi (7/24) hissədə miras payları müəyyən edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X4 miras qalmış Biləsuvar şəhəri, Nizami küçəsi 11 saylı fərdi yaşayış evinə və 0,07 ha həyətyanı torpaq sahəsinə Cavabdeh3 iyirmi dörddə on (10/24) hissədə, İddiaçı iyirmi dörddə yeddi (7/24) hissədə, Cavabdeh1 iyirmi dörddə yeddi (7/24) hissədə və Cavabdeh2 iyirmi dörddə yeddi (7/24) hissədə miras payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar