Məhkəmə qərarları › İş №2(023)-1083/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1083/2024

18.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1083/2024 18.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 18 sentyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 777.60 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, onun qazdan istifadəçi kimi abunə kodu **********00000-dir. Daha doğrusu hazırda qazdan istifadəçi kimi abunə kodu 1990-cı ildə vəfat etmiş atası X3 adınadır. O, atasından qalmış miras əmlakı faktiki qəbul edib təsərrüfatı idarə edir. 08 noyabr 2023-cü il tarixdə yaşadığı ünvanda qaz sayğacından yanıq iyi gəldiyi üçün Qazax rayon qaz xidmət sahəsinin işçisi, qonşusu Məmməd Salmanova müraciət etmiş, sonuncu da Qazax qaz xidmət sahəsinə telefonla onun adından məlumat vermişdir. Xidmət sahəsinin əməkdaşları gəlib sayğacın şəklini çəkib getmişlər. Hənin vaxt sayğacın xarici görünüşündə hər hansı bir dəyişillik və ya nasazlıq olmamışdır. 23 noyabr 2023-cü il tatixdə o evdə olmayan zaman qaz xidmət sahəsinin əməkdaşları onun istifadə etdiyi sayğaçı çıxardıb, yenisi ilə əvəz etmişlər. Həmin vaxt onlar aktın surətini nə ona, nə də ailə üzvlərinə təqdim etməmişlər. Həmin vaxtdan təqribən 1 ay sonra, 27 dekabr 2023-cü il tarixdə “Azəriqaz” istehsalat birliyinin əməkdaşları qazdan sitifadə qaydalarının pozulması ilə bağlı mərhum babasının adını qeyd etməklə ******* saylı akt tərtib etmişlər. Ancaq akt onlara təqdim edilməmişdir. Aktda sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sındığı, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, qazın keçdiyi hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfiyatın qeydə alınmadığı və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Azərbaycan Metraligiya İnstitutunun 25 dekabr 2023-cü il tarixli rəyində 10170369 nömrəli sayğaca baxış zamanı da “sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sındığı, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, qazın keçdiyi hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfiyatın qeydə alınmadığı və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Tərtib edilmiş aktlardan görünür ki, xidmət sahəsinin əməkdaşları sayğacı 23 noyabr 2023-cü il tarixdə dəyişmələrinə baxmayaraq, Metrologiya institutuna 21 dekabr 2023-cü il tarixdə təqdim etmişlət. Həmin müddət ərzində sayğac harada, hansı şəraitdə saxlanıldığı və hansı şəraitdə daşındığı məlum deyil. Eyni zamanda Azəriqaz İB-nin əməkdaşları cərimə yazan zaman qanunvericiliyin heç bir tələbinə əməl etməmişlər. Ona görə də hesab edir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən hesablanmış pul borcu qanunsuz və əsassızdır və ləğv edilməlidir. Halbuki sayğac açılarkən onda heç bir müdaxilə və kənar təsir izi olmamışdır. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına “Azəriqaz” İstehsalat Birliyi cavabdehdir. Qazdan istifadə qaydalarının ziddinə olaraq nə əvvəlki sayğac, nə də sonra quraşdırılmış sayğac örtüklə örtülməmişdir. Cavabdeh özünün qorumalı olduğu halda sayğacı qorumamışdır, ona görə də hər hansı müdaxilə varsa belə, bu cavabdehin öz təqsiri üzündəndir. Göründüyü kimi cavabdeh Qazdan istifadə qaydalarının tələblərini və bu qaydalar əsasında hazırlanmış müqavilənin müddəalarını pozmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23 noyabr 2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənib, sayğacın çıxarılma səbəbi: sayğacın ekranının qırılması olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən X3 istifadəsində olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən evinə quraşdırılmış “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdıər, qazın keçdiyi hesablama mexanizminin açıq vəziyyətdədir, sərfiyat qeydə alınmır. Sayğac istismara yararsızdır.“ Həmin akt Qazax XS üzrə TQQ və SX-nın rəisi Müşfiq Yusifov, Arifə Qasımova və Mahir Məmmədzadə tərəfindən imzalanmışdır, aktı Şaban Binnətov imzalamamışdır. “Qaz sayğacının yoxlanılması haqqında” 25 dekabr 2023-cü il tarixli, AKT MSK-14-2- 2/3-5-13411/Q002 nömrəli Aktdan görünür ki, “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdıər, qazın keçdiyi hesablama mexanizminin açıq vəziyyətdədir, sərfiyat qeydə alınmır. Sayğac istismara yararsızdır.“ Abonent X1 görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin dekabr ayına 777.60 manat borc hesablanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1990-cı ildə ölmüşdür. Qazax RİHB-nın Orta Salahlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.1990-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra oğlu İddiaçı mərhuma məxsus miras əmlakı faktiki olaraq qəbul edib təsərrüfatı idarə etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətlərindən yaranmış mübahisə mövcuddur. Belə ki, cavabdeh təşkilat təbii qazdan istifadə ilə bağlı vəzifələri yerinə yetirir, iddiaçı isə təbii qazdan istifadə ilə bağlı xidmətlərin haqqını ödəyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Qazax rayonu Qazaxbəyli kəndində yerləşən evdə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçının mərhum atası Şaban Binnətovun adına olan sayğaca borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən mərhum X4 hesablanmış 777.60 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mərhum X4 hesablanmış 777.60 manat məbləğində borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar