Məhkəmə qərarları › İş №2(023)-110/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-110/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-110/2025 04.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayevin Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Kamil qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının iştirakları ilə, İddiaçı Kamil qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin yaşayış sahəsindən istifadə hüququna kompensasiya əsasında xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə 04 mart 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Kamil qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən evinin yaşayış sahəsindən istifadə hüququna 2000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, eləcə də Cavabdeh1, Cavabdeh2, azyaşlı uşaqları X4 və X3 Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən evinin yaşayış sahəsindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Kamil qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə onun gəlinidir. Cavabdeh1 evləndikdən sonra həyat yoldaşı Cavabdeh2 yaşadıqları ünvana gəlin gətirmişdir. Əvvəllər Cavabdeh2 ilə münasibətləri normal olsada, sonradan münasibətləri kəskin dərəcədə pisləşmiş və mütəmadi olaraq evdə mübahisə yaranmışdır. Hətta bununla bağlı dəfələrlə Qazax RPŞ-yə müraciəti olmuş və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunan fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən veriimiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat və **********05-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdehlər həmin evdə yaşamaqla onun üçün arzuolunmaz şərait yaratmışlar. Cavabdenlər birgə yaşayış qaydalarına əməl etmirlər. Dəfələrlə gəlini və oğlu tərəfindən söyülüb təhqir olunmuş və ev əşyaları məhv edilmişdir. O təqaüdçüdür, evi köhnə evdir. Evin yerləşdiyi Qazax rayonu, Birinci Şıxlı kəndində həmin şəraitdə yaşayış evinin aylıq kirayə haqqı ən yüksək halda 50-100 manat təşkil edir. Cavbdehlərlə birgə yaşamağı mümkün deyildir, cavabdehlər bu evdə yaşamaqla onun mülkiyyət hüquqlarını pozurlar. Hesab edir ki, cavabdehlərdən oğlu Cavabdeh1 2000 (iki min) manat verilməklə onun mülkiyyətində olan evin yaşayış sahəsindən istifadə hüququna kompensasiya əsasında xitam verilməli, eləcədə gəlini Cavabdeh2 himayəsində olan uşaqları və əşyaları ilə birlikdə onun evindən çıxarılmalıdır. Bu məbləğ kifayət edir ki, cavabdehlər eyni şəraitli evdə davamlı yaşayış yeri ilə təmin olunsun. Məhkəmə iclasında İddiaçı Kamil qızı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, qeyd olunan ev onun mülkiyyətindədir. Cavabdehlər bu illər ərzində evdə heç bir təmir-tikinti işləri aparmamışlar. Artıq cavabdehlərlə bir evdə yaşamaqları qeyri-mümkündür. Belə ki, cavabdehlərlə münasibətləri kəskin dərəcədə pisləşmişdir, mütəmadi olaraq evdə mübahisə yaranır və onu söyüb təhqir edirlər. Cavabdehlərin ona məxsus evdən çıxmaları üçün 2000 manatdan artıq kompensasiya ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, evdən çıxmaq istəmir. Belə ki, qeyd olunan evdə onun da əməyi vardır. Belə ki, o evin təmirinə təxminən 9-10 min manat xərc çəkmişdir. İddiaçının təklif etdiyi məbləğdə kompensasiya ilə həmin şəraitdə evdə yaşamaq mümkün deyildir. İddiaçı 20000 manat kompensasiya verdiyi halda evdən çıxa bilər. İddianı təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və evdən çıxmaq istəmədiyini bildirmişdir. Belə ki, iddiaçının təklif etdiyi məbləğdə kompensasiya ilə həmin şəraitdə evdə yaşamaq mümkün deyildir. İddiaçı 20000 manat kompensasiya verdiyi halda evdən çıxa bilər. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. İşdə materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 iyun 2020-ci il tarixli, **********05-10301 reyestr nömrəli Çıxarış”ın surətindən görünür ki, Qazax rayonunun Birinci Şıxlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam, torpaq sahəsi ¼ hissə İddiaçı Kamil qızının, torpaq sahəsi ¼ hissə Cavabdeh1, X6 və X1 mülkiyyəti kimi qeyd edilmişdir. Qazax rayon İHB-nın Birinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kazımova X11 rayonu Birinci Şıxlı kəndində yaşayır və onun ailə üzvləri - X5, Cavabdeh1, Cavabdeh2, X4 və X2 ibarətdir. Qazax rayon İHB-nın Birinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəliyi ərazisində kirayə müqaviləsi bağlanmadığından kirayə evlərin qiyməti onlara məlum deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiyəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi daha sonra qeyd etmişdir ki, Konstitusiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlakına sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarrının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddaəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2ci maddaəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında verilmiş şərhinə əsasən hesab edir ki, kompensasiya verilməsi ilə əvəzləşdirmə, mülkiyyətçinin hüququdur və mülkiyyətçinin bu cür iddia ilə müraciət etməsi qanunidir, lakin bu cür iddia ilə müraciət edərkən mülkiyyətçi tərəfindən elə bir miqdarda kompensasiya təklif olunmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı yaratması mümkün olsun. Eyni zamanda məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi ilə bağlı qeyd edir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı işlər fərqli xüsusiyyətlərə malik olduqlarından kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Həmçinin evin kimin mülkiyyətində olması, evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması, evdən istifadə hüququ olan şəxslərin sayı və onlara münasibətləri, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, evdən çıxarılan şəxsin himayəsində azyaşlı uşaqlarının olması, kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti, istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi, kompensasiya ödənilən şəxsin evin tikintisində, təmirində, bərpasında rolu, istifadə hüququnun yaranma əsası, kompensasiya ödənilən şəxsin digər yaşayış yerinin olub-olmaması, yaşayış yerinin sahəsi, yaşayış sahəsinin yerləşdiyi ərazi, yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə kirayə haqqının məbləği kimi halların olub-olmaması araşdırılmalı və bütün bunlar nəzərə alınmaqla kompensasiya məbləği müəyyən olunmalıdır. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət ərzində eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərlir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə bu meyarlara əsaslanaraq iddiaçı tərəfindən cavabdehə təklif olunan 2000 manatı yetərli hesab etmir. Məhkəmə qeyd edir ki, kompensasiyanın məbləği müvafiq bazar qiymətinə uyğun olaraq verilməlidir. Müəyyən müddət baxımından cavabdehlərin başqa yaşayış yerinin olmamasını, təklif olunan məbləğin cavabdehlərin müəyyən müddət ərzində eyni şəraitdə yaşamaq üçün yetərli olmadığını və onların taleyini önə çəkərək məhkəmə təklif olunan kompensasiyanın məbləğinin yetərli olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Kamil qızının cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi müqabilində təklif etdiyi 2000 manat cavabdehlərin real vəziyyətinə, həyat şəraitinə, qanuni mənafelərinə uyğun deyildir. Mülkiyyətçinin təklif etdiyi məbləğ cavabdehlərin istifadə hüququna mütənasibliyi təmin etmir, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddaəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqelərə uyğun deyildir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Kamil qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin yaşayış sahəsindən istifadə hüququna kompensasiya əsasında xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Kamil qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin yaşayış sahəsindən istifadə hüququna kompensasiya əsasında xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar