Məhkəmə qərarları › İş №2(023)-1167/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1167/2023

18.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1167/2023 18.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 18 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanına hesablanmış 6578 manat elektrik enerjisinin istifadəsinə görə borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 26 sentyabr 2023-ci il tarixli məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin qismən təmin edilməsi, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanına hesablanmış cərimə borcunun 1000 manat məbləğində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanı mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu dövrdə istifadə etdiyi elektrik enerjisinin borcunu vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh tərəfindən quraşdırılmış sayğac dəfələrlə xarab olmuş və bunun nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək marketdəki ərzaqların və ət dükanındakı ət məhsullarının xarab olduğunu bildirmişdir. Lakin cavabdeh müraciətlərinə məhəl qoymamış və sayğacı dəyişdirməmişdir. Ondan sayğacın dəyişdirilməsinə görə külli miqdarda pul istəmişdir. Nəhayət cavabdehin bu kimi məsuliyyətsiz əməllərindən bezərək əlavə xət çəkib 17 gün müddətində istifadə etmişdir və həmin müddət ərzində istifadə etdiyi elektrik enerjisinə görə borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh Azərişıq tərəfindən xx.xx.2023-cü il tarixli elektrik enerjisindən istifadəyə görə akt tərtib olunmuş və 6578 manat borc hesablanmışdır. Cavabdeh hazırda həmin məbləği ondan tələb edir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Qazax rayonu İkinci Şıxlı kəndində Səmədoğlu market və ət dükanı ona məxsusdur. Ona məxsus mağazada sərf olunan elektrik enerjisinin borcunu vaxtlı-vaxtında ödəmişdir. Onun mağazasına quraşdırılmış sayğac nasaz olduğundan, artıq yük olan kimi avtomatik xətdən ayrılmış və bu səbəbdən mağazadakı məhsullar xarab olaraq ona ziyan dəymişdir. Sayğacın dəyişdirilməsi ilə bağlı müraciətlərinə məhəl qoyulmadığına görə sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. Hazırda ona 6578 manat borc hesablanmışdır və həmin borcdan ödənişlər etmişdir. O sayğacdan kənar cəmi 17 gün enerjidən istifadə etmişdir. İddianın 1000 manat məbləğində təmin edilməsini istəyir. 1000 manat cərimə ödəməyə razıdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASCnin təsis etdiyi “X5 Təchizatı və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X1 əməkdaşları tərəfindən sayğac uçot dəstinə baxış keçirilmiş, baxış zamanı sayğacın zədələnməklə, sayğacdan kənar birbaşa xətt qoşulma faktı aşkar olunmuşdur. Aşkar olunmuş enerji pozuntusuna dair İddiaçı barəsində “EEİQ-nın pozulmasına dair xx.xx.2023-cü il tarixli AKT NDQ 016215 saylı akt tərtib olunmuşdur. Akt əsasında iddiaçı tərəfindən cəmi dəyəri 6678 manat təşkil edən 365 gün üçün 60707 kvts miqdarında ititrilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Baxış keçirilən zaman videoçəkiliş aparılmışdır. İddiaçı sözügedən cərimədən müəyyən məbləğ ödəniş etmiş, hazırda onun 2377.77 manat cərimə borcu qalmışdır. Ödənilməmiş 2377.77 manat cərimənin 1000 manat məbləğində təmin edilməsinə etiraz etməmişdir. Məhkəməyə ərizə verərək, iddianın 1000 manat məbləğində təmin edilməsinə etiraz etməmişdir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin İddiaçı barəsində “EEİQ-nın pozulmasıəna dair tərtib olunmuş akta əsasən iddianın 1000 manat məbləğində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli AKT NDQ 016215 saylı aktdan görünür ki, EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman obyektə məxsus elektrik sayğacı dövrədən kənarlaşdırılmışdır. Kənar xətt sayğacın giriş sip xəttinin hər üç xəttini zədələyərək naqil vasitəsi ilə çəkilərək obyektə sayğacdan kənar xətt ötürülmüşdür. "xxxx" ASC-nin AKT Komissiyasının icra vərəqindən görünür ki, xx.xx.2023-cü il tarixli AKT NDQ 016215 saylı akt əsasında 365 gün üçün 60707 kvts miqdarında itirilmiş enerjinin dəyəri 6678 manat hesabat aparılmışdır. "xxxx" ASC-nin xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək olan abunə haqqında olan çıxarışdan görünür ki, İddiaçı Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən ona məxsus **********90001 abuna kodlu sayğaca hesablanmış 6677.77 manat cərimədən 4300 manat ödəniş etmiş, hazırda onun 2377.77 manat borcu qalmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Qazax rayonu İkinci Şıxlı kəndində yaşayır və ona məxsus obyektdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 20 iyun 2023-ci ilin sayğaca baxış keçirmişlər və iddiaçıya 6578 manat borc hesablanmışdır. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin qismən təmin edilməsi, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanına hesablanmış cərimə borcunun 1000 manat məbləğində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən ona məxsus **********90001 abuna kodlu sayğaca hesablanmış 6677.77 manat cərimədən 4300 manat ödəniş etmiş, hazırda onun 2377.77 manat borcu qalmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini tələb etmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, İddiaçı Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanına hesablanmış 6578 manat elektrik enerjisinin istifadəsinə görə borcundan müəyyən məbləğ ödəniş etdikdən sonra onun 2377.77 manat cərimə borcu qalmışdır. Ödənilməmiş 2377.77 manat cərimənin 1000 manat məbləğində təmin edilməsi ilə bağlı tərəflər razılığa gəldiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanına hesablanmış 6578 manat məbləğində borc 1000 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanına hesablanmış 6578 manat məbləğində borcun ödənilməmiş hissəsi olan 2377.77 manat cərimə silinərək 1000 manat məbləğində müəyyən edilsin və 1000 manat məbləğində pul İddiaçı alınıb "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar