Məhkəmə qərarları › İş №2(023)-1212/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1212/2023

26.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1212/2023 26.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri X1 və X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin X13 Təhcizatı və Satışı İdarəsinə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nin X13 Təhcizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X13 Təhcizatı və Satışı İdarəsinin nəzarətçisi X2 Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən evində quraşdırılmış ********** saylı sayğac üzrə hesablanmış 2805,95 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən evdə qeydiyyatda olsa da, 2016-cı ildən hal-hazıra kimi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanda yaşayır. Buna baxmayaraq "xxxx" ASC-nin X13 Təhcizatı və Satışı İdarəsinin nəzarətçisi X6 onun Qazax rayonu Hüseynbəyli kəndində yerləşən evinə quraşdırılmış ********** saylı sayğac üzrə 2805,95 manat məbləğində ödəniş etməsi barədə qəbz yazmışdır. Hesab edir ki, 2016-cı ildən hal-hazıra kimi həmin evdə yaşamadığına görə elektrik enerjisindən istifadə etmədiyi üçün heç bir ödəniş etməməlidir. Qeyd etdiyi ünvanda yaşamadığı halda cavabdeh təşkilata 2805,95 manat məbləğində ödəniş etməsi elektrik enerjisindən istifadə qaydalarına və qanunvericiliyə tamamilə ziddir. Həmçinin onu da qeyd etmək istəyir ki, onun evinə quraşdırılmış sayğac tamamilə köhnədir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən evdə qeydiyyatda olsa da, 2016-cı ildən hal-hazıra kimi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda yaşayır. xx.xx.2023-cü ildə həyat yoldaşının 40 mərasimində "xxxx" ASC-nin X13 Təhcizatı və Satışı İdarəsinin nümayəndələri onun evinə gəlib sayğaca baxış keçirərkən 2016-cı ildən evdə yaşayış olmadığını, yalnız həyəti işıqlandırmaq üçün axşamlar bir lampa yanmasını bildirmişdir. Həmin vaxt ona 100 manat borcu olduğunu bildirmişlər və o həmin məbləği ödəmişdir. Onun evinə quraşdırılmış sayğac həyətyanı sahədən kənarında yerləşir. Hazırda onun evinə quraşdırılmış sayğac üzrə 2805,95 manat borc barədə qəbz yazılmışdır. Sayğac üzrə hesablanmış borcdan 1200 manat ödəməyə razıdır. Həmin borcun hissə-hissə ödənilməsi üçün ona vaxt verilməsini xahiş edir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi teleqramda üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, Qazax rayonu, Hüsynbəyli kəndində X3 məxsus fərdi yaşayış evinə quraşdırılmış ********** saylı sayğaca hesablanmış borc limitdən artıq sərfiyyatı keçdiyinə görə hesablanmışdır. Dəfələrlə bildiriş yazılmış, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı həmin vaxt evdə olmamışdır. Xüsusi mülkiyyətdə olan sayğaclara nəzarət abonentin öz üzərinə düşür. Cavabdeh "xxxx" ASCnin X13 Təhcizatı və Satışı İdarəsinin nəzarətçisi X2 Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən evdə quraşdırılmış ********** saylı sayğac üzrə hesablanmış 2805,95 manat məbləğində borcun 1200 manat məbləğində təmin edilməsinə etiraz etmir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək, "xxxx" ASC-nin nümayəndəsi X1 izahatına uyğun izahat vermişdir. Məhkəmə cavabdehin nümayəndələrinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Hüseynbəyli kəndində ********** saylı sayğac üzrə 2805,95 manat ödəniş edilməsi barədə qəbz yazılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Qazax rayonu, Hüseynbəyli kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 2023-ci ilin mart ayında baxış keçirmişlər və iddiaçıya 100 manat borcu olduğunu bildirmişlər. Bundan bir müddət sonra, yəni xx.xx.2022-ci il tarixli bildirişdə abonentə 2805,95 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini tələb etmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən, həmçinin tərəflərin sözügedən borcun 1200 manat məbləğində müəyyən edilməsinə dair razılaşmalarına əsasən, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin X13 Təhcizatı və Satışı İdarəsinin nəzarətçisi X2 Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən evdə quraşdırılmış ********** saylı sayğac üzrə hesablanmış 2805,95 manat məbləğində borc 1200 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən evə quraşdırılmış ********** saylı sayğac üzrə hesablanmış 2805,95 manat məbləğində borc silinərək 1200 manat məbləğində müəyyən edilsin və 1200 manat məbləğində pul İddiaçı alınıb "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar