Məhkəmə qərarları › İş №2(023)-1268/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1268/2023

16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1268/2023 16.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 16 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə X7, Nümayəndə, X6, X8, X1 ümumi birgə mülkiyyətinə Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmış JN–117 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və 0,19 ha həyətyanı torpaq sahəsinə dair verilmış JN–610F KOD 50113018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X8”na aid hissədə “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Torpağa mülkiyyət hüququna dair JN– 117 KOD 50113018 nömrəli Dövlət Aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN– 610F KOD 50113018 nömrəli Şəhadətnamədə onun adı “Ərizəçi” əvəzinə yanlış olaraq “X8” kimi qeyd edilmişdir. Halbuki bütün sənədlərində onun adı “Ərizəçi” kimi qeyd edilmişdir. Qeyd olunan Dövlət Aktında və Şəhadətnamədə olan səhvlik torpaq sahələri ilə bağlı sənədləşmənin aparması üçün ona çətinlik yaradır, onun hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və rəisi Ədalət Cabbarov məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə doğulmuş Ərizəçi atası X7, anası X2r. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə doğulmuşdur. İş materiallarında olan JN–117 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən 2,02 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, Nümayəndə, X6, X8, X1 mülkiyyətinə verilmişdir. JN–610F KOD 50113018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsi X7, Nümayəndə, X6, X8, X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5-58-8-12-21/2-402/2023 saylı arayışdan görünür ki, JN–117 nömrəli Dövlət Aktında və JN–610F nömrəli Şəhadətnamədə Ərizəçi adı səhvən X3 qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–117 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı “Ərizəçi” kimi göstərilsə də, JN–117 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN–610F KOD 50113018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X8” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X8” ilə şəxsiyyət vəsiqəsi və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–117 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN–610F KOD 50113018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–117 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN–610F KOD 50113018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X8”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN–117 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN–610F KOD 50113018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X8”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar