Məhkəmə qərarları › İş №2(023)-1317/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1317/2024

08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1317/2024 08.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 08 oktyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qazax rayonu Xanlıqlar kəndindəki ünvanında yerləşən yaşayış evində olan **********00000 abonet kodlu sayğaca əsassız hesablanmış 518.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, Qazax qaz xidmət sahəsinin əməkdaşları şifahi şəkildə Qazax rayonu Xanlıqlar kəndindəki ünvanında yerləşən yaşayış evində olan sayğacla bağlı borc hesablandığını bildirmişlər, lakin borcla bağlı heç bir rəsmi məlumat verilməmişdir. Bununla bağlı Azəriqaz Qazax Xidmət Sahəsinə müraciət edərək tərtib edilmiş akt və abonent saldosunu əldə etmişdir. Onun qazdan istifadəsinə dair Abonent Saldosundan görünür ki, 518.40 manat borc yaranıb. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı AKT ilə sayğac yenisi ilə əvəzlənmişdir. Qaz sayğacının yoxlanılması haqqında 25 iyun 2024-cü il tarixli, ******* saylı aktda "sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas zavod plombdan 1 ədədinin aşkar olunmadığı, istifadəyə yarasız olduğu müəyyən edilmişdir."sayğaca laborator baxış keçirən təşkilat müstəqil təşkilat deyil və "Azəriqaz" İBnin orqanıdır. Sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir ki, bu da qanunsuzdur və gəldiyi nəticəni öncədən şübhə altına alır. Ümumiyyətlə, cavabdehin bu nəticəyə gəlməsi Qazdan istifadə qaydalarına və onun əsasında hazırlanmış abonent müqaviləsinə də ziddir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına “Azəriqaz” İstehsalat Birliyi cavabdehdir. Qazdan istifadə qaydalarına zidd olaraq nə əvvəlki sayğac, nə də sonra quraşdırılmış sayğac örtüklə örtülməmişdir. Cavabdeh özünün qorumalı olduğu halda sayğacı qorumamışdır, ona görə də hər hansı müdaxilə varsa belə, bu cavabdehin öz təqsiri üzündəndir. Sayğac evdən kənarda quraşdırılıb və ayda 2 dəfə Azəriqazın əməkdaşı sayğacı yoxlayır. Göründüyü kimi cavabdeh Qazdan istifadə qaydalarının tələblərini və bu qaydalar əsasında hazırlanmış müqavilənin müddəalarını pozmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 01 aprel 2024-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənib, sayğacın çıxarılma səbəbi: sayğacın sərfiyyatı qeyd etməməsi olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan Qazax rayonu Xanlıqlar kəndində yerləşən evinə quraşdırılmış “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas zavod plombdan 1 ədədinin aşkar olunmadığı, istifadəyə yarasız olduğu müəyyən edilmişdir.“ Həmin akt Qazax XS üzrə TQQ və SX-nın mühəndisi Arifə Qasımova, texnik Fəridə İsgəndərova və nəzarətçi Fuad babayev tərəfindən imzalanmışdır, aktı İddiaçı imzalamamışdır. “Qaz sayğacının yoxlanılması haqqında” 10 iyun 2024-cü il tarixli, AKT M 0791 nömrəli Aktdan görünür ki, “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas zavod plombdan 1 ədədinin aşkar olunmadığı, istifadəyə yarasız olduğu müəyyən edilmişdir.“ Abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2024-cü ilin iyun ayına 518,40 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətlərindən yaranmış mübahisə mövcuddur. Belə ki, cavabdeh təşkilat təbii qazdan istifadə ilə bağlı vəzifələri yerinə yetirir, iddiaçı isə təbii qazdan istifadə ilə bağlı xidmətlərin haqqını ödəyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Qazax rayonu Xanlıqlar kəndində yerləşən evdə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçının adına olan sayğaca borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 518,40 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 518,40 manat məbləğində borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar