Məhkəmə qərarları › İş №2(023)-149/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-149/2025

15.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-149/2025 15.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 avqust 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Qazax rayonunun Canallı kəndi ərazisindən keçən, magistral qaz boru kəmərinin 423-cü km-də, qaz kəməri ilə 5 (beş) metr məsafədə mişar daşı ilə inşa edilmiş və dam örtüyü qoyulmayan yaşayış evi təyinatlı tikilinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonunun Canallı kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametiri Dş 700 mm-lik yüksək təzyiqli ’’Qaradağ-Tbilisi” magistral qaz kəmərinin mühafizə zonasında, kəmərlə 5 (beş) metr məsafədə yaşayış evi inşa edilmişdir. Göstərilən magistral qaz kəmərinin 50-metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tətəfindən inşa edilmiş tikili yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Ona görə də, məhkəmə qaydası ilə cavabdeh tərəfindən inşa edilmiş yaşayış evi sözügedən ərazidən sökülüb götürülməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia əizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, qeyd olunan yaşayış evi həmin ərazidən keçən diametiri Dş 700 mm-lik yüksək təzyiqli ’’Qaradağ-Tbilisi” magistral qaz kəmərinin mühafizə zonasında, kəmərlə 5 metr məsafədə inşa edilmişdir. Belə ki, həmin kəmər magistral boru kəməri olmasa da, magistral qaz kəmərindən Qazax şəhəri ərazisini qaz təchizatı ilə təmin etmək üçün ayrılmış bir kəmərdir. Həmin kəmərdə olan təzyiq 12 mmlik təzyiq ölçüsüdür. Lakin hal-hazırda həmin boru kəmərində 6 mm-lik təzyiq mövcuddur. Belə təzyiqli magistral xəttə mühafizə zonası qaz kəmərindən 10 metr mühafizə zolağı hesablanmışdır. Ölçü aparılarkən cavabdehin evi ilə magistral kəmərlə olan məsafə 5 metr götürülsə də, lakin ekspert rəyində evin bir tərəfinin qaz boru kəmərindən 9,9 metr və evin digər tinindən isə 7,7 metr məsafədə yerləşdiyi göstərilmişdir. Qaz boru xəttindən buraxılan qazın təzyiqinin 6 mm-lik qaz təzyiqi olması nəzərə alınsa böyük bir təhlükə mənbəyi yaranmır. Lakin buna baxmayaraq kəmər zədələnərsə, yaxud qaz sızması baş verərsə, həmin qaz iysiz olduğundan həmin ətrafda yaşayanların bundan xəbəri olmaz, bu da partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, həmin torpaq sahəsini o alqı-satqı yolu ilə almış, sonradan həmin torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini alarkən ona torpaq sahəsinin və evin mühafizə zolağında yerləşməsi ilə bağlı heç bir xəbərdarlıq edilməmişdir. Tikilmiş ev yaşayış üçün tam yararlı vəziyyətdədir. Həmin evin tikinrisi üçün ondan əvvəlki mülkiyyətçi və o, böyük məbləğdə xərc çəkmişdir. İddia ərizəsində onun evinin 5 mert mühafizə zolağına düşməsi göstərilsə də, lakin aparılmış ekspertiza zamanı müəyyən olumuşdur ki, istifadəsində olan torpaq sahəsi boru xəttindən 9,9 metr və 7,7 metr məsafədə yerləşir. Bundan əlavə boru xətti keçən ərazilərə baxanda 100-ə yaxın evin boru xəttinə lap yaxın məsafədən keçdiyi müəyyən oluna bilər. Həmin mühafizə zolağında evlər tikilmiş, lakin mühafizə zolağına heç bir əhəmiyyət verilməmişdir. Bundan əlavə iddiaçının dediyi kimi həmin qaz boru kəməri yerli əhəmiyyətli olan boru kəməridir və həmin kəmərin mühafizə zonası 10 metr müəyyən edilmişdir. Mütəxəssislərin deməsinə görə hazırda boru kəmərində olan təzyiq 6 mm-lik olan təzyiqdir. Bütün bunları nəzərə alaraq, illərnən böyük zəhmət hesabına tikilmiş, böyük vəsait sərf edilmiş və yaşayış üçün tam yararlı olan evin kiçik bir hissəsinin sökülməsi qanuna uyğun deyildir. Evin kiçik bir hissəsinin sökülməsi yaşayış evinin sökülməsi deməkdir. Odur ki, iddianı əsassız hesab etdiyindən rədd edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Qazax rayonunun Canallı kəndində “Qadağa-Tbilisi” Dş720 magistral qaz kəmərinin mühafizə zonasında, ayrılan boru kəmərindən 5 metr məsafədə mişar daşından tikilmiş, dam örtüyü qoyulmamış fərdi yaşayış evi inşa edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax rayonunun Canallı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrə ilə Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, Qazax rayonunun Canallı kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən inşa edilmiş və evin yerləşdiyi torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrə çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı cavabdehin istifadəsində olan yaşayış evinin qaz boru kəmərinin mühafizə zonasında, qaz kəməri ilə 5 (beş) metr məsafədə inşa edildiyinə isnad edərək yaşayış evinin cavabdeh tərəfindən sökülməsini tələb edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2-2214/2025 saylı mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 0,04 ha hissəsi **********01 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş Cavabdeh məxsusdur. Cavabdeh **********01 reyestr nömrəsi ilə mülkiyyətində olan torpaq sahəsinin və Qaz İxrac İdarəsinin iddiasına əsasən qaz kəmərinin koordinatları təyin edilmiş və sxemdə göstərilmişdir. Cavabdehin istifadəsi kimi göstərilən və mülkiyyətində olan 0,04 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən yüksək təzyiqli qaz xəttinin mühafizə zolağına düşür. Rəyə əlavə olunmuş sxemdə cavabdehin istifadəsi kimi göstərilən torpaq sahəsinin 720 mm-lik qaz boru xəttindən 9,9 metr və 7,7 metr məsafədə yerləşdiyi göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 12 iyun 2025-ci il tarixli 10/3749 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komil əsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-3-37/2-2214/2025 saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. Elektron baza məlumatlarına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 0.04 ha hissəsi **********01 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş X5 məxsus olduğu müəyyən olunmuşdur. Cavabdeh **********01 reyestr nömrəsi ilə mülkiyyətində olan torpaq sahəsinin və Qaz ixrac idarəsinin iddiasına əsasən qaz kəmərinin koordinatları təyin edilmiş və sxemdə göstərildiyi müəyyən edilmişdir. Qavabdehin istifadəsi kimi göstərilən və mülkiyyətində ola 0.04 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən yüksək təzyiqli qaz xəttinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Məhkəmə mübahisəli həyətyanı sahəyə baxış keçirərkən müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində olan Qazax rayonu Canallı kəndində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Dş 700 mm-lik yüksək təzyiqli “Qaradağ-Tbilisi”magistral qaz kəmərindən Qazax şəhəri ərazisini qaz təchizatı ilə təmin etmək üçün ayrılmış 12 mm-lik təzyiq ölçüsü olan boru kəməri isə mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilən ölçülərə uyğun həmin torpaq sahəsinin kənarından keçdiyi müəyyən edilmişdir. Məhkəmə araşdıraraq müəyyən edir ki, hazırki iş üzrə də, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Tərəflərin məhkəməyə verdiyi izahatlara görə iddia ərizəsində qeyd edilən diametrı Dş 700 mm-lik yüksək təzyiqli “Qaradağ-Tbilisi” magistral qaz kəmərindən Qazax şəhəri ərazisini qaz təchizatı ilə təmin etmək üçün ayrılmış boru kəməri çəkilərkən cavabdehə məxsus torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi mövcud olmuşdur. Həmin kəmərdə 12 mm-lik təzyiq ölçüsü nəzərdə tutulmasına baxmayaraq, hazırda həmin boru kəmərində 6 mm-lik təzyiq mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 180.1, 180.2 və 180.4-cü madələrinin məzmunundan müəyyən edilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir; onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan da müəyyən edildiyi kimi, tikili o zaman qanunsuz tikili sayıla və müvafiq icra hakimyyəti orqanın müraciəti əsasına qəbul edilmiş məhkəmə qərarı ilə sökülə bilər ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Hazırkı mübahisələndirilən fərdi yaşayış evinin tikilməsi (və eyni zamanda onun altında yerləşən torpaq sahəsinin ayrılması) zamanı cavabdehin təqsiri səbəbindən maddənin dispozisiyasında göstərilən qanunsuzluğa dəlalət edəcək heç bir hal müəyyən olunmur. Bu səbəbdən də qeyd edilən maddi hüquq norması iddia tələbinin hüquqi əsasını təşkil edə bilməz. Məhkəmə hesab etmişdir ki, mübahisəli tikilinin dövlət qeydiyyatına alınması və həmin qeydiyyatın mübahisələndirilməməsi, ona dəlalət edir ki, sökülməsi tələb olunan tikili qanunsuz tikili sayıla və müvafiq icra hakimyyəti orqanın müraciəti əsasına qəbul edilmiş məhkəmə qərarı ilə sökülə bilməz. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və hesab edir ki, hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə görə Azərbaycan Respublikasının Torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 58-ci maddəsində qeyd edilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işində (27 sentyabr 2007-ci il) qeyd edilmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, hazırkı işdə sökülməsi tələb edilən tikilinin təhlükəsizlik zolağına düşməsi və bununla da cavabdehin əlverişsiz vəziyyətə gətirilməsi dövlət orqanlarının təqsiri səbəbindən baş vermişdir. Yəni ayrılmış torpaq sahəsinin qaz kəmərinin təhlükəsizlik zolağına düşməsi və bu ərazidən mənzil tikintisi üçün torpaq ayrılmasının mümkünsüzlüyü məsələsinə Qazax rayon Aqrar İslahat Komissiyası tərəfindən diqqət etməliydi. Bu diqqətsizlik cavabdehi və eyni zamanda onun ailə üzvlərini əlverişsiz vəziyyətə salmaqla yanaşı, hal hazırda əvəzi ödənilmədən həmin tikilinin sökülməsi onların konstitusion hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, hazırkı işə birbaşa hüquqi qüvvəyə malik olan konstitusion normalar tətbiq edilməlidir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasına görə 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi baxımından, İnsan hüquqları və Əsas azadlıqları haqqında Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi olunması üçün Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Məhkəmə, qeyd edir ki, hazırkı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159.7 və 246-cı maddələri təşkil edə bilər ki, bu maddələrin məzmunu da mülkiyyətin dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödənilməklə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh alınıb “Qaz İxrac” İdarəsinə ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul vəsaitinin 50 manatı Cavabdeh, 50 manatı isə “Qaz İxrac” İdarəsindən tutularaq dövlət büdcəsinə köçürülməlidir. tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh alınıb “Qaz İxrac” İdarəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin 50 manatı Cavabdeh, 50 manatı isə “Qaz İxrac” İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar