Məhkəmə qərarları › İş №2(023)-1623/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1623/2023

16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1623/2023 16.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Qurbanəliyeva (Əliyeva) Minayə İbrahimxəlil qızı, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Qurbanəliyeva (Əliyeva) Minayə İbrahimxəlil qızı, Ərizəçi3 və Ərizəçi4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-125 KOD 50100018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi1 Səməd oğluna aid olan hissədə Ərizəçi1 məxsus olması, Ərizəçi2 aid olan hissədə Ərizəçi2 məxsus olması, Nəsibova (Qurbanəliyeva) Gülayə Mədəd qızına aid olan hissədə isə Nəsibova (Qurbanəliyeva) Günayə Mədəd qızına məxsus olması və Nümayəndə Sayad oğluna aid olan hissədə Ərizəçi4 aid olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi Nümayəndə Sayad oğlu mülki işin ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsinə heç bir etirazı olmadığını bildirdi. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçilərin qeydiyyat ünvanı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyindən, hazırki mülki işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçilər Ərizəçi1, Qurbanəliyeva (Əliyeva) Minayə İbrahimxəlil qızı, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar