Məhkəmə qərarları › İş №2(023)-311/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-311/2024

19.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-311/2024 19.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik və şəhidlik statusu ilə bağlı bütün hüquqlardan məhrum edilməsi, vərəsəlik üzrə aldıqlarının hamısının qaytarılması, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə 19 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik və şəhid statusu ilə bağlı bütün hüquqlardan məhrum edilməsi, vərəsəlik üzrə aldığı məbləğlərin hamısının qaytarılması, dəyrmş mənəvi zərər kimi 20.000 (iyirmi min) manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 müddətdən artıq hərbi qulluqçu kimi 2022-ci ildən Vətənə xidmət etmişdir. xx.xx.2023-cü il tarixində antiterror əməliyyatı zamanı ŞƏHİD olmuşdur. O bir valideyn kimi VƏTƏN SAĞ OLSUN deyir. Oğlunu çox çətinliklə böyütmüşdür. Rizvan anadan olarkən atası Cavabdeh iki körpəni - Şəhid Rizvanı 03 həftəlik, qardaşı Qinyazı isə 03 yaşında onun üstünə atıb Qazax rayonunun Qarapapaq kəndinə getmiş, bir daha geri qayıtmamışdır. Qazax rayonunda evlənərək, uşaqları ilə maraqlanmamış, o vaxtdan kəndə heç vaxt gəlməmişdir. Rizvan və Qinyaz böyüdükcə atalarının niyə gəlmədiyini soruşduqda gələcəyini onlara demişdir. Hər gün məktəbdən gələndə atalı uşaqları gördükcə sanki üsyan edirmiş kimi atalarının gəlməsini istəmişlər. Kənddə atalı uşaqları gördükcə atasız böyümələri ilə barışmamışlar. Hər gün “atam gəlsin” deyə ağlamışlar. Böyüdükcə başa düşmüşlər ki, ataları heç vaxt gəlməyəcək və taleləri ilə barışmalı olmuşlar. Şəhid Rizvan və Qinyaz heç vaxt atalarını, ataları da onları görməmişdir. Oğlu Rizvan şəhid olandan sonra da ataları kəndə gəlməmişdir. Şəhidin dəfninə belə gəlməmiş, hətta, onun məzarını ziyarət etməmişdir. Bu gün də o Şəhid Rizvanın qəbrini belə tanımır. 03 həftəlik atıb getdiyi körpənin heç vaxt üzünü görməyən, necə böyüməsi ilə maraqlanmayan, dəfnində və digər yas mərasimlərində iştirak etməyən, qəbrini belə tanımayana necə ata demək olar?. Ancaq, Rizvan şəhid olandan sonra cavabdeh şəhid atası kimi bütün statuslardan istifadə etməkdə davam edir. Cavadeh Cavabdeh şəhidə verilən imtiyazlardan istifadə etməyə heç bir halda haqqı yoxdur. Lakin, o özünü vərəsə kimi təqdim edərək, Heydər Əliyev fondundan verilən 10 (on min) manatın 5 min manatını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş 11 (on bir min) manatın 5500 manatını və xx.xx.2023-cü il tarixdən hesablanmaqla verilən hər aylıq 600 manatın 300 manatını almaqda davam edir. Bu barədə kənd camaatı eşitdikdə çox hiddətlənmişdir və hara lazımdır “kollektiv şikayət edək” deyə onun yanına gəlmişlər. Onu oğul itirən ana kimi üzünü görmədiyi, ata sevgisi vermədiyi, nə maddi, nə də mənəvi dəstək olmadığı, gənc yaşında həyatını itirmiş oğlunun Şəhidlik zirvəsinə ucalmasından bəhrələnən Cavabdeh faciəsindən yararlanması çox narahat edir və hesab edir ki, bu oğlunun ruhuna qarşı çox böyük təhqirdir. O da məcbur olub, əlində hüquqi əhəmiyyət kəsb edən sənədləri toplayaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, cavabdeh onun keçmiş əri olmuşdur. Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan Qinyaz və Rizvan adlı iki övladları doğulmuşdur. 2016-cı ildə onların nikahı pozulmuşdur. Rizvan adlı uşağı 2 həftəlik olanda Niyazi onları atıb getmişdir. Həmin vaxtdan sonra uşaqları ehtiyacları ilə maraqlanmamış, nə də aliment verməmişdir. O uşaqlarını çox çətinliklə böyütmüşdür. X2 müddətdən artıq hərbi qulluqçu kimi 2022-ci ildən Vətənə xidmət etmişdir. xx.xx.2023-cü il tarixində antiterror əməliyyatı zamanı ŞƏHİD olmuşdur. Şəhid Rizvan heç vaxt atasını, atası da onu görməmişdir. Oğlu Rizvan şəhid olandan sonra da atası Şəhidin dəfninə gəlməmiş, hətta, onun məzarını ziyarət etməmişdir. Bu gün də o Şəhid Rizvanın qəbrini tanımır. 03 həftəlik atıb getdiyi körpənin heç vaxt üzünü görməyən, necə böyüməsi ilə maraqlanmayan, dəfnində və digər yas mərasimlərində iştirak etməyən, qəbrini belə tanımayana necə ata demək olar?. Ancaq, Rizvan şəhid olandan sonra cavabdeh şəhid atası kimi bütün statuslardan istifadə etməkdə davam edir. Cavadeh Cavabdeh şəhidə verilən imtiyazlardan istifadə etməyə heç bir halda haqqı yoxdur. Qeyd olunanların nəzərə alınaraq iddianın qismən, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik və şəhid statusu ilə bağlı bütün hüquqlardan məhrum edilməsi hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı ona qaldırdığı iddiası tam olaraq əsassızdır. Belə ki, uşaqları kiçik olarkən o həbsdə olmuşdur və o həbsdə olarkən evə pul göndərmişdir. Bundan başqa həmin dövrdə iddiaçı onun anasının yanında yaşamışdır, anasının köməkliyi ilə uşaqları saxlamışdır. Lakin sonradan çıxıb getmişdir. Onun hər zaman uşaqları ilə ünsiyyəti olmuşdur, onlara əlindən gələni əsirgəməmişdir. Belə ki, sonuncu dəfə oğlu Rizvan işə düzəlmək üçün onun yanına gəlmişdir, o, oğlunun sənədlərinin düzəlməsinə kömək edərək hərbi hissədə işə düzəltmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 20 aprel 1996-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, kiçik gizir X3 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən kiçik gizir X3 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. 02 noyabr 2023-cü il tarixli aktdan görünür ki, şəhid Əhmədov Rizvanın atası Niyazi Rizvan anadan olarkən, 3 həftəlik körpə Rizvanı və 3 yaşlı qardaşı Qinyazı anasının üstünə ataraq, Qazax rayonunun Qarapapaq kəndinə getmiş və o vaxtdan bir dəfə də olsun öz doğma kəndinə gəlməmişdir. Həmin vaxt Qazax rayonunda evlənmiş, Şəkidə tərk edib getdiyi uşaqları və ailəsi ilə maraqlanmamış, bu günkü günə qədər heç vaxt kəndə qayıtmamızdır. Rizvan şəhid olduqdan sonra yaşadığı Qazax rayonunda özünü şəhid atası kimi təqdim edir və şəhidə verilən imtiyazlardan istifadə etməklə məşğuldu. O, oğlu Rizvanın nə dəfnində iştirak etməmiş, 40 gün ərzində nə yasa gəlməmiş, nə anasına, nə qardaşına başsağlığı verməmiş, nə də qəbrini ziyarət etməmişdir. Onun Rizvanın və Qinyazın üstündə heç bir atalıq haqqı yoxdur. Aktı 53 nəfər şəxs imzalamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin a) bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz sığorta ödənişi verilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Qeyd olunan normalara əsasən həqiqi hərbi xidmətdə olduğu zaman həlak olmuş hərbi qulluqçunun vərəsələrinə sığorta ödənişinin verilməsi nəzərdə tutulduğundan və bu hüquq hərbi qulluqçunun sağlığında əldə edilən əmlak hüququ olduğundan həmin ödəniş vərəsəlik hüququnun müddəaları əsas götürülməklə miras əmlak hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcələnin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə qanun üzrə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir. (övladlığa götürənlər). X1 tərəflərin birgə nikahından doğulmuş uşağı olduğundan və valideynlərindən başqa birinci növbədən hər hansı vərəsəsi olmadığından onun vərəsələri Cavabdeh və İddiaçıdır. Mülki qanunvericilikdə mirasdan pay almaq hüququnu məhdudlaşdıran bir sıra normalar mövcuddur. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə iddia tələbinin ləyaqətsiz vərəsə hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin tələbinə görə ləyaqətsiz vərəsə o şəxs hesab olunur ki, o, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun. İddiaçı iddia ərizəsində göstərdiyi və məhkəmə iclasında gətirdiyi dəlillər Cavabdeh mərhum Rizvan Əhmədovun son iradəsinə təsir göstərəcək hər hansı hərəkət etməsini təsdiq etmir. Ümumiyyətlə mərhumun son iradəsinin nədən ibarət olduğu və Cavabdeh bu iradəyə qarşı yönəlmiş hərəkət etdiyi öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iddia tələbinin vərəsəlik və şəhidlik statusu ilə bağlı bütün hüquqlardan məhrum edilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Cavabdeh mərhum Rizvan Əhmədovun atası olmaqla, qanunvericiliyə əsasən onun mərhumun birinci növbəli vərəsəsi olaraq mirasdan məcburi pay almaq hüququ vardır və qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxsin bu hüquqdan məhrum edilməsinə səbəb olan hallar müəyyən edilmədiyindən, Cavabdeh vərəsəlik və şəhidlik statusu ilə bağlı bütün hüquqlardan məhrum edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik və şəhidlik statusu ilə bağlı bütün hüquqlardan məhrum edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik və şəhidlik statusu ilə bağlı bütün hüquqlardan məhrum edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar