Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-43/2025 03.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zolağında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 fevral 2026-cı il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən Dş 1020 mmlik “Qazax Saquramo” magistral qaz kəmərinin 5.64-cü km-də və Dş 820 mm-lik Semzavod qol qaz kəmərinin mühafizə zonasında basdırılmış bütün növ kol və ağacların, suvarma sistemlərinin, metal tor hasarın və alt hissəsi mişar daşı ilə inşa edilərək üzərində metal konstruksiya ilə quraşdırılmış besetkaların (metal çardaqların) cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qazax rayon Çaylı kəndi ərazidən keçən diametiri Dş 1020 mm-lik yüksək təzyiqli ’’Qazax-Saquramo” magistral qaz kəmərinin 5.64-cü km-də və Dş 820 mm-lik Semzavod QPS-qolu qaz kəmərinin 4.5-ci km-də qaz kəmərlərinin mühafizə zonasında, kəmərlərin üzərində və mühafizə zonasında metal materialdan ibarət vətəndaşlar üçün əyləncə mərkəzi təyinatlı çardaq konstruksiyalar, yəni besetkalar quraşdırılaraq müxtəlif növ ağaclar əkilmişdir. Həmin ərazidən keçən qaz kəmərinə aid texniki göstəricilər isə çıxarılaraq atılmışdır. Bununla yanaşı ərazi metal torla çəpərlənərək qaz kəmərinin böyük bir hissəsi qaz kəmərini istismar edən “Qaz İxrac” İdarəsinin Qazax Magistral X4 nəzarətindən çıxmışdır. Buna görədə həmin qaz kəmərinə xətt baxıcıları tərəfindən piyada üsulla vaxtaşırı baxış keçirilməsi cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. Göstərilən magistral qaz kəmərinin 50 metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tətəfindən inşa edilmiş tikililər yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, “Qaz İxrac” idarəsinin iddia etdiyi torpaq sahəsi ona məxsusdur və onun şəxsi mülkü olduğunu göstərən ƏMDX tərəfindən verilən çıxarışı vardır. O özünə məxsus torpaq sahəsində yüngül konstruksiyalı tikinti aparmışdır. Həmin torpaq sahəsi ona verilən zaman çıxarışda qaz xəttinin mühafizə zolağının olması barədə bir qeyd olunmamışdır. Bu işlə bağlı daha öncədə məhkəməyə müraciət olunmuş və müraciət rədd edilmişdir. “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, cavabdeh tərəfindən Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən Dş 1020 mm-lik “Qazax Saquramo” magistral qaz kəmərinin 5.64-cü kmdə və Dş 820 mm-lik Semzavod qol qaz kəmərinin mühafizə zonasında basdırılmış bütün növ kol və ağacların, suvarma sistemlərinin, metal tor hasarın və alt hissəsi mişar daşı ilə inşa edilərək üzərində metal konstruksiya ilə quraşdırılmış besetkaların (metal çardaqların) cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından kənarlaşdırılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK və Reyestri publik hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia əizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh tərəfindən tikilən tikintilər və əkilən ağaclar, suvarma sistemləri Qazax “Qaz İxrac” İdarəsinin balansında olan Dş 1020 mm-lik yüksək təzyiqli ’’Qazax-Saquramo” magistral qaz kəmərinin üzərində və mühafizə zonasındadır. Cavabdehə məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və torpaq sahəsi təyinatına uyğun istifadə olunmur. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarının 2.7-ci bəndinə və Qaz təchizatı haqqında Qanunun 19-cu maddəsinin 3-cü hissəsinə əsasən həmin qaz kəmərinə mühafizə zonası təyin olunmuşdur və qaz kəmərinin mühafizə zolağında inşa edilən tikililər mülkiyyətçinin, istifadəçinin və icarəçinin öz hesabına sökülməli və kənarlaşdırılmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, həmin torpaq sahəsi ona 1997-ci ildə verilmişdir. 2007-ci ildə isə həmin torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Bu müddət ərzində torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə dair heç bir xəbərdarlıq edilməmişdir. Həmin ərazinin mühafizə zolağı olması barədə heç bir nişan qoyulmamışdır. Əgər həmin torpaq sahəsi Qazax “Qaz İxrac” İdarəsinin mühafizə zolağında yerləşirdisə, xəritədən çıxarılmalı idi. Dövlət tərəfindən onun mülkiyyətinə verilmiş torpaq sahəsinin mühafizə zolağında yerləşməsi onun təqsiri deyildir. Həmin torpaq sahəsində olan qaz kəmərinin istismar müddəti bitmişdir. Əgər həmin ərazidən qaz xətti keçirdisə torpaq sahəsi niyə onun mülkiyyətinə verilirdi. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 5 faizə qədər hissəsində müvəqqəti yerdəyişməli tikililər quraşdırıla bilər. İddianı qəbul etmir, iddiaçının ona qarşı iddia qaldırmaq hüququ yoxdur. Odur ki, iddianı əsassız hesab etdiyindən rədd edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Qazax rayonunun Çaylı kəndində “Qazax-Rustavi” Dş820 mm magistral qaz kəməri P=25atm mühafizə zonasında, kəmərin üstündə metal torla çəpərlənmiş besedka, suvarma sistemi, meyvə bağı inşa edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Qazax rayonunun Çaylı kəndində “Qazax-Saqurama” Dş 1020 mmmagistral qaz kəməri P=12atm mühafizə zonasında, kəmərin üstündə metal torla çəpərlənmiş besedka, suvarma sistemi, meyvə bağı inşa edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Qazax rayonu Çaylı kəndi ərazisində yerləşən 3,392303 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2007-ci ildə ********* qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 iyul 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində Qazax rayonu Çaylı kəndi ərazisində monitorinq keçirilən zaman Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun sağ tərəfində vətəndaş Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan 3.89 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsinin 0.70 ha hissəsində məqsədli təyinatdan kənar tikinti işlərinin aparılması faktı aşkar edilmiş, Xidmət tərəfindən qanunamüvəfiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Qazax Rayon İcra Hakimiyyətinə 01,06.2023-cü il tarixli 3-21- 3/2-7264/2023 nömrəli məktub göndərilmişdir (eyni zamanda vətəndaşın barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir). Eyni zamanda xx.xx.2024-cü il tarixdə müraciətiniz əsasında keçirilmiş təkrar monitorinq zamanı ərazidə metal materialdan ibarət çardaq konstruksiyalarının qoyulduğu və konstruksiyaları yerə bərkitmə işləri aparmaq məqsədilə inşaat materiallarının tökülməsi halı müəyyən edilmiş, qeyd olunan halla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-bu il 21 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarında nəzərdə tutulmuş mühafizə zonalarına dair tələblər Cavabdeh nəzərinə çatdırılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının izahatları ilə müəyyən olundu ki, Qazax rayonunun Çaylı kəndində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsində Cavabdeh tərəfindən metal materialdan ibarət əyləncə mərkəzi təyinatlı çardaq instruksiyalar quraşdırılaraq, müxtəlif növ ağaclar əkilmişdir. Hazırda iddiaçı cavabdehin istifadəsində olan əmlakların Qazax rayon Çaylı kəndi ərazidən keçən diametiri Dş 1020 mm-lik yüksək təzyiqli ’’Qazax-Saquramo” magistral qaz kəmərinin 5.64-cü km-də və Dş 820 mm-lik Semzavod QPS-qolu qaz kəmərinin 4.5-ci km-də qaz kəmərlərinin mühafizə zonasında, kəmərlərin üzərində və mühafizə zonasında inşa edildiyinə istinad edərək, həmin əmlakların cavabdeh tərəfindən sökülməsini tələb edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2-1280/2025 saylı mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən Qazax rayon Çaylı kəndində yerləşən, mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********89 reyestr nömrəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsidir. Qazax rayon Çaylı kəndində yerləşən Cavabdeh məxsus **********89 reyestr nömrəli çıxarışda olan torpaq sahəsinin və həmin torpaq sahəsindən keçən qaz kəmərinin koordinatları müəyyən edilmişdir. Elektron baza məlumatlarına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarına əsasən mübahisələndirilən ərazi qaz kəmərinin mühafizə zolağına düşdüyü göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 23 iyul 2025-ci il tarixli 10/3750 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-1280/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron baza məlumatlarına əsasən Qazax rayon Çaylı kəndində yerləşən, mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********89 reyestr nömrəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsidir. Qazax rayon Çaylı kəndində yerləşən Cavabdeh məxsus **********89 reyestr nömrəli çıxarışda olan torpaq sahəsinin və həmin torpaq sahəsindən keçən qaz kəmərinin koordinatları müəyyən edilmişdir. Elektron baza məlumatlarına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarına əsasən mübahisələndirilən ərazi qaz kəmərinin mühafizə zolağına düşdüyü, torpaq sahəsi üzərində olan tikinti mühafizə zonasında inşa edildiyindən, həmin tikililər tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirərkən müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində olan Qazax rayonu Çaylı kəndində yerləşən torpaq sahəsində metal materialdan ibarət əyləncə mərkəzi təyinatlı çardaq konstruksiyalar quraşdırılaraq, müxtəlif növ ağacların əkildidiyi, eyni zamanda yerdəyişməli kiçik ölçülü konstruksiyaların olması aşkar edilmişdir. Lakin həmin konstruksiyaların yüksək təzyiqli qaz kəmərinin olduğu əraziyə düşməsini vizual baxışla müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, hazırki iş üzrə iddiaçı iddia ərizəsində qeyd edilən və məhkəmədə verdiyi izahata görə Qazax rayon Çaylı kəndi ərazidən keçən diametiri Dş 1020 mm-lik yüksək təzyiqli ’’Qazax-Saquramo” magistral qaz kəmərinin 5.64-cü km-də və Dş 820 mm-lik Semzavod QPS-qolu qaz kəmərinin 4.5-ci km-də qaz kəmərlərinin mühafizə zonasında, kəmərlərin üzərində və mühafizə zonasında metal materialdan ibarət vətəndaşlar üçün əyləncə mərkəzi təyinatlı çardaq konstruksiyalar, yəni besetkalar quraşdırılaraq müxtəlif növ ağaclar əkildiyini, həmin ərazidən keçən qaz kəmərinə aid texniki göstəricilərin isə çıxarıldığını, ərazini metal torla çəpərləyərək qaz kəmərinin böyük bir hissəsinin qaz kəmərini istismar edən “Qaz İxrac” İdarəsinin Qazax Magistral X4 nəzarətindən çıxdığını bildirmiş, tələbini isə təqdim etdiyi aktlarla əsaslandırmışdır. Qazax Magistral X4 nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktlarla müəyyən edilir ki, Cavabdeh tərəfindən Qazax rayonunun Çaylı kəndində “Qazax-Rustavi” Dş820 mm magistral qaz kəməri P=25atm mühafizə zonasında və “Qazax-Saqurama” Dş1020 mmmagistral qaz kəməri P=12atm mühafizə zonasında kəmərin üstündə metal torla çəpərlənmiş besedka, suvarma sistemi, meyvə bağı inşa edildiyi göstərilmişdir. Cavabdeh isə iddiaçının istinad etdiyi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsinin 1997-ci ildə ona verildiyini, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Qazax rayonu Çaylı kəndi ərazisində yerləşən 3,392303 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2007-ci ildə ********* qeydiyyat nömrəsi ilə onun adına qeydə alındığını, torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə dair heç bir xəbərdarlıq edilmədiyini, ərazinin mühafizə zolağı olması barədə heç bir nişan qoyulmadığını, əgər torpaq sahəsi mühafizə zolağında yerləşirdisə ona çıxarış verilərkən niyə bu haqda heç bir qeydiyat aparılmadığını, iddiaçının iddia qaldırmaq hüququ olmadığını qeyd edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, iddiaçı cavabdehin adına verilmiş çıxarışın ləğv və ya etibarsız hesab edilməməsinə əhəmiyyət verməli idi. Belə ki, mübahisəli tikili tam mülkiyyət hüququ əsasında cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsində quraşdırılmışdır və torpaq sahəsinə dair çıxarış cavabdeh tərəfindən etirazının əsası kimi məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işdə sökülməsi tələb edilən tikilinin təhlükəsizlik zolağına düşməsi və bununla da cavabdehin əlverişsiz vəziyyətə gətirilməsi dövlət orqanlarının təqsiri səbəbindən baş vermişdir. Yəni ayrılmış torpaq sahəsinin qaz kəmərinin təhlükəsizlik zolağına düşməsi və bu ərazidən torpaq ayrılmasının mümkünsüzlüyü məsələsinə Qazax Rayon Aqrar İslahat Komissiyası, sonradan isə həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilən zaman Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti diqqət etməliydi. Bu diqqətsizlik cavabdehi əlverişsiz vəziyyətə salmaqla yanaşı, hal hazırda əvəzi ödənilmədən həmin tikilinin sökülməsi onların konstitsion hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, hazırkı işə birbaşa hüquqi qüvvəyə malik olan konstitsion normalar tətbiq edilməlidir. Çünki, Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi baxımından, İnsan hüquqları və Əsas azadlıqları haqqında Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi olunması üçün Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Məhkəmə yekun hüquqi mövqeyi ondan ibarətdir ki, baxmayaraq ki, mübahisələndirilən torpaq sahəsi və üzərində metal materialdan ibarət çardaq konstruksiyalar, yəni besetkalar Dş 1020 mm-lik “Qazax Saquramo” və Dş 820 mm-lik Semzavod qol yüksək təzyiqli magistral qaz kəmərinin təhlükəsizlik zolağına düşür, qanunsuz tikili kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 180.1, 180.2 və 180.4-cü madələrinin məzmunundan müəyyən edilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir; onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan da müəyyən edildiyi kimi, tikili o zaman qanunsuz tikili sayıla və müvafiq icra hakimyyəti orqanın müraciəti əsasına qəbul edilmiş məhkəmə qərarı ilə sökülə bilər ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Hazırkı mübahisələndirilən metal materialdan ibarət çardaq konstruksiyaların, yəni besetkaların quraşdırılması (və eyni zamanda onun altında yerləşən torpaq sahəsinin ayrılması) zamanı cavabdehin təqsiri səbəbindən maddənin dispozisiyasında göstərilən qanunsuzluğa dəlalət edəcək heç bir hal müəyyən olunmur. Bu səbəbdən də qeyd edilən maddi hüquq norması iddia tələbinin hüquqi əsasını təşkil edə bilməz. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınması və həmin qeydiyyatın mübahisələndirilməməsi, ona dəlalət edir ki, sökülməsi tələb olunan qurğular qanunsuz tikili sayıla və müvafiq icra hakimyyəti orqanın müraciəti əsasına qəbul edilmiş məhkəmə qərarı ilə sökülə bilməz. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və hesab edir ki, hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə görə Azərbaycan Respublikasının Torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 58-ci maddəsində qeyd edilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işində (27 sentyabr 2007-ci il) qeyd edilmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, hazırkı işdə sökülməsi tələb edilən qurğuların təhlükəsizlik zolağına düşməsi və bununla da cavabdehin əlverişsiz vəziyyətə gətirilməsi dövlət orqanlarının təqsiri səbəbindən baş vermişdir. Yəni ayrılmış torpaq sahəsinin qaz kəmərinin təhlükəsizlik zolağına düşməsi və bu ərazidən torpaq ayrılmasının mümkünsüzlüyü məsələsinə Qazax rayon Aqrar İslahat Komissiyası tərəfindən diqqət etməliydi. Bu diqqətsizlik cavabdehi əlverişsiz vəziyyətə salmaqla yanaşı, hal hazırda əvəzi ödənilmədən həmin tikilinin sökülməsi onların konstitusion hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, hazırkı işə birbaşa hüquqi qüvvəyə malik olan konstitusion normalar tətbiq edilməlidir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasına görə 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə, qeyd edir ki, hazırkı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159.7 və 246-cı maddələri təşkil edə bilər ki, bu maddələrin məzmunu da mülkiyyətin dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödənilməklə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və ekspertiza xərcləri İddiaçı “Qaz İxrac” İdarəsinə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-43/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-43/2025
03.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver