Məhkəmə qərarları › İş №2(023)-556/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-556/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-556/2025 08.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 08 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 518.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş vəiddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona təqdim edilmiş borc bildirişində 2024-cü il üçün 518.40 manat akt üzrə əlavə borc yazıldığını görmüşdür. Bununla bağlı Azəriqaz Qazax Xidmət Sahəsinə müraciət etmiş və tərtib edilmiş aktı və abonent saldosunu əldə etmişdir. Qeyd olunan borc əsassız yazılmışdır və silinməlidir. Belə ki, Azəriqaz Qazax Xidmət sahəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə onların yaşadığı evə quraşdırılmış köhnəlmiş sayğacı çıxarıb, yeni sayğac quraşdırmışlar və sayğacın çıxarılma səbəbi "kütləvi əvəzləmə" olmuşdur. Çünki hər 5 ildən bir dəyişdirilməli olan sayğac 9 il ərzində dəyişdirilməmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı Aktla sayğac yenisi ilə əvəzlənmişdir. Sayğac əvəzlənən zaman plomb üzərində olmuşdur." Azərbaycan Metrologiya İnstitutu" PHŞ "xxxx" MMC- nin qaz sayğacının yoxlanılması barədə 26 avqust 2024-cü il tarixli, DY M 1211/28 saylı protokolunda qeyd edilib ki: "Sayğaca vizual olaraq baxış keçirildi. Sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşilib." Yoxlama nəticəsi: istismara yararsızdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı AKT-da 29 avqust 2023-cü il tarixli, DY M 1211/28 saylı protokolda yazılanlar köçürülmüşdür. Qazdan istifadəyə dair Abonent Saldosundan görünür ki, 518.40 manat borc yaranmışdır. Sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir ki, bu da qanunsuzdur və gəldiyi nəticəni öncədən şübhə altına alır. Laboratoriya aktı standart cümlələrlə yazılmışdır. Laboratoriya aktında plastmas borunun deşilməsinin qaz itkisinə necə səbəb olduğu göstərilməmişdir. Ümumiyyətlə, cavabdehin bu nəticəyə gəlməsi Qazdan istifadə qaydalarına və onun əsasında hazırlanmış abonent müqaviləsinə də ziddir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxhnmasma Azəriqaz İB cavabdehdir. Qazdan istifadə qaydalarına zidd olaraq nə əvvəlki sayğac, nə də daha sonra quraşdırılmış sayğac örtüklə örtülməmişdir. Cavabdeh özünün qorumalı olduğu sayğacı qorumamış, ona görə də hər hansı bir müdaxilə varsa belə bu cavabdehin öz təqsiri üzündəndir. Həmçinin sayğac mənzildən kənarda quraşdırılmışdır və ona görə də istehlakçı kimi sayğaca o nəzarət edə bilməzdi və sayğac hər hansı bir səbəbdən də zədələnə bilər. Ona görə də sayğacın yaxşı vəziyyətdə saxlanmasına cavabdeh özü məsuliyyət daşıyır. Cavabdeh tərəfindən qazdan istifadə qaydalarının tələbləri və müqavilənin müddəaları pozulmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, yeni sayğacla əvəzləndi, sayğacın çıxarılma səbəbi: kütləvi əvəzləmə olmuşdur. Azərbaycan Metrologiya İnstitutu" PHŞ "xxxx" MMC-nin qaz sayğacının yoxlanılması barədə 26 avqust 2024-cü il tarixli DY M 1211/28 saylı protokolunda "Sayğaca vizual olaraq baxış keçirildi. Sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşilib." Sayğac istismara yararsızdır. Abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2024-cü ilin sentyabr ayına 518,40 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətlərindən yaranmış mübahisə mövcuddur. Belə ki, cavabdeh təşkilat təbii qazdan istifadə ilə bağlı vəzifələri yerinə yetirir, iddiaçı isə təbii qazdan istifadə ilə bağlı xidmətlərin haqqını ödəyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçının adına olan sayğaca borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 518,40 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar