Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-602/2023 01.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə Qazax şəhərində 01 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 464.40 manat borc və sayğac üçün hesablanmış 91.21 manat borcun silinməsi və ilkin mediasiya üçün ödənilmiş 40 manat məbləğində rusumun geri qaytarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və bildirmişdir ki, “Azəriqaz” X1 RQİİ əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən sayğacın plastmas qapağının yan tərəfində əzik izləri, daxili qulaqcıqların əzilmiş və kəsilmiş olması müəyyən edilmişdir. Hər ay təqdim edilmiş bildiriş-xəbərdarlıqda heç bir ayrı borc göstərilməmişdir. Lakin elektron sistemdə 464.40 manat borc olduğu göstərilmişdir. Sonradan bununla bağlı akt olduğu bildirilmişdir. Qeyd olunan sayğac onun yaşadığı evin çox kənarında ümumi istifadədə olan yerdə yerləşir. Onun tərəfindən sayğaca müdaxilə olunmamışdır. Sayğaca kimin tərəfindən müdaxilə edilməsi barədə heç bir məlumatı yoxdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan sənədlərdən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 may 2019-cu il tarixli akta əsasən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın plastmas qapağının yan tərəfində əzik izləri, daxili qulaqcıqların əzilməsi və kəsilməsi aşkar olunmuşdur. Həmin akt Qazax XS üzrə TQQ və SX-nın rəisi Müşfiq Yusifov, Arifə Qasımova və Elşad Qocayev tərəfindən imzalanmışdır, aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Qazax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(023)-1101/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı istifadə edilmiş təbii qazın dəyərinə görə 1289.10 (bir min iki yüz səksən doqquz manat on qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, İddiaçı evinə gedən qaz xəttində olan qaz sayğac ümumi istifadədə olan gediş-gəliş yolunda quraşdırılmışdır. Məhkəmə iclasında İddiaçı həmin sayğacın küçədə ictimai yerdə yerləşdiyini bildirmiş, həmin sayğaca kimin tərəfindən müdaxilə edilməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan başqa iddiaçının hər ay təqdim olunan xəbərdarlıqda onun 464.40 manat borc və sayğac üçün hesablanmış 91.21 manat borcun olması barədə məlumat verilməmişdir. Bundan başqa sözügedən aktda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıya hesablanmış borcun, hansı qayda da hesablanması, onun qanunsuz olaraq hansı tarixdən təbii qazdan istifadə etməsi qeyd edilməmişdir. Odur ki, iddia təmin olunmalı, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 464.40 manat borc və sayğac üçün hesablanmış 91.21 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda qazın verilməsini dayandıra bilər. Həmin maddənin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və hərəkətsizlikdir) Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası təmin edlisin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 464.40 manat və sayğac üçün hesablanmış 91.21 manat məbləğində borc silinsin. İddiaçı ilkin mediasiya üçün ödənilmiş 40 manat pul “Azəriqaz” İstehsalat Birliyindən alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-602/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-602/2023
01.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver