Məhkəmə qərarları › İş №2(023)-761/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-761/2023

22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-761/2023 22.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1555,20 manat borcun silinməsi və ilkin Mediasiya Sessiyası üçün ödədiyi 60 (altmış) manat məbləğin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax Qaz Xidmət Sahəsinin əməkdaşları sayğacla bağlı borc hesablandığı barədə ona şifahi məlumat vermişlər, lakin borcla bağlı heç bir rəsmi məlumat verilməmişdir. Bununla bağlı o, Qazax Qaz Xidmət Sahəsinə müraciət etmiş, tərtib olunmuş aktı və abonent saldosunu əldə etmişdir. Onun qazdan istifadəsinə dair Abonent saldosundan görünür ki, 1555,20 manat borc yaranmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı Akt ilə sayğac yenisi ilə əvəzlənib, ARDNŞ Azəriqaz İB qaz sayğacının yoxlanılması haqqında 02 fevral 2023cü il tarixli AKT MSK-14-2-2/3-5-1196-1 nömrəli aktında “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombları kənar təsir nəticəsində əzilib və biri aşkar olunmadı. Sayğac istismara yararsızdır” qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı AKTda qeyd edilənlər oxunmur. Qazdan istifadəsinə dair Abonent Saldosundan 1555.20 manat borc yarandığı görünür. Mübahisənin həlli üçün Mediasiya Təşkilatına müraciət etsə də, tərəf heç bir üzürlü səbəb göstərmədən X1 iştirak etməmişdir. Sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir. Ümumiyyətlə cavabdehin bu nəticəyə gəlməsi Qazdan istifadə qaydalarına və onun əsasında hazırlanmış abonent müqaviləsinə ziddir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına Azəriqaz İB cavabdehdir. Qazdan istifadə qaydalarının ziddinə olaraq nə əvvəlki sayğac, nə də sonra quraşdırılmış sayğac örtüklə örtülməmişdir. Ümumiyyətlə cavabdehin belə nəticəyə gəlməsi Qazdan istifadə qaydaları haqqında abonent müqaviləsinə ziddir. Cərimənin ləğv olunması ilə bağlı Mediasiya Şurasına müraciət etsə də, bir nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 yanvar 2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması haqqında” 07 fevral 2023-cü il tarixli, AKT MSK-14-2-2/3-5-1196-1 nömrəli Aktdan görünür ki, “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombları kənar təsir nəticəsində əzilib və biri aşkar olunmadı. Sayğac istismara yararsızdır.” İş materiallarında olan Qazax şəhəri, H.Əliyev küçəsi ev 122 ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin fevral ayına 1555,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombları kənar təsir nəticəsində əzilib və biri aşkar olunmamışdır. Sayğac istismara yararsızdır Buna görə cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat borc hesablanmışdır. Tərəflər G-4 markalı, **********0 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onun hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombları kənar təsir nəticəsində əzilməsi və birinin aşkar olunmaması ilə bağlı heç bir qeyd aparılmadığından, bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Qazax şəhəri, H.Əliyev küçəsi ev 122 ünvanında yaşayan abonent İddiaçı ünvanı üzrə qaz sərfinə görə hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar