Məhkəmə qərarları › İş №2(023)-80/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-80/2024

22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-80/2024 22.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil Fəxrəddin oğlunun iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 22 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı əsasında Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən ümumi sahəsi 0,25 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verilməsinə dair JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “Ərizəçi Hüseyn qızına” aid hissədə Ərizəçi” məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Qazax rayonu İkinci Şıxlı kəndində 0,25 ha ümumi sahəsi həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı “Ərizəçi” əvəzinə yanlış olaraq “Ərizəçi Hüseyn qızı” kimi qeyd edilmişdir. Halbuki bütün sənədlərində onun adı “Ərizəçi” kimi qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair çıxarış alınması üçün onun hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, Vəkil ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş Ərizəçi atası X8, anası X2r. JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi X9, X5, X1, Ərizəçi Hüseyn qızı, X6 və X3 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın İkinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-16-12-21/2-613/2023 saylı arayışından görünür ki, JN-621A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X4 kənd sakini Ərizəçi adı səhvən Ərizəçi Hüseyn qızı kimi yazılmışdır. İkici Şıxlı kəndində adı qeyd olunan vətəndaşdan başqa bu adda heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN- 621A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı “Ərizəçi” kimi göstərilsə də, JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən “Ərizəçi Hüseyn qızı” kimi göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “Ərizəçi Hüseyn qızı” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – doğum haqqında şəhadətnamənin surəti, JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair çıxarışın alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “Ərizəçi Hüseyn qızına” aid hissədə “Ərizəçi” məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN–621A KOD 50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “Ərizəçi Hüseyn qızına” aid hissədə “Ərizəçi” məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar