Məhkəmə qərarları › İş №2(023)-814/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-814/2023

23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-814/2023 23.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Ərizəçi iştirakları ilə, Ərizəçi hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarı ilə JN-539 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarına əsasən 1,77 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş JN-539 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında onun adı “Ərizəçi” əvəzinə “X4” kimi səhv qeyd edilmişdir. Halbuki ona məxsus bütün sənədlərində onun adı Ərizəçi kimi göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinin alqı-satqısı ilə bağlı müəyyən sənədləşmənin aparılması üçün ona çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1953-cü il tarixdə doğulmuş Ərizəçi atası X6, anası X8r. İş materiallarında olan nigahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə Ərizəçi 27 dekabr 1975-ci ildə 20 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Yaqubova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan, JN-539 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Aslanbəyli kəndində yerləşən 1.77 hektar torpaq sahəsi X11, X4, X7, X9 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qazax RİHB-nın Aslanbəyli kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-4-12-21/2-248/2023 saylı arayışından görünür ki, JN-539 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi adı səhvən X2 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-539 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında “X4” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X4” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-539 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının, doğum və nikah haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə vərəsəliyin həyata keçirilməsi ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-539 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının “X4”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-539 KOD 50100018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının “X4”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar