Məhkəmə qərarları › İş №2(023)-87/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-87/2025

18.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-87/2025 18.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X16 qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax Rayon Notariat ofisinə qarşı «vərəsəlik payının müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax Rayon Notariat ofisinə qarşı Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızından qalan mirasın - pul vəsaitinin vərəsəlik qaydasında qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpasına və mərhum anası Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızından qalmış mirasa dair payların müəyyən tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı ərizəni onunla əsaslandırmışdır ki, anası Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızı xx.xx.2021-ci il tarixində dünyasını dəyişmişdir. Buna dair ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum anası Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızından qalan miras əmlakın-pul vəsaitinin qəbul edilməsi üçün o rəsmi olaraq aidiyyatı qurumlara müraciət etmişdir. Həmin pul vəsaiti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döylət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X36 Filialında saxlanılır. Lakin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax rayon Notariat Ofisi tərəfindən verilmiş 757 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən, mərhum anası Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızından qalan miras əmlaka dair vərəsəlik işinin açılmasından imtina olunmuşdur. Anasının itkisi ona çox pis və mənfi təsir etdiyindən, onun və yaxın ailə üzvlərinin və yaxın ailə üzvlərinin başı dəfn və yas mərasimlərinə qarışdığından, vərəsəliyin qəbulunu düşünə bilməmiş, həmin müddəti bu üzrlü səbəblərdən gecikdirmişdir. Daha sonra isə özünü toparlayıb mirasın qəbulu üçün addımlar atmağa çalışsa da, bu hüquqlardan məhrum olmuşdur. Göründüyü kimi, o qanunla müəyyən edilmiş qaydada və müddətdə miras əmlakın qəbulunu üzrlü səbəbdən ötürmüşdür. Həmçinin, mərhum anası vəfat edəndən sonra dərin sarsıntı keçirmiş, depressiyaya düşmüşdür. Belə ki, anası ilə olan bağlılığına görə o, onun ölümü ilə barışa bilməmiş, uzun müddət onun yoxluğunu qəbullana bilməmişdir. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də aydın olduğu kimi, digər vərəsələrin sözügedən miras əmlaka dair heç bir tələbləri yoxdur, ümumiyyətlə, miras əmlakın bölünməsi ilə bağlı bir mübahisə mövcud deyildir. Belə olan halda, mərhum anası Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızından qalan miras əmlaka dair vərəsəlik hüququnun bərpa edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalır. İddiaçı iddiasına dair dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, mirası qəbul etdiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X7 (Allahverdiyeva) Tərbiyə Əjdər qızından miras qalmış 12900,53 manat məbləğində pul vəsaitinə özünün tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, anasının 5 övladı vardır, puldan başqa mirası yoxdur. Anası sağ olarkən qış vaxtlarında Bakı şəhərində yaşayırdı, yay aylarında isə o mənzuniyyətə çıxıb kənddəki evdə yaşayırdılar. Kəndə olan ev Alimin evidir. Anası Sumqayıt şəhərində bacısının evində vəfat etmiş, lakin Qazaxda dəfn olunmuşdur. Bacı qardaşlarından Qəmzə, Maisə və Elşan vəfat etmişdir. Anası vəfat edəndən sonra anasında daşınmaz əmlak qalmasada ondan qalmış müəyyən qızıl-zinət əşyası olan (üzük) qəbul etmişdir. Vərəsələr arasında heç bir mübahisə yoxdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 bildirdi ki, 3 qardaş iki bacı olmuşlar. Bacısı Qəmzə və qardaşı Elşan vəfat etmişdir. Hazırda dörd nəfər sağ qalmışlar. Mirasdan imtina edir və iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 bildirdi ki, mirasdan imtina edir və iddianın təmin olunmasına etiraz etmir. Qazax rayon Notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X25 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, iddiaçı onun bibisi oğludur. Tərbiyənin bir üzüyü vardır və həmin üzüyü Fəxrəddin qəbul edərək sahiblik etmişdir. X8 vəfat edəndən sonra mirası İddiaçı qəbul etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, iddiaçı onun xalası oğludur. X8 vəfat edəndən sonra miras qalan qızıl-zinət əşyasını İddiaçı qəbul edərək sahiblik etmişdir. Mirasdan bir üzük var idi onuda Fəxrəddin qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qazax rayon notariat ofisinin məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 miras əmlakın qəbul edilməsi faktına dair qanlunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməmisi səbəbindən məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 xx.xx.1955-ci il tarixdə rəsmi qaydada evlənmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş, ata qrafasında X9 ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1955-ci il tarixdə anadan olmuş, ata qrafasında X9 ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1961-ci il tarixdə anadan olmuş, ata qrafasında X9 ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1964-cü il tarixdə anadan olmuş, ata qrafasında X9 ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan 2xx.xx.2024-cü il tarixdə arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X2 aid xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan doğum haqqında arayışın surətindən görünür ki, X14 xx.xx.1960-cı il tarixdə anadan olmuş, ata qrafasında X9 ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1962-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında arayışın surətindən görünür ki, X18 xx.xx.1963-cü il tarixdə anadan olmuş, ata qrafasında X9 ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1964-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 X14, X13, X18, X17, Alməmmədopva (Abuşova) Qəmzə Rasim qızı adlı övladları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X36 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 adına Mərkəzi filialının hesabında 12900,53 manat məbləğində pul vəsaiti qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X13 anası X3 qalmış mirasdan heç bir pay istəmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X19 anası X3 qalmış mirasdan heç bir pay istəmir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1991-ci il tarixdə anadan olmuş, ata qrafasında X33 ana qrafasında isə X10 qeyd edilmişdir. İş materiallarında olan 8İ-2414 saylı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X25 nənəsi X3 ona çatası vərəsəlik payına dair huquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr dairəsinə daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1979-cu il tarixdə anadan olmuş, ata qrafasında X33 ana qrafasında isə X4 qeyd edilmişdir. İş materiallarında olan 8İ-1252 saylı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X24 xx.xx.2021-ci ildə vəfat etmiş nənəsi X5 ölümündən sonra miras qalmış əmlakdan xx.xx.2024-cü ildə ölmüş anası X21 düşən payın ona çatası hissəsi üçün nə notarius ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmişdir. İş materiallarında olan 8İ-329 saylı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X17 annası X3 ona çatası vərəsəlik payına dair huquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr dairəsinə daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X15 xx.xx.1978-ci il tarixdə rəsmi qaydada evlənmişlər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, iddiaçını anası Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızı xx.xx.2021-ci il tarixində dünyasını dəyişmişdir. Buna dair ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızından qalan miras əmlakın - pul vəsaitinin qəbul edilməsi üçün iddiaçı rəsmi olaraq aidiyyatı qurumlara müraciət etmişdir. Həmin pul vəsaiti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döylət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X36 Filialında saxlanılır. Lakin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax rayon Notariat Ofisi tərəfindən verilmiş 757 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən, mərhum Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızından qalan miras əmlaka dair vərəsəlik işinin açılmasından imtina olunmuşdur. İddiaçının anasının itkisi ona çox pis və mənfi təsir etdiyindən, onun və yaxın ailə üzvlərinin və yaxın ailə üzvlərinin başı dəfn və yas mərasimlərinə qarışdığından, rəsmi olaraq notariat orqanına müraciəti gecikdirmişdir. Göründüyü kimi iddiaçı mərhumdan miras qalmış qızıl üzüyü faktiki qəbul etmiş və onun sahibliyində olmuşdur. İddiaçının izahatı və şahid ifadələri qeyd olunan xüsusat öz təsdiqini tapmışdır. Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızının digər vərəsələri mirasdan imtina etmişlər. Bununla da Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızından miras qalmış qızıl-zinət əşyasını qəbul edərək mirasın bir hissəsini qəbul etmiş və bunula da mirası bütövlükdə qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, İddiaçı anasından miras qalmış mirasın bir hissəsini qəbul etmiş və bununlada mirasdan pay qəbul etmiş sayılır. Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə iclasında iştirak edən digər vərəsələr isə mirasın payının müəyyən olunmasına razı olduqlarını bildirmişlər. Buna görə də Alməmmədova (Allahverdiyeva) Tərbiyə Əjdər qızına məxsus olmuş puldan ibarət ona miras İddiaçı tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X7 (Allahverdiyeva) Tərbiyə Əjdər qızından miras qalmış 12900,53 manat məbləğində pul vəsaiti İddiaçı tam payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X7 (Allahverdiyeva) Tərbiyə Əjdər qızından miras qalmış 12900,53 manat məbləğində pul vəsaitinə İddiaçı tam payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar