Məhkəmə qərarları › İş №2(024)-154/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-154/2024

19.01.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-154/2024 19.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızının iştirakı ilə. Ərizəçi Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızının Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT0182023-01577 nömrəli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin məcburi icra edilməsi, barışıq sazişi üzrə alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanması barədə ərizəsinə dair mülki işə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Ərizəçi Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızı məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT0182023-01577 nömrəli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin məcburi icra edilməsi, barışıq sazişi üzrə alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərlə lazımi qaydada məlumat verilmiş, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızı məhkəmə iclasında izahat verərək göstərdi ki, Maraqlı şəxs ilə nikahlarını rəsmi olaraq xx.xx.2010-cu il tarixdə Qax rayon Qıpçaq kənd İƏD-si üzrə Nümayəndəliyində qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2006-cı il tarixdə doğulmuş X1, xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2009-cu ildə anadan olmuş X4 adlı uşaqları var. O və Maraqlı şəxs arasında bağlanmış boşanmadan sonra uşaqların özünün yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs 2023-cü ilin avqust ayının 25-dən başlayaraq hər ay hər üç uşaq üçün ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq mənə ödənilməsi ilə bağlı razılığa gəlmiş və mediasiya prosesində bu barədə xx.xx.2023-cü il tarixli MŞŞ/MT0182023-01577 nömrəli barışıq sazişi bağlamışdır. O, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (024)-489/2023 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması qət edilmiş, onların birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların nikahın pozulmasından sonra özünün yanında qalması və uşağın saxlanması üçün aliment tutulması ilə bağlı tərəflərin mediasiya prosesində öz aralarında könüllü razılığa gələrək barışıq sazişi bağlamaqları nəzərə alınmışdır. Hazırda Maraqlı şəxs barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliyini yerinə yetirmir və uşaqların saxlanması üçün ona ödəməli olduğu alimenti vermir. Bu səbəbdən Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli MŞŞ/MT01822023-01577 nömrəli barışıq sazişi, Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(024)-489/2023 nömrəli qətnaməsi ilə müəyyən edildi ki, Maraqlı şəxs ilə Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızının nikahları xx.xx.2010-cu ildə bağlanmış, onların birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş X1, xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2009-cu ildə anadan olmuş X4 adlı övladları var. Tərəflər aralarında bağlanmış nikahın pozulması, boşanmadan sonra da uşaqların özünün yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs 2023-cü ilin avqust ayının 25-dən başlayaraq hər ay hər üç uşaq üçün ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi ilə bağlı razılığa gəlmiş və mediasiya prosesində bu barədə barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyinə görə Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hazırda ərizəçi Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızı Maraqlı şəxs barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliyini yerinə yetirmədiyini və uşaqların saxlanması üçün ona ödəməli olduğu alimenti verməkdən yarandığını bildirərək onunla aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Beləliklə də məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb üzrə məhkəmə alimentin miqdarı ilə bağlı məsələni deyil, barışıq sazişinin bağlanması zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını yoxlayır və bunun nəticəsi olaraq barışıq sazişinin təsdiq edilib-edilməməsi məsələsinə hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT0182023nömrəli barışıq sazişinin şərtlərindən görünür ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində alimentin 2023-cü ilin avqust ayının 25-dən tutulması qərara alınmış və hər iki tərəf həmin barışıq sazişinin şərtlərini qəbul edərək sazişi imzalamışlar. Qeyd olunan barışıq sazişi üzrə indiyədək hər hansı məbləğdə aliment ödənilmədiyini də ərizəçi təsdiq edir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş azyaşlı xx.xx.2006cı il tarixdə doğulmuş X1, xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2009cu ildə anadan olmuş X4 adlı uşaqların saxlanması üçün alimentin tutulması ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, barışıq sazişinin şərtlərinə uyğun olaraq barışıq sazişində qeyd edilmiş xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1ci maddələrinin məzmununa görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, Maraqlı şəxs 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT0182023-01577 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişi məcburi icra edilərək Maraqlı şəxs xx.xx.2006-cı il tarixdə doğulmuş X1, xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay üç uşaq üçün ümumilikdə 200 manat sabit pul məbləğində aliment alınaraq ərizəçi Süleymanova (Bəbəşova) Gülqələm Həşim qızına ödənilsin. Alimentin tutulmasının əvvəli barışıq sazişində razılaşdırılmış xx.xx.2023-cü il tarixdən hesablansın. Maraqlı şəxs 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar