Məhkəmə qərarları › İş №2(024)-23/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-23/2025

31.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-23/2025 31.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi. Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi» barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla qanunsuz çəkdiyi hasarın sökülməsi, Cavabdeh həmin hasarın üstündə tikdirdiyi üst tikilisinin (yarımçıq binanın) hasardan 0.70 metr ara məsafəsində olan hissədə sökülməsi, onunla cavabdeh arasında qanuni əsaslarla inşa ediləcək ortaq divar boyunca cavabdehə, ona məxsus torpaq sahəsində qanunla müəyyən edilmiş 0.70 metr ara məsafəsində riayət edilməyən hər hansı bir tikilinin aparılmasının qadağan edilməsi, hüquqi yardım üçün vəkilə ödədiyi 820 manatın, dövlət rüsumu üçün ödədiyi 110 manatın, cəmi 930 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Qax Rayon Məhkəməsinin 2(024)413/2023 №li, 16 may 2023-cü il tarixli qərardadı ilə mülki iş icraata götürülmüş və məhkəmə iclaslarının yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Qax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla qanunsuz çəkdiyi daş hasarın sökülməsi barədə iddiası rədd edilməsi, iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 820 manat, dövlət rüsumu olaraq ödədiyi 110 manat olmaqla, cəmi 930 manat pul iddiaçının özünə aid edilməsi qət edilmişdir. Eyni zamanda Qax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı hasarın üstündə tikdirdiyi üst tikilisinin (yarımçıq binanın) hasardan 0.70 metr ara məsafəsində olan hissədə sökülməsi, onunla cavabdeh arasında qanuni əsaslarla inşa ediləcək ortaq divar boyunca cavabdehə, ona məxsus torpaq sahəsində qanunla müəyyən edilmiş 0.70 metr ara məsafəsinə riayət edilməyən hər hansı bir tikilinin aparılmasına qadağan edilməsi tələbi üzrə icraat, iddiaçı X3 Cavabdeh qarşı hasarın üstündə tikdirdiyi üst tikilisinin (yarımçıq binanın) onun həyətyanı hissəsinə keçən hissəsinin sökülməsi tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Qax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərardadına əsasən yuxarıda qeyd olunan tələb üzrə ytkün məhkəmə aktı təqbul olunub qanuni qüvvəyə mindiyi üçün İddiaçı Cavabdeh qarşı «qanunsuz tikililərin sökülməsi» tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 iyun 2013-cü il tarixdə Qax rayon İlisu Bələdiyyəsi ilə AN-1 ******* №li alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin 1-ci bəndinə uyğun olaraq Qax rayon İlisu Bələdiyyəsi Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi 22 may 2013-cü il tarixli, 857 saylı arayışa, Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********65 olan, Seriya RX ******* №li, 30 aprel 2013-cü il tarixli Çıxarışa əsasən Qax rayonunu, İlisu kəndində yerləşən 0.04 ha olan həyətyanı torpaq sahəsini onun mülkiyyətinə vermişdir. Göstərilən torpaq sahəsinin alınması üçün Müqavilənin 3-cü bəndinə uyğun olaraq 400 manat pul ödəmişdir. Müqavilənin 4-cü maddəsində göstərilir ki, müqavilənin predmeti olan torpaq sahəsi sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin sahənin müvafiq qeydiyyat tarixindən əmələ gəlir. Həmin yerdə torpaq sahəsinin alınmasında məqsədi atası ilə qonşuluqda fərdi yaşayış evi tikib yaşamaq olmuşdur. Belə ki, X2, aldığı torpağa bitişik sahədə 0.13 ha torpaq sahəsi alaraq orada iki mərtəbəli fərdi yaşayış evi tikmiş və hazırda orada da yaşayır. X2, özünün həmin fərdi yaşayış evinə Reyestr **********94-10301 №li, ********** №li, 2016-cı il tarixli Çıxarış almışdır. Onun və atasının fərdi yaşayış evinin torpaq sahəsi Cavabdeh ilə həmsərhəddir. Əvvəllər onların cavabdehlə torpaq sahəsi dəmir tor (setka) vasitəsi ilə ayrılırdı. Dəmir tor heç bir tərəfin hüquqlarını pozmadan çəkilmişdir. Atası həyətində həmin setkadan öz torpaq sahəsinə irəli çəkilməklə 1 (bir) metr aralı məsafədə yardımçı tikili inşa etmişdir. Onların həmin evdə olmamasından istifadə edən (onların kəndin köhnə ərazisində də evi vardır) cavabdeh dəmir toru sökərək onu daş divarla əvəz etmişdir. Bu zaman o hasarı sərhəddi pozmaqla çəkərək onu atasının evinin divarına söykəmişdir. Elə vizual baxanda da divarın çəpəki çəkilməsi görünür. O, demək olar ki, istər hasarın çəkilməsində, istərsə də fərdi yaşayış evinin və digər tikililərin aparılmasında qanun pozuntusuna yol verərək onun və atasının torpaq sahəsini zəbt etmişdir. Bununla əlaqədar o, və atası müxtəlif dövlət orqanlarına müraciət etmişlər. Belə ki, cavabdeh onun və atasının torpaq sahəsinə müdaxilə edərək, sərhəddi pozmaqla hasar çəkmiş, hasarının üstündə qanunvericiliyə əsasən, hasardan sonra 0.70 m aralıq məsafəni gözləmədən özünə yeni mətbəx tikmişdir. Qax rayon torpaq şöbəsinə müraciəti ilə əlaqədar həmin şöbənin rəisi və digər əməkdaşları cavabdehə hərəkətlərinin qanunsuz olduğunu izah etmişlər. Bundan əlavə cavabdeh ona məxsus torpaq sahəsini zəbt etməkdən əlavə, həm də qanunsuz çəkdiyi həmin hasarın üstündə yeni yaşayış evi tikir. Bununla əlaqədar onun iştirakı ilə Qax rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəxrəddin Nəsibov, İlisu kənd İƏD üzrə nümayəndəsi Həşim Həsənov, İlisu Bələdiyyəsinin sədri Elman Xəlilov və atası Baba Babayevin iştirakı ilə 08 dekabr 2021-ci il tarixdə Akt tərtib edildi. Həmin aktda göstərilir: «Baxış zamanı müəyyən etmişlər ki, İlisu kənd sakini Cavabdeh həyətyanı torpaq sahəsi vətəndaşın torpaq sahəsi ilə sərhəddir. Cavabdeh sərhəd divarının üstündə normativ nəzərə alınmadan yardımçı bina tikmişdir». Cavabdehin atasının və onun torpaq sahəsində qanunsuz tikililərin sökülməsi barədə məhkəmədə atası tərəfindən iddia qaldırmış, həmin iddia hal-hazırda məhkəmənin icraatındadır. Qax rayon məhkəməsi tərəfindən təyin olunan ekspertiza rəyindən apellyasiya şikayətində narazılığını bildirdiyinə görə Şəki Apellyasiya məhkəməsində işə baxılarkən iki dəfə ekspertiza keçirilmiş, hər iki halda cavabdehin onun torpaq sahəsinə keçməklə hasar çəkməsi və həmin hasarın üstündə yardımçı tikili aparması müəyyən olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(107)26/2023 №li qətnaməsində göstərilir: «Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən Cavabdeh tərəfindən çəkilmiş olan hasarın iddiaçı X4 məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmamasının müəyyən olunması, Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikilinin iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsinin müəyyən olunması ilə əsaslandırmışdır. İddiaçının apellyasiya şikayəti üzrə işə baxılarkən keçirilmiş ekspertiza tədqiqatları nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 sentyabr 2022-ci il tarixli 10/5389 №li rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisi S.Ağabalayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən «İlisuda Cavabdeh tərəfindən çəkilmiş hasar İlisuda iddiaçı X4 məxsus **********94 №li çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş 3-cü döngə nöqtəsindən 8-ci döngə nöqtəsinə kimi olan məsafədə 30 sm enində cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq bina) yerquruluşu planında göstərilmişdir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi 22 may 2013-cü il tarixli çıxarışa əsasən Qax rayonu, İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Apellyasiya şikayətinə baxan məhkəmə cavabdehin qanunsuzluq edərək ona məxsus ərazidə hasar çəkməsini və daha bir qanunsuzluq edərək həmin sərhəddi pozmaqla çəkdiyi hasarın üzərində özünə yeni əlavə bir yarımçıq yaşayış evi tikməsini müəyyən etmişdir. Şəki Apellyasiya Məhkəməsi ona məxsus həmin torpaq sahəsində tikilən hasarın və yarımçıq tikilinin sökülməsi barədə qərar çıxarmamışdır. Belə ki, məhkəmə hesab etmişdir: «İkincisi, iddiaçının sökülməsini tələb etdiyi üst tikili (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 2-3 döngə nöqtələrində göstərilmiş 2,6 metr uzunluğunda olmaqla cəmi 2 kv.m olan hissəsi iddiaçının mülkiyyətində olan **********94-10301 №li çıxarışda göstərilən torpaq sahəsində yerləşmir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi 22 may 2013-cü il tarixli çıxarışa əsasən Qax rayonu, İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Hazırki iş üzrə nə İlisu Bələdiyyəsi tərəfindən, nə də İddiaçı tərəfindən iddiaçı X4 həmin hissə ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnu verən etibarnamə verilməmişdir. Yəni, iddia tələbinin həmin hissəsinin irəli sürülməsinə iddiaçının subyektiv hüquq yoxdur». Bu səbəddən də o, hazırkı tələblə məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iki mülki iş mövcud olmuşdur. Biri X2nun, biri də özünün işi. İki işə də eyni vaxta baxılmışdır, həm atasının, həm də özünün işinə. Apellyasiya məhkəməsi işləri ayırmış və baxaraq birinci instansiya məhkəməsinə, yəni Qax Rayon Məhkəməsinə göndərmiş, atasının işinə baxılmışdır. Qərar qəbul edildi ki, atasının iddiaçı olduğu işə tam baxıldıqdan sonra özünün işinə də baxılsın. O, da məhkəməyə gələrək ərizə ilə müraciət etmişdir ki, işə baxılsın. Ekspertiza rəyləri var, baş memarın rəyi var, bələdiyyənin rəyi var, öz rəylərini veriblər, akt tərtib ediblər. Neçə ekspert gəlib, hamısı da təsdiq edib ki, qonşu sərhəddi pozmuşdur. Hasar və onun üstündə tikilmiş tikili qanunsuz hesab olunub. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli əraziyə gəlib yerində baxış keçirilmişdir. Neçənci dəfərdir ki, burada da olubdur. Onu dinc qoymurlar. Qərar qəbul olunmuşdur. İndi iddiaçı tərəf ondan nə istəyir, bilmir. İddianın rədd edilməsini xahiş edir. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi 22 may 2013-cü il tarixli, 857 saylı arayışa, Qeydiyyat ********** №li, Reyestr **********65 №li, Seriya RX№ ******* №li, 30 aprel 2013-cü il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu, İlisu kəndində yerləşən 0.04 ha olan həyətyanı torpaq sahəsi İlisu Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan 10 iyun 2013-cü il tarixli, AN-1 ******* №li alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu, İlisu kəndində yerləşən 0.04 ha olan həyətyanı torpaq sahəsi Qax rayonu, İlisu Bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin verdiyi 30 dekabr 2023-cü il tarixli, 3-16/2-10/6153 №li rəydən görünür ki, tədqiq olunan ünvanda baxış zamanı ölçü işləri nəticəsində mübahisə predmeti olan hasar tikilisinin iddiaçının istifadəsində olan torpaq sahəsinin 0.7 metr (30 sm) daxilində inşa edildiyi müəyyən edilmişdir. İş üzrə cavabdeh tərəfindən mübahisə predmeti olan hasar tikilisinə bitişik olmaqla yarımçıq tikilinin inşa edildiyi müəyyən edilir. Tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan hasar tikilisindən 0.7 metr (70 sm) ara məsafəsində hər hansı bir tikili aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu, İlisu kəndində qeydiyyatdadır. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı ilə Qax rayon İlisu Bələdiyyəsi arasında 10 iyun 2013-cü il tarixdə AN-1 ******* №li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə uyğun olaraq Qax rayonu, İlisu Bələdiyyəsi Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, 857 №li arayışa, Qeydiyyat ********** №li, Reyestr **********65 №li, Seriya RX № 0129686, 30 aprel 2013-cü il tarixli Çıxarışa əsasən Qax rayonu, İlisu kəndində yerləşən 0.04 ha olan həyətyanı torpaq sahəsini onun mülkiyyətinə vermişdir. İddiaçı cavabdehin ona aid torpaq sahəsində qanunsuz hasar çəkməklə və üst tikilini aparmaqla onun mülkiyyət hüququnu pozmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hazırkı iddianın mahiyyətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı İddiaçı Cavabdeh qarşı hasarın üstündə tikdirdiyi üst tikilisinin (yarımçıq binanın) hasardan 0.70 metr ara məsafəsində olan hissədə sökülməsi, onunla cavabdeh arasında qanuni əsaslarla inşa ediləcək ortaq divar boyunca cavabdehə, ona məxsus torpaq sahəsində qanunla müəyyən edilmiş 0.70 metr ara məsafəsinə riayət edilməyən hər hansı bir tikilinin aparılmasına qadağan edilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinin «Cavabdeh qarşı hasarın üstündə tikdirdiyi üst tikilisinin (yarımçıq binanın) hasardan 0.70 metr ara məsafəsində olan hissədə sökülməsi» ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı hazırkı tələblə bağlı iddia ərizəsi ilə müraciət etdikdən sonra iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin eksperti tərəfindən ekspert qarşısında qoyulmuş suallar cavablandırılmış, verilmiş 30 dekabr 2023-cü il tarixli, 3-16/2-10/6153 №li ekspert rəyə əsasən, tədqiq olunan ünvanda baxış zamanı ölçü işləri nəticəsində mübahisə predmeti olan hasar tikilisinin iddiaçının istifadəsində olan torpaq sahəsinin 0.7 metr (30 sm) daxilində inşa edildiyinin müəyyən edilməsi, iş üzrə cavabdeh tərəfindən mübahisə predmeti olan hasar tikilisinə bitişik olmaqla yarımçıq tikilinin inşa edildiyi müəyyən edilməsi və tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan hasar tikilisindən 0.7 metr (70 sm) ara məsafəsində hər hansı bir tikili aşkar edilməməsi müəyyən edilmişdir. Məhkəmə tələbin həmin hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh ona məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla qanunsuz çəkdiyi hasarın sökülməsi tələbi ilə bağlı Qax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(024)27/2024 №li qətnaməsində məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddiasının birinci xahişi yəni Cavabdeh ona məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla qanunsuz çəkdiyi hasarın sökülməsi ilə bağlı qeyd olunmalıdır ki, əvvəla tərəflərin mübahisələndirdiyi hər ikisinin sərhədində yerləşən torpaq sahəsi ilə bağlı mübahisəli məsələnin həlli ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiziya təyin olunmuş və İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi mübahisəli daş hasarın yerləşdiyi hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Buna görə də tərəflərin torpaq sahələrinin sərhədində yerləşən mübahisə predmeti olan hasar tikilisinin iddiaçının istifadəsində olan torpaq sahəsinin 0.7 metr uzunluğunda 30 sm enində mübahisəli daş hasarın yerləşdiyi sahə həm iddiaçı həm də cavabdehin qonşu sərhədi olmaqla, həmin sahəyə hər iki tərəf bərabər hüquqludur. Cavabdehin iddia etdiyi kimi hər iki qonşunun torpaq sahələri arasında sərhəd hesab olunan sahəsinin onun tərəfindən və onun vəsaiti hesabına 20 il öncə hörülməsi onun hazırda həmin hasarı sökməsinə haqq vermir. Əgər cavabdeh yuxarıda qeyd edildiyi kimi, hasarın sökülməsini icra etməsi ona məhz hasarın hörülməsində iddiaçının əməyinin olmaması və xərc çəkməməsi səbəbi ilə haqqı olduğunu düşünürsə, bu iddia tələbinə etirazın əsası kimi qəbul edilə bilməz. Çünki nə qədər ki, qonşulardan biri hazırkı işdə cavabdeh mərz (qurğusunun) sərhəddinin olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Bununla da məhkəmə İddiaçı Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla qanunsuz çəkdiyi mübahisə predmeti olan daş hasarın sökülməsi barədə iddiasının rədd edilməsini qət etmişdir. Tələbin hazırda baxılmalı olduğu adı çəkilən qətnamədə qeyd olunan həmin hasara bitişik tikilmiş üst tikilinin (yarımçıq binanın) hasardan 0.70 ara məsafəsində olan hissədə sökülməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, ekspert rəyi ilə müəyyən olunur ki, həmin tikili də hasara bitişikdir. Məhkəmə qeyd edir ki, həmin tikili hasarla eyni hissədə inşa olunmuş, eyni sərhəddədir və tikilinin mövcudluğunun iddiaçıya məxsus əmlaka hər hansı bir ziyan vurması, İddiaçı hüquqlarının pozması müəyyən olunmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının X2nun da Cavabdeh qarşı Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və iddiaçı X3 Cavabdeh qarşı “sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi tələbi”nə dair ilkin iddiası Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-cii l tarixli qətnaməsi ilə əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, ekspertin rəyində mübahisələndirilən torpaq sahələri üzrə naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Cavabdeh tərəfindən çəkilmiş olan hasarın iddiaçı X4 məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaması müəyyən olunması, Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikilinin iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsi müəyyən olunması öz təsdiqini tapmışdır. Baba Babayev isə həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)91/2024 №li 15 avqust 2025-ci il tarixli qətnaməsinə əsasən onun şikayəti təmin edilməmiş və qətnamədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının mövqeyi aşağıdakı kimi olmuşdur: İlkin iddianın mahiyyətindən müəyyən edilir ki, Cavabdeh hasar üzərində apardığı tikili ilk iddiaçının mülkiyyət hüququ olmayan (mütəxəssis rəyindən göstərilir ki, bu torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir) torpaq sahəsində yerləşir. İşdə olan faktlarla isə müəyyən olunur ki, həmin tikilinin qarşısında yerləşən torpaq sahəsi İlisu Bələdiyəsinə məxsus olmuş və bələdiyyə tərəfindən alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmşdır. Bu fakt işdə araşdırılan sübutlarla təsdiq olunur. Göründüyü kimi ilkin iddiaçı Baba Babayevin müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı məxsus torpaq sahəsinə bitişik daş hasarı və üzərində olan tikilinin sökülməsinə olan iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdeh ilə aralarında olan digər daş hasarın sökülməsinə dair iddia tələbi bağlı aşağıdakıları qeyd edir. Əvvəla, qeyd olunmalıdır ki, Cavabdeh tərəfindən çəkilmiş sərhəd barılarının konfiqurasiyasından asıiı olaraq 7-30 sm ölçüdədir. İkincisi, iddiaçı X3 mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi mübahisəli daş hasarın yerləşdiyi hissədə üst-üstə düşür. Buna görə də tərəflərin torpaq sahələrinin sərhədində yerləşən mübahisəli daş hasarın yerləşdiyi sahə həm iddiaçı həm də cavabdehin qonşu sərhədi olmaqla, həmin sahəyə hər iki tərəf bərabər hüquqludur. Üçüncüsü, cavabdehin iddia etdiyi kimi hər iki qonşunun torpaq sahələri arasında sərhəd hesab olunan hasar sahəsinin onun tərəfindən və onun vəsaiti hesabına hörülməsi onun hazırda həmin hasarı sökməsinə haqq vermir. Əgər cavabdeh yuxarıda qeyd edildiyi kimi, hasarın sökülməsini icra etməsi ona məhz hasarına hörülməsində iddiaçının əməyinin olmaması və xərc çəkməməsi səbəbi ilə haqqı olduğunu düşünürsə, bu iddia tələbinə etirazın əsası kimi qəbul edilə bilməz. Çünki nə qədər ki qonşulardan biri hazırkı işdə iddiaçı mərz (qurğusunun) sərhədinin olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. (MMnin 176.,176.2,176.3,) Məhkəmə kollegiyası cavabdehin «onun tərəfindən 7-8 il bundan öncə öz vəsaiti hesabına hasarın çəkilməsi və bu səbəbdəndə ona hasar üzərində hər hansısa hərəkətlərin qadağan edilməsi düzgün hesab etməməsi” barədə etirazı və apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ümumiyyətlə hasar mülkiyyətçinin torpaq sahəsinin başqa torpaq sahələrindən təcrid edilməsi ilə yanaşı birgə yaşayış qaydalarına əməl edilməsi, bir-birinə qarşılıqlı hörmət bəsləmələri, hədsiz təsirlərdən çəkinmələri, həmçinin şəxsi və ailə həyatı ilə bağlı sirlərin qorunmasına xidmət edir. Odur ki, qonşu sərhədlərdə birlikdə hasar çəkilməsi və yaxud çəkilən xərcin bölüşdürülməsi barədə razılıq əldə edə bilərlər. Hal-hazırda isə mübahisəli hasar hər iki mülkiyyətçinin mülkiyyəti daxilindədir bu səbəbdən həmin hasar üzərində hər hansı bir işin aparılması üçün mütləq şəkildə mülkiyyətçilərin qarşılıqlı razılığı tələb olunur. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh hasar üzərində çəkdiyi xərcin yarısını torpaq sahələri bir-birinə bitişik qonşu mülkiyyətçidən tələb edə bilər. Mülkiyyətçilər çəkilən xərc barəsində razılığa gələ bilmədikdə isə mübahisəni məhkəmə qaydasında həll edə bilər. Bunun üçün isə məhkəmədə qonşu torpaq sahələri arasında sərhədin, mərzin müəyyən olunması barədə iddia mövcud olmalıdır. Məhkəmə kollegiyası onu da nəzərdən qaçırmır ki, iddiaçının cavabdehin tikdiyi mübahisəli daş hasarın hər iki qonşuya uzun müddət yəni 7-8 il ərzində sərhəd kimi xidmət etməsinə baxmayaraq bu barədə susması, hazırda həmin daş hasarın sökülməsini tələb etməsi, o, anlama gəlir ki, cavabdeh mübahisəli daş hasarı məhz ilk vaxtlar qanuni sahib iddiaçının razılığı əsasında hörmüşdür. Hazırda uzun müddət istifadə olunan daş hasarın sökülməsinin tələb edilməsi, Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin baş verməsinə gətirib çıxara bilər. Çünki əgər iddiaçının cavabdehə hər iki qonşunun sərhədi hesab olunan daş hasarın tikilməsinə razılıq verməklə və 2004-ci ildən sonra uzun müddət cavabdehdən daş hasarın sökülməsini tələb etməməklə, istifadə etmələri cavabdehdə iddiaçının həmin daş hasardan arxayın istifadə etməsinə güvən yaradan əməllərdir. Bu vəziyyətdə cavabdehin daş hasarın sökülməsini tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasiya ödəmək vəzifəsi yaradır. Məhkəmə xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən hazırkı mübahisənin obyektiv həll edilməsi üçün mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçı Baba Babayev sökülməsini iddia etdiyi hasar və üzərindəki tikili üçüncü şəxs İddiaçı məxsus torpaq sahəsinə bitişikdir. Bundan əlavə ilkin iddiaçı Baba Babayev ilə qarşılıqlı iddiaçı Cavabdeh torpaqları arasındakı tikilmiş 7-30 sm ölçüdə olan hasar qarşılıqlı iddiaçının evinə kimi davam etməklə, həyətyanı torpaq sahələrini bir-birindən təcrid edir. Göründüyü kimi həm ekspertiza rəyi ilə iddiaçının iddia tələbi cavabdehin yaşayış binası üzərində qanunla qorunan gözlənilən mülkiyyət hüququnu poza bilər. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələri qanuni qüvvəsini aldığından preyudisial əhəmiyyətə malikdir və İddiaçı iddia tələbinin həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin ona məxsus torpaq sahəsində qanunla müəyyən edilmiş 0.70 metr ara məsafəsinə riayət edilməyən hər hansı bir tikilinin aparılmasına qadağan edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsində qanunla müəyyən edilmiş 0.70 metr ara məsafəsinə riayət edilməyən hər hansı bir tikilinin aparılması indidən məlum olmayan, mücərrəd halla bağlayır. İddiaçı göstərilən halın mütləq baş verəcəyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən bu iddia tələbini əsaslandıran halı sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən məhkəmə hesab edir ki, tələbin həmin hissəsi də əsassızdır. Mülki Məcəllə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; hüquqdan sui istifadə sayılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50 manat ekspertiza xərci İddiaçı alınaraq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «hasarın üstündə tikdirdiyi üst tikilisinin (yarımçıq binanın) hasardan 0.70 metr ara məsafəsində olan hissədə sökülməsi, onunla cavabdeh arasında qanuni əsaslarla inşa ediləcək ortaq divar boyunca cavabdehə, ona məxsus torpaq sahəsində qanunla müəyyən edilmiş 0.70 metr ara məsafəsinə riayət edilməyən hər hansı bir tikilinin aparılmasına qadağan edilməsi» barədə iddiası əsassız odluğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. 50 manat ekspertiza xərci İddiaçı alınaraq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar