Məhkəmə qərarları › İş №2(024)-255/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-255/2025

24.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-255/2025 24.02.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə Qax şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslə nikahlarından doğulmuş 06 sentyabr 2022-ci il təvəllüdlü X1 üçün ata-Maraqlı şəxs tərəfindən uşaq üçün 27 aprel 2024-cü il tarixdən hesablanmaqla hər ay 190 manat alimentin ödənilməsi barədə 17 fevral 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə Çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs ilə arasında olan nikah Qax Rayon Məhkəməsinin 2(024)243/2023-cu il tarixli, 14 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onların birgə nikahından doğulmuş 06 sentyabr 2022-ci il təvəllüdlü X1 üçün mediasıya təşkilatında barışıq sazişi bağlanmışdır. 17 fevral 2024-cü il tarixli barışıq sazişinə əsasən ata-Maraqlı şəxs tərəfindən uşaq üçün 27 aprel 2024-cü il tarixdən hər ay 190 manat aliment ödəməsi barədə razılığa gəlinmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəçi məhkəməyə teleqram göndərərək uşağı xəstə olduğu üçün keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında göstərdi ki, o, 2024-cü ilin dekabr ayına qədər alimenti ödəmişdir. Ərizəçi Bakı şəhərində yaşayır. O, uşağını görmək üçün ərizəçiyə müraciət etdikdə gəlib Bakı şəhərində görməsini bildirmişdir. Onun isə gəliri və qazanc yeri yoxdur. Buna maddi imkanı yol vermir. Əriəçi ona uşağı ilə ünsiyyətinə mane olur. Alimenti onsuz da ödəməlidir. Barışıq sazişinin təsdiq olunmasına etiraz etmir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin 2(024)-243/2023 №li, 14 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 05 aprel 2022-ci il tarixdə X10 xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 191 №ə qeydə alınmış nikah pozulması və 06 sentyabr 2022-ci il tarixdə doğulmuş X3 iddiaçı Ərizəçi himayəsində olmasının müəyyən edilməsi qət edilmişdir. Qax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 496106 №li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X2 nikahları Qax Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 14 may 2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 05 iyun 2023-cü il tarixdə, 41 №-ə ilə qeydiyyat aparılmışdır. Nikaha xitam verildikdən sorna ərə «Abdullayev» arvada isə «Balayeva» soyadı verilmişdir. İş materiallarında olan «elektron məhkəmə informasiya sistemi»vasitəsi ilə əldə olunmuş qohumluq məlumatlarından görünür ki, X6 06 sentyabr 2022-ci ildə doğulmuşdur. İş materiallarında olan 17 fevral 2024-cü il tarixdə mediasiya reyestrində M-00190 №-ə ilə qeydə alınmış barışıq sazişinin mühüm şərtlərindən görünür ki, ikinci tərəf (Maraqlı şəxs) 06 sentyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 aprel 2024-cü il tarixindən hər ayın son 190 manat sabit pul məbləğində alimenti birinci tərəfə (Ərizəçi ) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sözü gedən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Bu Məcəllənin 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi 17 fevral 2024-cü il tarixdən imzalanmaqla, həmin ilin aprel ayından başlayaraq tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxsi aliment öhdəliyinin icraçısına çevirmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Eyni zamanda, maraqlı şəxs barışıq sazişinin bağlanmasından sonra, yəni 2024-cü ilin aprel ayından başlayaraq hər ayın son həftəsi razılaşdığı aliment məbləğini ərizəçiyə könüllü şəkildə ödəməli olmasına baxmayaraq, bu öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə qanunla müəyyən edilmiş müddət ərzində lazımınca icra edilməsi üçün, ərizə təmin edilməli, 2024-cü ilin aprel ayını 27-dən başlayaraq, hər ayın son həftəsi 06 sentyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay 190 manat sabit pul məbləğində alimentin tutulmasına dair Ərizəçi ilə maraqlı şəxs X6 arasında 17 fevral 2024-cü il tarixdə bağlanmış, mediasiya reyestrində qeydiyyata alınmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının «Dövlət rüsumu haqqında» qanunun 9.1-1ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 42.80 manat məbləğində dövlət rüsumu, Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 2024-cü ilin aprel ayının 27-dən başlayaraq, hər ayın son həftəsi 06 sentyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün maraqlı şəxs X5 Ərizəçi xeyrinə hər ay 190 manat sabit pul məbləğində alimentin tutulmasına dair Ərizəçi qızı ilə Maraqlı şəxs arasında 17 fevral 2024-cü il tarixdə bağlanmış, mediasiya reyestrində qeydiyyata alınmış barışıq sazişi təsdiq edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 42.80 manat məbləğində dövlət rüsumu, Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 manat mediasiya xərci Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar