Məhkəmə qərarları › İş №2(024)-292/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-292/2025

08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-292/2025 08.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona məxsus olan **********00127 saylı elektrik sayğacına qanunsuz hesablanmış 567.49 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkündür və hazırda Qax rayonu, Əmbərçay kəndi ərazisində Kilsəburun adlı ərazidə məskunlaşmışdır. 07 yanvar 2025-ci il tarixdə 19:40-radələrində saat radələrində həyətdə «VAZ 2106» markalı avtomobil olduğunu görmüş və çölə çıxdığı zaman onlar maşını möhkəm sürüb getmişər. Bu hadisə barədə oğlu Nümayəndə DİN-in 102 qaynat xətt xidmətinə müraciət etmişdir. Həmin vaxdan sonra Polis əməkdaşları gəlmiş və onun ərizəsini almışlar. Sabahısı gün isə Dilqəmə Polis şöbəsinə gəlməyi bildirmişlər. Dilqəm sabahısı gün Qax rayon Polis şöbəsinə getmiş və orada ona məlum olmuşdur ki, həmin maşın Azərişıq EŞnin Qax rayon şöbəsinin əməkdaşlarıdır. Araşdırma zamanı məlum olmuşdur ki, Qax EŞ-nin əməkdaşları gecə vaxtı elektrik xətlərinə baxış keçirmiş və ona məxsus olan **********00127 abonent kodlu elektrik sayğacının xətdən ayrıldığı və başqa 0.4 kv-luq qeyri qanuni xətt çəkildiyini aşkar etdikləri barədə 359680 nömrəli akt tərtib etmiş və xx.xx.2025-ci il tarixdə 914000 nömrəli protokolla ona məxsus olan sayğacı Smart tipli sayğacla əvəz etmişlər. Bundan sonra ona 567.49 manat borc hesablanmışdır. Barəsində heç bir inzibati xəta haqqında cərimə tərtib edilməmişdir. Hesab edir ki, borc qanunsuzdur. Qax EŞ-nin əməkdaşları heç bir xəbərdarlıq etmədən mülkiyyət hüququnu kobud şəkildə pozaraq həyətə daxil olmuş və akt tərtib edilmişdir. Həmin akta isə EŞ-nin əməkdaşları özləri imza etmişlər. Ona isə xəbər verilməmişdir. Əyər EŞ-nin əməkdaşları əlavə xətt çəkildiyini aşkar etmişdirlərsə onu çağırıb bu barədə xəbərdar etməli və əlavə hal şahidləri dəvət etməli və akt tərtib edilib onun da iştirakı yazılmalı idi. Hazırda ona məxsus olan smart kartda 567.49 manat borc görünür. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh "xxxx" ASC-in nümayəndəsinin məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz olaraq hesablanmış 567.49 manat borcunun hesabından silinməsi nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qax rayonu, Əmbərçay kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-in enerji satış bazasında İddiaçı adına olmaqla **********00127 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır xx.xx.2025-ci il tarixində "xxxx" ASC-in əməkdaşları N.Şamilzadə, R.Məmmədov, N.Məmmədov və P.Orucov tərəfindən Qax rayonu Əmbərçay kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına «Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin kənar xətt vasitəsilə bir başa şəbəkəyə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar «Elektrik enerjisindən istifadə» Qaydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2025-ci il tarixli, R359680 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 13.01,2025-ci il tarixində Qax EŞ-in əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə yeni PAUD-MP106 tipli elektrik sayğacı ilə quraşdırılaraq möhürlənmiş, bununla bağlı 914000 saylı protokol tərtib olunmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixli, R359680 saylı akta əsasən "xxxx" ASC-in Şimal-Qərb RETSl-in Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 90 gün üçün 0.08 manatla 600 kvt.s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (deyəri 27.00 manat) və 0.13 manatla 3850 kvt.s (dəyəri 500.50 manat) toplamda 575.50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır.Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. «EEİQ»-ın 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarım bəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuiedicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər stehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. «EEİQ-ın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Qax rayonu, Əmbərçay kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2025-ci il tarixlı R359680 saylı akt EEİQ-ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmədən İddiaçı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Azərişıq ASC-nin əməkdaşları onun həyətinə qeyri-qanuni əsassız daxil olmuşlar. Onun etirazı budur. Ona heç bir xəbərdarlıq etmədən öz aralarında akt bağlamış, onların xəbəri olmuş, heç imzası olmamışdır. İddiaçının cərimə olmasınıdan isə sonrada xəbərləri olmuşdur. Məktub gəldikdən sorna iddiaçının xcərimə olunduğunu öyrənmişlər. Onların sonradan xəbəri olmuşdur. Onlara məktub gəldikdən sonra bilmişlər. O müraciət etdikdə bildirmişlər ki, onların qeydiyyatı, mülkiyyəti təsdiq edən sənədi, evi yoxdur. Onlar istədikləri vaxtı oraya girib-çıxa bilərlər. Satışın müdiri və fəhlə də həmin sözü ona qarşı işlətmişlər. Azərişığın nümayəndəsi gəlsin, işıq dirəyi həyətin içərisindədir, sayğacı çıxartsın kənarda quraşdırsın. Nə üçün gecənin bu saatında həyətə öz başına daxil olurlar? Onun da ünvanına təhqiredici ifadələr işlədirlər. Bir də ölçdükləri cihazın nömrəsini akta qeyd etməmişlər. Bildiyi qədər cihaz bir dəfə ekspertizadan keçir. Ekspertizadan keçməsi barədə də orada heç bir şey yazılmamışdır. Xahiş edir ki, ona köməklik göstərilsin. Aprel ayının 14-15-i onlar cərimədən məlumatlı olmuşlar. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-in nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, məişət istehlakçılarında sayğacın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2023-cü il tarixli 914000 nömrəli protokoldan görünür ki, **********00172 kdlu abunə İddiaçı yaşayış sahəsinə quraşdırılmış 22241539 N-li, M-600 tipli, 100 Amper, 230 Voltluq, göstəricisi 000936 olan sayğac çıxarılaraq əvəzinə **********87 №-li, MP-106, 5-80 Apelr, 220 Voltluq, 00000,0 göstəricili sayğac quraşdırılmışdır. 359680 №-li Akt-dan görünür ki, istehlakçıya məxsus fərdi yaşayış evində EEİQnın riayət olunması vəziyyətini müəyyən etmək üçün uçot dəstinə baxış keçirilən zaman aşağıdakılar aşkar edildi. Abonent sayğacdan kənar xətdən istifadə edir. Xətdən çıxan yük J=14.28 (A), P=3.1 20 Hs. Tələb: sayğac smart tipli sayğacla əvəz olunsun. Kənar xətt ləğv edildi. 16 yanvar 2025-ci il tarixli İcra Vərəqindən görünür ki, baxış keçrilən zaman müəyyən olunmuşdur ki. abonent sayğacdan kənar xətdən istifadə edir. Ziyanın hesablama qaydası: Witr=14.28 A x 0.22KV x 24s x 0.7 x 90 gün=4750 kvt s Dəyər: 600 kvts x 0.08 manat=48 manat 300 kvt s 0.09 manat=27 manat 3850 kvt s x 0.13 manat=500.50 manat Cəmi məbləğ 575.50 manat. "xxxx" ASC-in məhkəməyə göndərdiyi ərizədən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli, R359680 saylı akt və aktı təsdiq edən sübutlar tərəfindən «Elektroenergetika Haqqında» Azərbaycan Respublikası qanununun 19.16 maddəsinin tələbinə uyğun olaraq X1 Agentliyinə göndərilmişdir. Tərtib edilmiş akt agentlik tərəfindən əsaslı sayılaraq İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinin tələbinə əsasən MN ******* saylı qərarla 100 manat dəyərində cərimə edilmişdir. Elektroenergetika Haqqında Azərbaycan Respublikası qanununun 19.16 maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma hallan aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qeyd olunanlara əsasən iddianın tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 01 aprel 2025-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, İddiaçı Bahadır qızı Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırılması zamanı işin faktiki halları, tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sübutların bir-biri ilə əlaqəli şəkildə tədqiqi nəticəsində müəyyən etdi ki, Qax rayonu, Əmbərçay kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASCin enerji satış bazasında İddiaçı adına olmaqla **********00127 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-in əməkdaşları tərəfindən Qax rayonu, Əmbərçay kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına «Elektrik enerjisindən istifadə Qaydaları»na uyğun baxış keçirilmişdir. Baxış zamanı İddiaçı yaşayış sahəsində kənar xətt vasitəsilə bir başa şəbəkəyə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar «Elektrik enerjisindən istifadə» Qaydalarının tələbinə uyğun olaraq yuxarıda xx.xx.2025-ci il tarixli, R359680 saylı akt tərtib olunmuş və imzalanmışdır. Tərtib olunmuş akta əsasən xx.xx.2025-ci il tarixində Qax EŞ-in əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə yeni PAUD-MP106 tipli elektrik sayğacı quraşdırılaraq möhürlənmiş, bununla bağlı 914000 saylı protokol tərtib olunmuşdur. Bundan sonra xx.xx.2025-ci iltarixli, R359680 saylı akta əsasən "xxxx" ASC-in Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 90 gün üçün 0.08 manatla 600 kvt.s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (deyəri 27.00 manat) və 0.13 manatla 3850 kvt.s (dəyəri 500.50 manat), ümumilikdə 575.50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Elektrik enerjisindən istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar «Enerji resurslarından istifadə haqqında», «Elektroenergetika haqqında», «Energetika haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.1-ci bəndində qeyd olunmuşdur ki, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 4.1-ci bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunan Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan başqa yuxarıda qeyd olunan «Elektrik enerjisindən istifadə Qaydaların»da qeyd olunur ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaları»nın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.11-ci bəndində qeyd olunmuşdur ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Sadalanan qanunvericilik normalarını rəhbər tutan məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən borc yazılması əsaslı olmuşdur. İlk növbədə ona görə ki, iddiaçının nümayəndəsinin izahatından da bəlli olur ki, sayğac iddiaçının yaşayış sahəsinin həyətində işıq dirəyinə quraşdırılmışdır. Elektrik sayğacı açıq ərazidə deyil, iddiaçının həyətində yerləşir və quraşdırılmış hesablaşma elektrik sayğacının işlək vəziyyətdə olmasına iddiaçı özü cavabdehlik daşıyır. Sadalanan qanunvericilik normalarını rəhbər tutan məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən cərimə yazılması əsaslı olmuşdur. Çünki onun tərəfindən sayğacdan əlavə kənar xətt çəkilmişdir. Bu hal cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş «CD» diskə köçürülmüş videogörüntü ilə də təsdiqini tapır. Aşkar olunan hala görə cavabdeh təşkilatın əməkdaşları tərəfindən müvafiq qərara uyğun olaraq akt tərtib edilmişdir. Həmçinin baş vermiş pozuntu texniki vasitələrlə qeydə alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı E.B.Bayramova cavabdeh təşkilat tərəfindən ona yazılan cərimənin əsassız olması barədə məhkəməyə hər hansı bir əsaslı və mötəbər sübut növü təqdim etməmişdir. Əksinə cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə olunması barədə 01 aprel 2025-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında cərimə olması barədə qərar və sayğacdan kənar xəttin qoşulmasını əks etdirən videogörüntü ilə onun tərəfindən sayğacdan əlavə kənar xətt çəkilməsi öz təsdiqini tapmışdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamə çıxarıldıqda sübutların qiymətləndirilməsi hakim tərəfindən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qiymətləndirilir. Bu sübutlar işin konkret hallarını təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan yazılı və maddi sübutlardan, səs və video yazılardan, ekspert rəylərindən, şahid ifadələrindən və sairdən ibarətdir. Eyni Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iiddia tam olaraq sübuta yetirilməmişdir. İddiaçı tərəfindən kifayət qədər məhkəməyə sübut təqdim olunmamışdır. Təqdim olunmuş sübutlar isə işə baxıb iddianı təmin etmək üçün kifayət etmir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Sözü gedən Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddələsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «X2» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. İddia rədd edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçını ödəməkdən azad olunduğu dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı «cavabdeh tərəfindən ona məxsus olan **********00127 saylı elektrik sayğacına qanunsuz hesablanmış 567.49 manat borcun silinməsi barədə barədə» iddiası təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «cavabdeh tərəfindən ona məxsus olan **********00127 saylı elektrik sayğacına qanunsuz hesablanmış 567.49 manat borcun silinməsi barədə barədə» iddiası iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar